Azərbaycan akademiklərinin foto qalereyası yaradıldı
Azərbaycan akademiklərinin foto qalereyası yaradıldı
19 Oktyabr 2020 12:12 SosialXX əsrdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir neçə nəsil akademiklər təmsil olunub. Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında böyük xidmətlər göstərmiş alimlərin əksəriyyəti sonrakı illərdə akademiyanın həqiqi və müxbir üzvləri seçilmiş, elm, təhsil və səhiyyə sahələrində rəhbər vəzifələrdə çalışmışlar. Olaylar.az bildirir ki, hazırki mərhələdə də klassik akademiklərin yolunu uğurla davam etdirən və elmimizi daha da zənginləşdirən elm xadimlərimiz kifayət qədərdir.
AMEA hər zaman ölkəmizdə elmi bazanın formalaşması, qorunub saxlanılması və daha da inkişafı işinə sanballı töhfələr verib. Bu önəmli missiyanın icra olunmasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının da (MEK) xüsusi yeri var. Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərin davamı olaraq, MEK-də aparılan islahatların əsas tərkib hissələrindən biri də Akademik fondların yaradılmasıdır. Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş bir prosesdir. Akademik fondlara AMEA-nın Rəyasət Heyətində, elmi müəssisə və təşkilatlarında çalışan və ya çalışmış, eyni zamanda ölkəmizin digər elmi qurumlarında müxtəlif sahələri təmsil edən akademiklərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. kolleksiyalar daxildir. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.
Bununla yanaşı alimlərin cəmiyyətimizdəki əvəzolunmaz roluna, onların elmi yaradıcılığının işıqlandırılmasına, elmi irsinin insanlarımıza çatdırılmasına önəm verən MEK-də Azərbaycan elminə böyük töhfələr vermiş akademiklərimizin fotoşəkillərindən ibarət qalereya yaradılıb. Foto qalereyanın yaradılmasının əsas məqsədi həm yerli, həm də əcnəbi istifadəçilərin Azərbaycanın elm adamlarını yaxından tanımasına şərait yaratmaqdır.
Qeyd edək ki, akademiklərin fotoşəkilləri kitabxananın 2-ci mərtəbəsində, Akademiklər zalının qarşısında nümayiş olunur.