10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur

Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Avtomobil yolarının yenidən qurulması dövlət siyasətinin əsas prioriteti hesab olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

"OLAYLAR"-a Agentlikdən verilən xəbərə görə, Tərtər rayonunda cari ildə 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamına əsasən, yenidən qurulması işlərinə start verilib. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.

Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır.

Qeyd edək ki, son dövrlərdə cəbhəyanı yaşayış məntəqələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Belə ki, bu cür yolların yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31