Müvəkkil İsrailin Azərbaycadakı səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsrailin Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli Səfiri Corc Diki qəbul edib. "Olaylar" xəbər verir ki, Müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Qeyd edib ki, beynəlxalq hüququn tələblərini heçə sayan Ermənistanın hərbi və siyasi rəhbərliyi Azərbaycanın mülki yaşayış məntəqələrini intensiv olaraq qadağan olunmuş artilleriya silahlarından atəşə tutur. Bunun nəticəsində Azərbaycanın ikinci böyük şəhəri Gəncə başda olmaqla bır sıra şəhər, rayon və kəndlərində çox sayda mülki şəxs qətlə yetirilib yaxud müxtəlif dərəcəli xəsarətlər alıb. Müvəkkil təəssüflə bildirib ki, qətlə yetirilənlər və yaralananlar arasında uşaqların, qadınların və əlilliyi olan şəxslərin olması Ermənistanın 90-cı illərin əvvəllərində olduğu kimi mülki şəxsləri hədəf alan terror fəaliyyətlərini davam etdirdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31