Dünya ölkələrinə nümunə

Azərbaycan ən böyük maliyyə tutumu olan dəstək proqramını elan etdi

Pandamiya həddinə çatan koronavirus dünya iqtisadiyyatına mənfi təsirini göstərməkdədir. Məlumata görə, qlobal iqtisadi artım bu il 2,9 faiz proqnozlaşdırıldığı halda, koronovirusun təsiri ilə bu göstərici 2 dəfəyə qədər azalaraq 1,5 faizə enəcək.  Məhz bu kimi amilləri nəzərə alaraq dünya ölkələri koronavorusun iqtisadiyyata mənfi təsirinin minimuma endirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilər. Azərbaycan da dünyadan təcrid olunmadığından belə təsirlərdən yayınmaq qeyri mümkündür. Heç şübhəsiz ki, koronavirusdan qorunmaq məqsədilə həyata keçirilən sosial təcrid tədbirləri milli iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, Azərbaycan hökuməti koronavirusun ölkə iqtisadiyyatına, eləcə də vətəndaşlara vura biləcəyi təsirləri qarşılamaq məqsədilə xüsusi proqram hazırlayıb.  

Sənədlə ilkin tanışlıq deməyə əsas verir ki, sözügedən proqram həm maliyyə tutumu, həm də əhatə dairəsi baxımından kifayət qədər genişdir. Konkret olaraq koronavirusun vurduğu təsirinin aradan qaldırılması məqsədilə hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir: "Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır".

Yeri gəlmişkən qeyd edək ki, proqram maliyyə həcminə görə, özündə xeyli məbləğdə vəsiti cəmləşdirib. Belə ki, dövlət dəstək proqramlarını maliyyə həcmi 2,5 milyard manat təşkil edir. Məlumat üçün qeyd edək ki, dünyanın heç bir ölkəsində koronavirusun iqtisadiyyata və vətəndaşlara vurduğu zərərin aradan qaldırlması məqsədilə bu qədər vəsaitin yönəldilməsi nəzərdə tutulmayıb. Ümumilikdə, bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi ortaya qoyulmayıb.  ABŞ, Rusiya, Türkiyə kimi ölkələrdə bu vəsaitin həcmi heç müqayisə ediləcək dərəcədə deyil.

Xatırladaq ki, karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlamış sahibkarlara şamil ediləcək. Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini "ağardan" sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. Belə ki, dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq. Bundan başqa, 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Paralel olaraq ipoteka kreditləri dəstəklənəcək, biznesə vergi güzəştləri və imtiyazlar veriləcək, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək. Vətəndaşların sosial rifahına hesablanmış təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da var. Nəhayət mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq. Onu da qeyd edək ki, sadalanan proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir. Bununla Azərbaycan bir daha sosial dövlət olduğunu sübut etmiş olur. Göründüyü kimi, Azərbaycan dövləti həmişə vətəndaşların yanındadır, vətəndaşların sosial rifahının təmin olunması dövlətin prioritet məsələsidir. Hansı səbədən baş verməsinə baxmayaraq, insanlara dəyən zərərin aradan qaldırılmasında dövlət heç vaxt dəstəyini əsirgəməyib və əminliklə demək olar ki, bundan sonra da əsirgəməyəcək.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31