Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib

Oktyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, iclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynlı gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb. Əvvəlcə, Meşə Məcəlləsində, Torpaq Məcəlləsində,  Mülki Məcəllədə, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda məlumat verilib. Bildirilib ki, qanun layihəsi "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli qanunun icrası məqsədilə hazırlanıb.

Belə ki, Mülki Məcəlləyə əsasən girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalarıdır. Lakin daşınar əşyalara münasibətdə girov, daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə isə ipoteka terminindən istifadə olunur. Bu məqsədlə Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, "Torpaq islahatı haqqında", Torpaq bazarı haqqında" və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunlarda müvafiq dəyişiklik - "girov" sözünün "ipoteka" sözü ilə əvəz edilməsi təklif olunur. "Torpaq bazarı haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri "İpoteka haqqında" qanuna uyğun olaraq tənzimlənəcək.

Sonra komitə sədri "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda  təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31