“Eşq olsun Azərbaycan həkimlərinə!”

Andına və dövlətinə sadiq sağlamlıq keşikçiləri...

Dünyada hər bir insanın indi əsas qayğısı bəşəriyyətin ağır bəlasına çevrilmiş koronavirusdan qorunmaq, bu xəstəliyin digərlərinə yoluxmaması üçün daha həssas olmaq və maksimum gigiyenik normalara əməl etmək, mübarizədə birgə həmrəylik nümayiş etdirməkdir. Pandemiyanın yayılmasının qarşısını almaqda ölüm-dirim mübarizəsi aparan ağ xalat sahibləridir. Həyatlarını riskə atan həkimlərin fədakar əməyinin nəticəsidir ki, qlobal xəstəlyin dərmanın tapılmadığına baxmayaraq, hər gün dünyada yüzlərlə xəstə ölümcül virusun caynağından xilas olaraq sağlığına qovuşur. Koronavirusun yayılmasının qarşısının alınmasında ilk gündən önləyici tədbirlər görən, Azərbaycan dövləti güclü iradəsinin ortaya qoyubdur. Prezident İlham Əliyevin xüsusi diqqətinin nəticəsində koronavirusa yoluxmuş xəstələrə xidmət işi yüksək səviyyədə təşkil edilib. Dövlət başçısının tibb işçilərinin əməyinə layiqli qiymət verməsi və onların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə əməkhaqlarının artırması Azərbaycan həkimlərinə yüksək etimadın nümunəsidir. "Həkimlər böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram." deyən Prezidentin bu jestindən sonra xalqımızın bu çətin zamanlarda həkimlərlə həmrəy olması daha da güclənibdir.

Bəli, sözün həqiqi mənasında bu gün bütün dünya koronavirusla mübarizədə ön cərgədə gedən, yorulmadan gecə-gündüz çalışan, öz həyatlarını risk altına atan həkimləri alqışlayır, onlara inanır və onlara güvənirlər. Azərbaycan həkimləri də əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Azərbaycan dövləti də buna biganə qaımayaraq həkimlərin əməyini yüksək qiymətləndirir, onların məhsuldar və səmərəli fəaliyyətini təmin etmək üçün bütün mümkün işləri görür. Bu gün koronavirus xəstələrini müalicə edən, onlara qulluq edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görür. Çünki, hesab edir ki, bu gün və sabah xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən  birbaşa asılıdır.

Təsadüfi deyil ki, Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında Prezident İlham Əliyev qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır: "Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan "Alov qüllələri"ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq. Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq".

YAP Siyai Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı arxayın olmalıdır ki, Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban Əliyevanın əsas diqqət mərkəzində birinci olaraq vətəndaşların təhlükəsiz və rahat yaxşı yaşaması durur: "Cəmiyyətin həmrəyliyinin, dəstəyinin və milli təşəbüskarlığın ən yaxşı nümunəsi hesab edilən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarının Fonda köçürməsi ilə geniş vüsət alan təşəbbüskarlıq, milli həmrəylik hər gün güclənməkdədir. Hər bir vətəndaş, təşkilat imkan daxilində öz vətəndaş mövqeyini göstərir, həmrəylik göstərir. Beləliklə,cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət xalqımızın müdrikliyini və böyüklüyünü dünyaya nümayiş etdirir. Azərbaycan dövləti həmişə milli adət-ənənələrə, xalqımızın minilliklər boyu qoruyub saxladığı və bu gün də ehtiramla yaşatdığı dəyərlərə sadiqliyini nümayiş etdirib. Yaşlı nəslə xüsusi hörmət və qayğı da bundan qaynaqlanır. İndiki şəraitdə yaşı 65-dən yuxarı olan insanların izolyasiya tədbirlərinə xüsuilə cəlb edilməsi və onların evdən çölə çıxmasının məhdudlaşdırılması da dövlətin sosial humanizminin bir nümunəsidir. Çünki ən riskli qrup yaşlı insanlardır və dövlətin onlara daha çox diqqəti vardır. Yaşlı tənha insanların təminatını təchiz etmək üçün sosial xidmət işinin təşkil olunması və bu işə çoxminli könüllülər ordusunun qoşulması həm dövlətin sosial dayağı və yardımı, həm də vətəndaşlarımızın böyüklərə olan xüsusi məhəbbətinin ifadəsi hesab edilə bilər".

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində də həkimlərimizin əməyinə xüsusi qiymət verməsi milli həmrəyliyimizin möhkəmlənməsinə öz misilsiz töhfələrini verməkdədir: "Mehriban xanımın "Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə - həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm" sözləri cəmiyyətimizdə tibb işçilərinə, səhiyyəyə və dövlətə inam və güvənini artırdı, milli birliyi gücləndirdi. Axı Mehriban xanım da həkimdir, tibb işçilərinin yuxusuz gecələr min bir əziyyətlə insanların sağlamlığının keşiyində dayanması üçün hansı fədakar əmək sərf etdiklərini yaxşı anlayır. Həkimliyin müqəddəs peşə olmasını, andına və dövlətinə sadiq olan hər bir həkimin insan həyatındakı əvəzsiz roluna daha yaxından bələddir. Onun mərhəməti və şəfqəti həm də həkimlərlə həmrəyliyinin bir nümunəsidir. Birinci vitse-prezident əminliklə bildirir ki, hər bir azərbaycanlı dövlətinə, onun rəhbərinə inanmalı və birlikdə bu çətin sınağım öhdəsindən gələcəyimizə əmin olmalıdır".

V.Abdullayev hesab edir ki, bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir: " Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşir. Böhran zamanı bir sıra ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik qorunur və möhkəmlənir. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi və uzaqgörən düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir. Cənab Prezidentin də bəyan etdiyi kimi milli həmrəylik, məsuliyyət və milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31