Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması ideal vəziyyətdədir
31 Mart 2020 11:55 SosialMedia, kütləvi informasiya vasitələri birmənalı olaraq cəmiyyətin güzgüsüdür. Media bir dövlətdə, ölkədə, cəmiyyətdə mövcud olan bu və ya digər yeniliyi, yaxud problemi insanlara çatdırmaq üçün yeganə vasitədir. Lakin bu vasitənin də öz fəaliyyətini doğru və düzgün qurması, maneəsiz, əngəlsiz fəaliyyət göstərməsi başlıca şərtdir, vəzifədir. Təbii ki, bu vəzifə, şərt isə bir qayda olaraq dövlətlərin, hakimiyyətlərin qarşısında başlıca prinsip olaraq dayanır. Həmin prinsipə, məqsəd və vəzifələrə nə dərəcədə əməl etmək isə heç şübhəsiz ki, hakimiyyətlərdən, hökumətlərdən asılıdır.
Əgər günümüzdə dünya ölkələrinə, həmin ölkələrdə mövcud olan kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzər yetirsək, gəlinən qənatə ondan ibarət olar ki, əksər ölkələrdə kütləvi informasiya vasitələri, mətbuat orqanlarının fəaliyyətinə hər hansı ciddi bir əngəl, maneçilik törədilmir. Düzdür, müəyyən istisna hallar da var və bəzi ölkələrdə kütləvi informasiya vasitələrinin fəaliyyətinə əngəllər törədilir, maneələr yaradılır. Maraqlı tendensiya ondan ibarətdir ki, bu kimi mənfi tendensiya hətta bəzi hallarda demokratiyanın beşiyi hesab edilən Qərb ölkələri, o cümlədən Avropada da müşahidə edilir. Halbuki dünyada medianın reytinq cədvəli, yaxud ayrı-ayrı ölkələrdə kütləvi informasiya vasitələrinin hansı şəraitdə fəaliyyət göstərməsi, onlara dövlətlər, hakimiyyətlər tərəfindən təzyiqlərin olub-olmaması elə Qərb və Avropada mövcud olan beynəlxalq qeyri-hökumət təşkilatları, qurumları tərəfindən təhlil edilir, qiymətləndirilir. Və ən acınacaqlı hal isə ondan ibarətdir ki, qətiyyən Qərb və Avropa ölkələrində kütləvi informasiya vasiyələri, media, mətbuata göstərilən təyiqlər, basqılar, yaxud həmin ölkələrdə baş verən küçə yürüşləri, kütləvi aksiyalar zamanı media təmsilçilərinin polis zorakılığına, fiziki təzyiqlərə məruz qalması heç bir halda həmin hesabatlarda, dəyərləndirmələrdə öz əksini tapmır. Əksinə media, kütləvi informasiya vasitələrinin azad, heç bir basqı, təzyiq olmadan fəaliyyət göstərdiyi ölkələr bir qayda olaraq fikir, söz, məlumat və ifadə azadlığının pozulduğu ölkələr sırasında yer alır. Azərbaycana olan münasibətdə dəfələrlə bizlər bunun şahidi olmuşuq. Halbuki Azərbaycanda kifayət qədər fikir, söz, məlumat və ifadə azadlığı mövcuddur. Bu müsbət tendensiya tarixin müxtəlif dövrlərində özünü açıq şəkildə göstərib, büruzə verib. Hələ XX əsrin əvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı, plüralizm mövcud idi. Həmin illərdə Şərqin ilk demokratik respublikası kimi elan edilən Azərbaycan Xalq Cümhuriyyətində dərc edilən kütləvi informasiya vasitələri, qəzet və dərgilərin sayında bunu aydın şəkildə görmək mümkündür. Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin zamanında ölkədə dərc edilən kütləvi informasiya vasitələri, qəzet və dərgilər yalnız Azərbaycan dilində dərc edilmirdi. Eyni zamanda rus, hətta erməni dilində də çap edilən qəzet və dərgilər mövcud idi. Bu həm Azərbaycanda Xalq Cümhuriyyəti dövründə ölkədə fikir, söz, məlumat və ifadə azadlığının mövcud olduğunun əyani sübutu, həm də plüralizmin qorunub saxlanıldığını təsdiqləyirdi.
Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının yüksək səviyyədə təmin edildiyi növbəti dövr isə XX əsrin 90-cı illərinə, tarixdə ikinci dəfə müstəqillik əldə etdiyimiz tarixə təsadüf edir. Düzdür, müstəqilliiyin ilk illərində istər fikir, söz, məlumat və ifadə azadlığı, istərsə də plüralizm istənilən səviyyədə deyildi. Bu bir tərəfdən müstəqilliyin ilk illərinin çətin olması ilə bağlı idisə, digər tərəfdən isə ölkə rəhbərliklərinin bu prosesdə maralı olmamaları ilə əlaqədar idi. Ona görə də müstəqiliyin ilk illərində Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı istənilən səviyyədə deyildi. Həm ölkədə nəşr edilən, işıq üzü görən kütləvi informasiya vasitələri, qəzet və jurnalların sayı məhdud sayda idi, həm də onlar arasında rəngarənglik yox idi. Təbii ki, bu da Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının mövcud olması barədə fikir söyləməyə imkan vermirdi. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra hər bir sahədə olduğu kimi kütləvi informasiya vasitələri, media ilə iş sahəsində də bir canlanma, yenilik baş verdi.
Beləliklə, Azərbaycan mediası 1993-cü cü ildən sonra Heydər Əliyevin timsalında özünün əsl himayədarını qazandı. Kifayət qədər azad fikirli bir lider olan Heydər Əliyev azad söz və fikir azadlığına da olduqca böyük önəm verirdi. Bu mənada ümummilli liderin Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində atmış olduğu ən mühüm addım ölkədə senzuranın ləğvi edilməsi oldu. O dövrdə senzuranın ləğv edilməsi müstəqil Azərbaycanın demokratik prinsiplərə sadiqliyinin göstəricisi idi. Ən əsası senzuranı ləğv etməklə Azərbaycan dövləti və şəxsən dövlət başçısı Cənab Heydər Əliyev ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsində maraqlı olduğunu ortaya qoyur, siyasi iradə nümayiş etdirirdi.
Sonrakı illərdə ölkədə nəşr edilən kütləvi informasiya vasitələrinin üzləşdikləri problemlərin öyrənilməsi məqsədilə qəzet rəhbərləri ilə ümummilli lider arasında görüşün keçirilməsi, həmin problemlərin ümumiləşdirilərək onların həlli istiqamətində müvafiq addımların atılması, qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə onlar üçün stimullaşdırıcı qərarların verilməsi və həmin dövrdə qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması məhz media, mətbuata dövlət tərəfindən göstərilən diqqət və qayğının əyani göstəricisi idi. Bütün bunlar həm də fikir, söz, məlumat və ifadə azadlığının daha da möhkəmləndirilməsinə xidmət edən amillərdən idi.
Günümüzdə Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi, yazılı və elektron media, televiziya kanalları fəaliyyət göstərməkdədir. Bu da təbii ki, öz-özlüyündə Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunduğunun əyani sübutdur. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında dövlət, əsas etibarilə də dövlət başçısı maraqlıdır. Cənab İlham Əliyevin prezident kimi ölkəyə rəhbərlik etdiyi 16 il ərzində mətbuat, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər, imzaladığı bir çox fərman və sərəncamların fonunda da bunu aydın şəkildə görürük. Ölkədə çap olunan qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanıb təsdiq edilməsi, qısa müddət sonra həmin konsepsiya əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, hər il kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların ayrılması, jurnalistlərə fəxri adların verilməsi, həmçinin digər mühüm addımlar Azərbaycan Prezidentinin mediaya göstərdiyi diqqət və qayğının göstəricisi olmaqla yanaşı, həm də ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasına xidmət edən başlıca faktorlar idi. Bütün bunların fövqündə dayanan daha bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, bu da Cənab Prezidentin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə atmış olduğu addımdır. Məlum olduğu kimi dövlət başçısının qeyd etdiyimiz istiqamətdə imzaladığı müvafiq sənədlər əsasında ötən illər ərzində media nümayəndələri üçün 2 yaşayış binası tikilib istifadəyə verilib və həmin binaların açılış mərasimində dövlət başçısı şəxsən iştirak edib. Istər KİVDF -nin qəzetlərin maliyyələşdirilməsi zamanı iqtidar - müxalifət mətbuatı ayrıseçkiliyi aparmaması, istərsə də jurnalistlərə mənzillərin verilməsi zamanı mətbu orqan nümayəndələrinin siyasi mövqeyinin əsas götürülməməsi də bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti, şəxsən dövlət başçısı Cənab İlham Əliyev üçün əsas prioritet ölkədə azad mətbuatın mövcud olması, fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edilməsidir. Və hazırda da qeyd etdiyimiz prinsiplər tam mənada qorunur, təmin edilir.
Bütün bu qeyd edilənləri nəzərə alaraq birmənalı şəkildə deyə bilərik ki, günümüzdə Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması ideal vəziyyətdədir. Kimlərinsə ölkəmizdə bu sahədə vəziyyətin ürəkaçan olmadığını iddia etməsi isə reallıq hissindən çox-çox uzaqdır. Daha dəqiq desək qərəzli və ədalətsiz yanaşmadır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir