Koronavirusla fəal mübarizə cəbhəyə, əskərlərimizə ən böyük yardım və dəstəkdir

Azərbaycan bu gün iki cəbhədə, iki düşmənlə amansız mübarizə aparır. Biri Qarabağ cəbhəsində mənfur düşmənlərimiz olan ermənilərlə, digəri isə koronavirus deyilən gözəgörünməz xəstəliklə.

Azərbaycan bu gün iki cəbhədə, iki düşmənlə amansız mübarizə aparır. Biri Qarabağ cəbhəsində mənfur düşmənlərimiz olan ermənilərlə, digəri isə koronavirus deyilən gözəgörünməz xəstəliklə. Düzdür, Azərbaycan dövləti sözügedən virusun yayılmağa başladığı ilk gündən ona qarşı effektli, səmərəli mübarizə apararaq pandemiya xarakteri alan bu xəstəliyin ölkə ərazisinə daha çox yayılmamasına nail oldu, qabaqlayıcı tədbirlər, sərt karantin qaydaları ilə vəziyyəti nəzarət altında saxlaya bildi. Lakin hazırda baş verən mövsümü dəyişikliklər, eləcə də digər amillər yenidən pandemiyanın yayılması riskini artırıb. Bu təhlükə təkcə Azərbaycan üçün xarakterik deyil. Eyni zamanda dünyanın hər bir ölkəsi bu təhlükə ilə üz-üzədir. Bu məqamda təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir sıra hallarda pandemiyanın vətəndaşlar tərəfindən ciddiyə alınmaması, eləcə də karantin qaydalarına əməl olunmaması Azərbaycanda da virusun yenidən daha çox yayılması təhlükəsini artırıb. Son günlər artan statistika belə deməyə əsas verir. Hazırkı vəziyyətdə ölkənin tibb heyətinin böyük əksəriyyətinin cəbhə bölgəsində, döyüşlərdə xəsarət alan əsgərlərimizlə bir yerdə olduğunu nəzərə alsaq, indi əvvəlkindən daha çox məsuliyətli olmağımız vacibdir. Bu məqamın ciddiyə alınması bizə mənfur qonşularımız üzərində daha tez qələbə qazanmağımıza da vəsilə ola bilər.

Hazırda ölkə üzrə müşahidə edilən digər bir mənfi tendensiya hər bir vətəndaşın ön cəbhəyə getmək arzusu, düşmənlə üz-üzə döyüşən əsgərlərimizə dəstək olmaq, onlara yardım aparmaq istəyidir. Öz-özlüyündə təbii ki. bu xoşməramlı bir yanaşmadır və vətənpərvərlikdən irəli gəlir. Hər bir Azərbaycan vətəndaşı hansısa formada torpaqlarımızın işğaldan azad edilməsinə öz dəstəyini vermək istəyir. Bu məqsədlə yardım kampaniyaları həyata keçirilir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu addım nə dərəcədə xeyirxah bir əməl olsa da, bir o qədər də təhlükəlidir və ordumuz üçün risklidir.  Bir nəfər virus daşıyıcısı olan vətəndaşımızın əsgərlərimizlə yardım apararkən təması ümumilikdə Silahlı Qüvvələrimiz üçün arzuedilməz mənfi hallara gətirib çıxara bilər. Xüsusilə, hazırda, düşmənlə gərgin müharibə şəraitində döyüşdüyümüz bir vaxtda hansısa kiçik bir xətanın böyük bəlalara səbəb ola biləcəyini unutmamalıyıq. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyir ki,  koronavirusla fəal mübarizə cəbhəyə, əskərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir. Onun sözlərinə görə, son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir, sanitar-epidemoloji durum pisləşir: "Ötən günün statistikasına əsasən koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb. Bu, həyəcan təbilidir, ciddi təhlükədir. Koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlikə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Heç kəs unutmasın ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Hərbçilərimiz sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olur və bu prizmadan hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola, özü də bilmədən Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərində düşən məsuliyyəti dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əskər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Məhz, koronavirusla fəal mübarizə cəbhəyə, əskərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir".

Deputat bildirib ki, hərbçilərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır: "İndi cəmiyyət olaraq qarşımızda duran əsas vəzifə xüsusi karantin rejiminin qaydalarına riayət etmək, maska taxmaq, şəxsi gigiyenanı gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir".

Millət vəkili Könül Nurullayeva da bu qənaətdədir. Deputat da deyib ki, Azərbaycanda son sutkada 369 nəfərin COVID-19-a yoluxması ciddi siqnaldır: "Artıq son 2 həftədə virusa yoluxma sayı ən azı 2 dəfə artıb. Sağalma sayı ilə yoluxma arasında dinamika mənfi istiqamətə dəyişməkdədir. Bu isə o deməkdir ki, yay aylarında ölkəmizdə müşahidə olunan gərgin vəziyyət yenidən qayıda bilər. Nəzərə almaq lazımdr ki, karantin rejimi noyabr ayının 2-nə qədər davam edəcək, eyni zamanda artıq Sabirabad və Şəkidə lokal məhdudiyyətlər tətbiq olunur. Halbuki ölkəmizdə virusun ən kəskin yayıldığı vaxtlarda Şəki ən təhlükəsiz, ən az yoluxmanın qeydə alındığı ərazi idi. Yəni artıq yeni yoluxma ocaqlarının olması vəziyyətin ciddiliyini və təhlükənin miqyasının artdığını göstərir".

Deputatın sözlərinə görə, mütəxəssislər də həyəcan təbili çalaraq bildirirlər ki, payız-qış aylarında respirator xəstəliklərin aktivləşdyini nəzərə alaraq, məsələyə daha ciddi yanaşmalı, virusdan qorunmaq üçün bütün qaydalara əməl olunmalıdır: "İndiki həssas məqamda - Dağlıq Qarabağda hərbi əməliyyatlar fonunda koronavirusla mübarizə ön cəbhəyə ən böyük dəstəkdir. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, koronavirus xəstələrinin bu virusu cəbhəyə ötürməsi hər an baş verə bilər. Bu mənada hər bir vətəndş üzərinə düşən məsuliyyətini dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər deməkdir. Yəni koronavirusla mübarizə bizim üçün strateji əhəmiyyətə malik məsələdir. Sosial məsuliyyətimizi artırmaqla, ilk növbədə, özümüzü, hərbçilərimizi, nəticə etibarı ilə isə dövlətimizi və cəmiyyətimizi qorumuş olarıq".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31