İpoteka kreditləri dəstəklənəcək

Azərbaycan hökuməti ipoteka kreditlərinə dəstək verəcək. "Olaylar" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən hazırlanmış "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi proqramı"nda öz əksini tapıb. Sənədə əsasən orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bunun bir neçə səbəbi var. Bu səbəblər sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun, bir qayda olaraq, "multiplikativ" effektə malik olmasıdır. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Ölkədə həm sosial mənzil layihələri, həm də özəl sektorda tikinti uğurla həyata keçirilir. Bu baxımdan sahənin canlanması ölkə üçün çox vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31