Hansı yeməklər zəhərləyir? - “Uşaqların qida rasionuna diqqət etmək lazımdır” - HƏKİM

İsti aylarda qidadan zəhərlənmə halları artır. Bu aylarda xüsusən uşaqların qida rasionuna diqqət etmək vacibdir.

İsti aylarda zəhərlənmə riski yaradan qidalar hansılardır? İnsanları qida zəhərlənmələrindən qorumaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var? Suallarımızı həkim-pediatr Gülşən Əliyeva cavablandırır.

-Qida zəhərlənmələrin əsas səbəbi nədir?

-Qida zəhərlənməsinin əsas səbəbi qidanın infeksiyalaşmasıdır. Bu nə deməkdir? Ətraf mühitdə, daim çoxlu sayda mikroblar olur. Səthlərdə, avadanlıqlarda, əllərimizdə, havada, və s. Demək olar ki, hər yerdə. İstifadə etdiyimiz qidalar əsasən də bişmiş qidalar uzun müddət adi otaq temperaturunda və ya istidə qalarsa bu mikroblarla təmasda olur və infeksiyalaşır. Bu temperaturda qidalar, əsasən bişmiş qidalar mikroorqanizmlər üçün optimal mühitdir, onlar orda sürətlə artıb çoxalırlar. Biz infeksiyalaşmış qidaları qəbul edən zaman həmin mikroblar və onların toksinləri bədənə daxil olur və zəhərlənməyə səbəb olur.

Digər bir səbəb ev şəraitində hazırlanan bağlamalar, turşulardır. Tərəvəzlər və meyvələr ya təmiz yuyulmur, ya lazımi müddətdə qaynadılmır bir sözlə tutanın hazırlanması texnikasına düzgün riayət olunmur. Nəticədə bağlı, havasız mühitdə çox təhlükəli anaerob mikrobların (botulizm törədiciləri) inkişafına səbəb olur. Bu mikroblar bədənində ciddi zəhərlənmə törədir, vaxtında yardım olunmasa bədəndə ciddi ağırlaşmalara və ölümə gətirib çıxarır.

İstifadə müddəti ötmüş uzun müddətli qidaların qəbulu zəhərlənməyə səbəb olur. Butun bu zəhərlənmələrin səbəbi qidadan artıb çoxalan müxtəlif mikroblar və onların toksinləridir.

-İsti aylarda hansı qidalar zəhərləyir?

-İsti aylarda əsasən bişmiş qidalar, balıq yeməkləri, dönərlər, soyuq qəlyanaltılar, dərilmiş və kəsilmiş meyvə və tərəvəz, əsasən qarpız, yemiş kəsilmiş vəziyyətdə uzun müddət isti temperaturda qalırsa zəhərlənməyə səbəb olur.

-Zəhərlənməyə ilə nəticələnən bilən qidalardan sığortalanmaq üçün nə etmək olar.

-Bişmiş qidaları tez bir zamanda qəbul etmək lazımdır, əgər qəbul olunmursa 5-6 dərəcədən yuksək temperaturda çox saxlamaq olmaz. Tez xarab olan ərzaqları soyuducuda saxlamaq lazımdır. Əgər mayonezli və xammalı salatlar hazırlanırsa qarışığa mayonez və xamanı süfrəyə verilən zaman yeyiləcək miqdarda qarışdırmaq lazımdır. Mayonezli salatı hətta soyuducuda belə saxlamaq məsləhət deyıl.Tərəvəzlər və meyvələr yaxşı yuyulmalıdır. Uzun müddətli qida aldığımız zaman istifadə müddətinə mütləq baxmaq vacibdir. Meyvə və tərəvəzləri öz mövsümündə yəni təbii yolla yetişən zaman yemək lazımdır. Ev şəraitində bağlamaların hazırlanmasından çəkinmək məsləhətdir.

-Uşaqları qida zəhərlənməsindən qorumaq üçün nə etmək lazımdır?

-Uşaqları qida zəhərlənməsindən qorumaq üçün ilk növbədə yeməklərinə nəzarət etmək lazımdır. Uşaqların gün ərzində qəbul etdiyi hər bir qidadan böyüklərin xəbəri olmalıdır. Uşaqlara təzə bişmiş yemək vermək lazımdır. Boyat yemək verməkdən çəkinməliyik. Restoran və kafelərdə uşaqları çox aparmaq və orada qidalandırmaq məsləhət deyil. Uşaqların əllərinin və qabların təmizliyinə nəzarət etmək lazımdır. Meyvə və tərəvəz yaxşı yuyulmalıdır və mövsümə uyğun vermək lazımdır.

-Yay aylarında qida zəhərlənməsinin qarşısını almaq üçün nə etmək lazımdır. İnsanları məlumatlandırmaq üçün nələri təklif edirsiniz?

-Yay aylarında tez xarab olan məhsulları, bişmiş qidaları, hazır salatları soyuducuda saxlamaq məsləhətdir. Kəsilmiş qarpızı, yemişi və digər meyvələri tez yemək məsləhətdir, saxlamaq olmaz. Tərəvəzlər və meyvələr yaxşı yuyulmalıdır. Qidanın qoxusuna və dadına fikir vermək lazımdır. Xarab olmuş qida infeksiyalaşıb və qəbulu təhlükəlidir. İnsanlara qida zəhərlənmələri haqda informasiya verilməlidir. Bunun üçün televiziya kanallarında və "youtube" və digər sosial şəbəkələrdə reklam çarxları hazırlanmalı, məktəblərdə bu mövzuda dərslər keçirilməlidir. Marketlərdən qida alarkən saxlanma müddətinə diqqət yetirmək vacibdir. Mənbəyi məlum olmayan məhsulları istifadə etmək məsləhət deyil. Süd məhsullarının sterilliyinə əmin olmaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31