Haqq işimizə layiqli töhfə əsgərlərimizi xəstəlikdən qorumaqdan keçir

Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub

Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Odur ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Məlum olduğu kimi ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir. Çox təəssüf ki, son günlər Ermənistanın ölkəmizə hərbi təxribatı koronavirusa qarşı mübarizəni arxa plana keçirib. Nəticədə koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Daha dəqiq,  yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemoloji durum pisləşib. Görünür, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib.Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insnaları narahat etmir. Ancaq unutmamalıyıq ki, hazırki müharibə şəraitində karantin qaydalarına riayət etməklə həm özümüzün, həm də ön cəbhədə olan əsgərlərimizin sağlamlığını qotumuş oluruq. Məhz bu baxımdan hər bir kəs "güclü əsgər, güclü vətəndaş" devizini özü üçün əsas tutmalıdır.

Nəzərə almaq lazımdır ki, pandemiyaya qarşı mübarizə aparmaqla təkcə özümüzü, yaxınlarımızı deyil, eləcə də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığını qorumuş oluruq. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən milli Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərində düşən vətəndaşlıq borcunu yerinə yetirməli, koronavirusla mübarizədə məsuliyyətini dərk etməlidir. Məlum olduğu kimi Vətən müharibəsi başlanan ilk gündən siyasi mənsubiyyətindən, dini əqidəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı imkanı daxilində orduya yardım göstərir. Ancaq unutmaq olmaz ki, düşmənlə üz-üzə cəbhədə döyüşən əsgər və zabitlərimizin sağlamlığını təmin etmək bütün maddi və mənəvi dəstəkdən üstündür. Odur ki, bu məsələdə hər bir kəs öz məsuliyyətini dərk edərək əsgərlərimizi xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31