Ərəbqədim–Göydərə avtomobil yolunun yenidən qurulması davam etdirilir

Qobustan rayonunun Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 88-ci km-dən götürən Ərəbqədim-Göydərə yolu 4-cü texniki dərəcəlidir.

Torpaq əsaslı və çınqıl örtüklü yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildi. Bu üzdən torpaq işlərinin  yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla  bütün yolda  yeni yol geyiminin tikilməsi  zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca hazırda yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 78 min kv.m sahəni əhatə edəcək.

Layihə çərçivəsində çiyinlərin optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.

Ərəbqədim-Göydərə sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 2 mindən artıq əhainin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31