“Evdəqal” tələbi hansısa passivlik ifadə etmir
30 Mart 2020 10:29 SosialDeputat: "Oxumağa, öyrənməyə, dinamizmə çağırış kimi anlaşılır"
"İnsanın özünü birtərəfli yetişdirməməsi məhz bu məqamda yardıma gəlir. Həm də ömür boyu özünü həyatın qarşına çıxaracağı sürprizlərə hazırlaşmağı bir prinsip olaraq görməlisən. Necə deyərlər, xaosdan nizam yaratmaq hər zaman müasir insanı düşündürməlidir. Müxtəlif idman əyləncələrindən, xobbilərindən, insanlarla təmasdan uzaq qalmaq əlbəttə ki, xeyli məyusedici hal sayıla bilər. Ancaq bunun da iki daha faydalı alternativlərinə hazırlıqlı olmaq pessimist olmaq üçün əsas yaratmadı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, qeyd edib ki, birincisi mütailə etmək, ikincisi də kimsənin mane olmadığı ortamda düşünərək yürümək: "Hər ikisinə də arzuladığımdan daha çox vaxt ayıra bildiyimə görə içimdə rahatlığım var. "Evdəqal" tələbi əslində mədəni formada "ev həbsi" kimi anlaşılmalıdır. Burada sadəcə cinayət törətmədən ev həbsinə dücar olmaqdan söhbət gedir. Biz azərbaycanlıların böyük əksəriyyəti üçün ev, sadəcə yaşamaq yeridir, bir qismət çörəyin tapılıb yeyildiyi yerdir, ömür vaxtının öldürüldüyü yerdir. Bu halda ənənəvi həyat tərzi pozulan kimi insanlar daha çox darıxmağa başlayırlar. Mənim üçün ev hər şeydən öncə yaradıcılıq yeridir, ailəmlə bərabər həm də kitablarımın yaşadığı müqəddəs məkandır, burada mütailə ibadəti üçün auranı yarada bilmişəm və ona görə də bu "evdəqal" tələbi hansısa passivlik ifadə etmir, oxumağa, öyrənməyə, dinamizmə çağırış kimi anlaşılır".