Efirin “ən yaxşı” vor zakonu
Efirin “ən yaxşı” vor zakonu Züleyxa Nadir yazır
21 Fevral 2020 14:18 SosialZüleyxa NADİR
Son günlər Azərbaycan televiziyalarında bir "Manaf Ağayev fırtınası" dolaşmaqdadır. Kanal-kanal gəzərək "dürlü-dürlü" danışan bu müğənni sanki, özünü şəxsi evində hiss edir, evinə gələn qonaqlara hər dürlü məsləhət verir, yol göstərir. Adam özünü elə aparır ki, elə bil qarşısındakı televiziya aparıcısı, yanındakı incəsənət işçisi deyil, toy adamlarıdı, istədiyi kimi oxuyub, istədiyi kimi danışa bilər. Ekranda "bir kəlməyə görə, qadının başını kəsərəm! Ailəm məni yaxşı tanıyır" deyən toy artisti tamaşaçıya beləmi nümunə göstərir? Adam özünü nə hesab edir? Yoxsa efirdə olduğunumu unudur? Bəlkə özünü hansısa "razborkaların" başbiləni kimi təqdim etmək istəyir?! Məncə, bu məhz belədi!
Əslində "manıs" tayfasının bu cür danışmasına meydan verən televiziyalardır. Ona görə də efirdən səslənən bu sözlərdən qan qoxusu gəlir. Manafa qulaq asan yeniyetmə, yaxud da onu dinləyən, sevən gənc "ağzının kəndiri" olmayan müğənninin mənəviyyatının hansı nöqtədə olduğunu necə kəsdirə bilər? Dünən toyda qadın haqqında, ana barədə uzun-uzadı mahnı oxuyan, segah səsləndirən Manaf bu gün efirdən qadın başı kəsə biləcəyini dilə gətirir. Özü də fikrini o tonda səsləndirir ki, elə bil toyuq başı kəsir. ATV-nin "Ən yaxşısı" adlı verilişinin ən yaxşı qonağı, eksperti, müğənnisi, atası, vətəndaşı, nə bilim daha nəsi... Manaf Ağayevdirsə, görəsən ən pisi kimdi?
Özünü ən yaxşı toy müğənnisi hesab edən adam efirdən bu cür fikir səsləndirirsə, vay ölkə vətəndaşlarının halına! Sadəcə səviyyəsizliyin pik nöqtəsi! Başını kəsməklə hədələdiyi qadınların həyat yoldaşlarının, oğlanlarının, lap elə həmin qadınların pulu hesabına varlanan, elm adamlarından və digər ziyalılardan daha yaxşı dolanan, gün-güzəran quran bu "manıs" efirdə abırsızlıq nümayiş etdirir. Abır- həya "Ana" mahnısı oxuyaraq insanları duyğulandırmaqla ölçülmür. Abır-həya oturuşunu-duruşunu bilmək, sözünün çəkisini anlamaq, yerinin ab-havasını duymaqdı. Nə yazıq ki, bizim efirlər bu parametrləri özündə daşıyanları nadir hallarda qonaq edirlər. Manaf Ağayev kimiləri isə efir meydanının pəhləvanı kimi millətin evinə "soxularaq" əsəblərdə qıcıq yaradırlar.
Efirin "ən yaxşısı" "vor zakon" kimi danışır. Bəlkə də bu adam adi pişikdən qorxandı. Bəlkə də kiminləsə əlbəyaxa döyüşə də bilməz. Ola bilər ki, hələ ömründə bir kimsəyə bir şillə belə vurmayıb. Əgər elədirsə, bu adam efirdə özünü niyə belə aparır? Nə demək istəyir? Özünü kimə göstərir, nəyi sübut etmək istəyir? Bütün hallarda Manaf Ağayev "manıs" kimi danışmır. Manaf Ağayev özünü cəllad kimi aparır. Özünü toy müğənnisi, "toylar kralı" adlandıran müğənninin işi insanları əyləndirməkdi, nəinki qadınların başını kəsməklə hədələmək...
***
Manaf Ağayevin efir səviyyəsizliyi təkcə bununla bitmir ki? ATV-dən sonra ARB-nin "Səhər-səhər" verilişində də başqa cür "zövq" nümayiş etdirib. Aparıcı bəstəkar Nadir Əzimovdan səviyyəli musiqi haqqında fikir söyləməsini istəyib. Verilişdə iştirak edən Manaf Ağayev bəstəkara göstəriş verib ki, aşağı səviyyəli mahnıları tərifləsin. "Sən desən də, deməsən də biz belə mahnılar oxuyacağıq. Bizə çörək lazımdı, sənət yox" deyə özünə haqq qazandırmağa çalışırb. Manaf Ağayev burda da özünü efirdə yox, toydaymış kimi aparıb. Və özünün musiqi zövqünün Rövşanə Ağasəf qızının söylədiyi beş ballıq cədvəldən çox uzaqda olduğunu sübut edib.
Nə yaxşı ki, Nadir Əzimov bu zövqsüz və səviyyəsiz məsləhətə qulaq asmayıb. "Sənə çörək lazımdırsa, biz batıb gedəcəyik... balaca uşaqlar bu zövqlə necə böyüyəcəklər?" deyə onun cavabını verib. Bəstəkara irad tutan müğənni yenə də israr edib: "zövq qurtarıb". Bir tərəfdən "manıs" doğru deyir, onu qınamaq olmaz. Çünki bu gün zövqün qurtarmasında onun və onun kimilərinin rolu çox böyükdü. Və bu rol birbaşa televiziyaların əlindədir. Səhərdən axşamacan efirləri bu cür insanlarla, cal-çağırlarla, şou verilişlərlə doldururlar. Tamaşaçı normal proqram üzünə həsrətdi. Ona görə də zehni iti, zövqlü və səviyyəli insanlar nə televiziyaya baxırlar, nə də manaf ağayevləri görürlər.
Manaf Ağayevin zövqü toy diringiləri ilə klassik musiqinin arasındakı fərqin ölçüsünü ayırd edə bilmir. Onun zövqü "çörəklə" sənət arasındakı məsafəni aşmaq gücündə deyil. Əminəm ki, o, musiqinin həm əhvalımızı yaxşılaşdırdığını, həm də pisləşdiridiyini bilir. Amma bu bilgini öz aşağı zövqü ilə it-bata salır. Alimlər sübut ediblər ki, musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdı. Təbii ki, hər kəsin musiqi zövqü və seçimi eyni ola bilməz. Bütün hallarda klassik musiqi insanın ruhuna çox gözəl təsir edir. Toy diringisinin 3-5 dəqiqə ömrü olduğu halda klassik musiqinin möcüzəvi təsiri saatlarla, bəzən günlərlə davam edir. Motsart, Vivaldi, Bethoven, Şubert, Ştraus, Çaykovski, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarların musiqisindəki xoş aura, möcüzə insan beyninin fəaliyyətini artırır. Emin Sabitoğlu, Tofiq Quliyev, Ələkbər Tağıyev kimi bəstəkarların musiqisi illərdi yaddaşlardan silinmir, illərdi zövqümüzü oxşayır, hər dinləyəndə ruhumuz təzələnir. Mən demirəm ki, Manaf Ağayev, Avropa klassiklərindən danışsın, onların musiqisini ifa etsin. Haşa, bu, mümkün deyil. Sadəcə dinməsin, sussun, tamaşaçının zövqünə tüpürməsin. Efirlərin "Ən yaxşısı" olan bu müğənni "vor zakon" kimi danışaraq, "Səhər-səhər" zövqsüzlük nümayiş etdirməsin.
Əks halda "Manaf Ağayev fırtınası" hələ çox davam edəcək...