COVİD-19 infeksiyasından indi daha çox qorunmalıyıq ki, Azərbaycan ordusuna layiqincə dəstək ola bilək – Pərvanə Vəliyeva
Yay mövsümünün sonlarından başlayaraq Avropa ölkələri və qonşu Türkiyədə yenidən alovlanan koronavirus pandemiyası artıq ölkəmizdə də yeni dalğanın başlanmasının ilk siqnallarını verir.
14 Oktyabr 2020 13:35 Sosial"Yay mövsümünün sonlarından başlayaraq Avropa ölkələri və qonşu Türkiyədə yenidən alovlanan koronavirus pandemiyası artıq ölkəmizdə də yeni dalğanın başlanmasının ilk siqnallarını verir. Son günlərdə ölkəmizdə koronavirusa yoluxma hallarının sayında ciddi artım müşahidə olunur, günlük yoluxma sayı 200-ü ötüb. Havanın temperaturunun və mövsümün dəyişməsi səbəbiylə qrip, zökəm kimi digər respirator xəstəliklər də artıb."
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Sağlamlığ xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bildirib.
Pərvanə Vəliyeva qeyd vedir ki, bir müddət öncə tədris müəssisələrinin açılması ilə ictimai nəqliyyatdan istifadəyə tələbat artıb:
"Belə ki, sərt karantin rejimi dövründə avtobuslarda məsafə gözlənilirdisə, indi ciddi sıxlıq müşahidə olunur, havanın soyuması ilə əlaqədar avtobuslarda pəncərələr də bağlanıb, bu isə yoluxma təhlükəsini daha da artırır. Bundan başqa bəzi ictimai nəqliyyat vasitələrində sərt karantin rejimi müddətində yerləşdirilmiş dezinfeksiyaedicilərin əksəriyyəti boşdur və doldurulmasına ciddi nəzarət olunmur. Digər müşahidə etdiyim hal isə, vətəndaşların tibbi maskadan düzgün istifadə etməməsidir. Maskalar birdəfəlik istifadə üçün nəzərdə tutulub, ağız və burunu tam şəkildə örtməzlərsə, yoluxmanın qaçılmaz olduğunu anlamalıdırlar.
Vətəndaşlarımıza tövsiyyə edərdim ki, əgər özlərində soyuqdəyma, qrip simptomları hiss edərlərsə, evdən çıxmasınlar, özlərini ailə üzvlərindən müəyyən qədər təcrid etsinlər. Əgər evdə bir ailə üzvünün belə soyuqdəymə simptomu varsa, uşaq simptom yaşamasa belə, onu məktəbə göndərməsinlər."
Sağlamlığ xidmət" İctimai Birliyinin icraçı direktoru vurğulayır ki, hal-hazırda müharibə şəraitindəyik və ölkədə ciddi hərbi vəziyyət rejimi davam edir, ordumuzun döyüş meydanında qazandığı zəfərlər Azərbaycan xalqını hədsiz sevindirir:
"Bu da öz növbəsində koronavirusla mübarizəni arxa plana salıb. Lakin pandemiya ilə mübarizə ölkədə hələ də davam edir və peyvənd tətbiq edilənədək, onun qarşısını yalnız özümüz almalıyıq, bu məsələdə sosial məsuliyyətimizi anlayaraq. Bu dövrdə dövlətimizə, ordumuza və o cümlədən, tibb işçilərimizə dəstək olmalıyıq. Cəbhədə yaralı hərbçilərimizə tibbi qayğı daha çox ehtiyacdır, özümüzü koronavirusa yoluxmadan qoruyaq ki, həkimlərimizin iş yükünü də artırmayaq.
Arxa cəbhə olaraq COVİD-19 infeksiyasından indi daha çox qorunmalıyıq, qaydalara ciddi şəkildə riayət etməliyik ki, Azərbaycan ordusuna layiqincə dəstək ola bilək. Çətin dövrdən keçirik, həm gözəgörünməz düşmənlə, həm də mənfur, əzəli düşmənlə cəbhədə mübarizə aparırıq. Azərbaycan xalqı dözümlü, iradəli xalqdır, inanıram ki birlik, güclü həmrəylik nümayiş olunarsa, hər iki düşmən üzərində də qələbə qazanacağıq!"