MVP: “Minsk Qrupu ona olan etimadı tamamilə itirib”

"Son proseslər, Azərbaycanın erməni təxribatına qarşı əks hücuma keçərək işğal altında olan ərazilərini azad etməsi və ölkəmizin haqq işi uğrunda başladığı mübarizəyə mane olmağa yönəlik cəhdlər bir daha sübut etdi ki, bəzi beynəlxalq təşkilatlar, eləcə də dünya dövlətləri separatizm, dövlətlərin ərazi bütövlüyünün pozulması pozulması kimi mənfi halların baş verməsində maraqlıdırlar. Əks halda bu gün dünyanın mütləq əksəriyyət ölkələri və beynəlxalq təşkilatları işğalçının deyil, işğala məruz qalan və bu işğala son qoymaq üçün haqlı mübarizəyə başlayan Azərbaycanın yanında yer alardı".

"OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının ATƏT-in Minsk Qrupunun həmsədrlərinin BMT Təhlükəsizlik Şurasının qapalı toplantısından sonra hazırladıqları bəyanat layihəsinə münasibətində yer alıb. Partiya bəyan edib ki, məlum sənədlə həmsədrlər və onların mənsub olduqları ölkələr bir daha öz simalarını ortaya qoyub və haqlının deyiul, haqsızın, işğalçının maraqlarına xidmət etdiklərini sərgiləyiblər: "Məlum olduğu kimi bu günlərdə BMT Təhlükəsizlik Şurasının  Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qapalı toplantısı keçirildi. Təhlükəsilzik Şurasının qapalı toplantısı Qarabağ probleminə həsr olunsa da, təəssüf hissi ilə qeyd edirik ki, həmin toplantıda da problemin həlli istiqamətində hər hansı bir addım atılmadı. Qurum Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını Ermənistandan tələb etməli olduğu halda, bölgədə atəşkəsin təmin edilməsi, atəşkəsə nəzarət edəcək müşahidəçilərin əraziyə yerləşdirilməsi məsələsi ətrafında fikir mübadiləsi apardılar".

MVP hesab edir ki, bununla da dünyanın bir nömrəli siyasi təsisatı və onun Təhlükəsizlik Şurası Qarabağ probleminin həllində maraqlı olmadığını təsdiqləmiş oldu. Partiyanın açıqlamasında daha sonra qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən Təhlükəsizlik Şurasının Prezidentinin bəyanatının layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Lakin bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən  822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almadı: "Bu faktının özü də bird aha açıq şəkildə göstərdi ki, ATƏT-in Minsk Qrupu və onun həmsədr ölkələrini Dağlıq Qarabağ münaqişəsinin həlli qətiyyən maraqlandırmır. Onlar daha 30 il həmsədrlik missiyasını həyata keçirməklə münaqişənin uzanmasında, Azərbaycan ərazilərinin işğalçı, terrorçu Ermənistana ilhaq edilməsində maraqlıdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, dünyada heç də hamı, bütün beynəlxalq təşkilat və qurumlar həmsədr ölkələr və onların nümayəndələri kimi düşünmür, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını nəzərə alaraq ölkəmizə dəstək nümayiş etdirirlər. Milli Vəhdət Partiyası hesab edir ki, bu mənada Qoşulmama Hərəkatının mövqeyi və həmsədr ölkələrin Təhlükəsizlik Şurasının iclasından sonra qəbul etdiyi bəyanat layihəsinə etirazı xüsusi qeyd edilməlidir: "Məlum olduğu kimi BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə qurumun işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması barədə qəbul edilən qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildiriblər.  Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın yer almasında təkid ediblər.  Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkiblər".

MVP-nin qənaətincə, qeyd edilən məqamlar bir daha onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupundan Dağlıq Qarabağ probleminin həllində hansısa müsbət nəticə gözləməyə dəyməz: "Minsk Qrupu ona olan etimadı tamamilə itirib. Bu azmış kimi qrup artıq bir neçə ildir ki, erməni maraqlarına xidmət edən bir missiya həyata keçirir. Faktiki olaraq bu illər ərzində danışıqlar 4+1 formatında aparılıb. Yəni həmsədr ölkələr, Ermənistan bir tərəfdə, Azərbaycan isə qarşı tərəfdə. Artıq Azərbaycan bu format alt-üst edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31