Dərsdə ağlayan birincilər - Problem

Dərsdə ağlayan birincilər -Problem

Tədris ilinin ilk günlərini daha çox həyəcan keçirənlər ağlayaraq məktəbə gedən birincilər olur. Hər il dərs ilinin ilk günündə ağlayan, valideynlərindən ayrılmaq istəməyən birincilər həyəcan keçirirlər. Buna görə ilk dərs günündə övladı ilə eyni parta arxasında əyləşən valideynlər olur.

Bəs valideynlərin dərsdə iştirakı məqbuldurmu?

Psixoloqların fikrincə tədris ilinin ilk günlərində uşaqlarla davranmaq qaydası və onların psixoloji durumuna nəzarət etmək vacib şərtlərdən biridir. Çünki körpəlik dövrünü hələ də başa vurmayan şagirdlər var. Özgüvəni aşağı, stressə davamsız uşaqlar cəmiyyət içərisində adaptasiya olmaqda çətinlik çəkirlər. Belə uşaqlar daha həssas olduqları üçün məktəbə getmək istəmir, ağlayırlar. Bu göz yaşlarının arxasında balacaların keçirdiyi qorxu, həyəcan, özünə inamsızlıq, qapalılıq dayanır.  Analar uşaqlarının sosiallaşması üçün bağçaya qoymalı, uşaqlarla daha çox zaman keçirməsinə şərait yaratmalıdır. Uşaqların ilk dəfə sinfə göz yaşı ilə daxil olmaması üçün ən böyük vəzifə valideynlərin üzərinə düşür. Uşaqların dərs ilinə psixoloji hazırlıq səviyyəsi ailədə pedaqoji prosesə yaradılan münasibətdən asılıdır. Mütəxəssilərin fikrincə uşağı əvvəlcədən məktəblə, müəllimi ilə tanış etmək lazımdır. Uşağa müəllim seçərkən ünsiyyətcil, səbrli və uşaqların şəxsiyyətinə dəyər verən müəllimlər seçilməlidir. Düzgün seçim uşağın özünü təhlükəsiz və qorxusuz hiss etməsinə kömək olacaqdır.

Təhsil ekperti  Nadir İsrafilov mövzu ilə bağlı bildirib ki, ilk dərs günləri tədris prosesinin sabitliyi pozulmamaq şərtilə müəyyən istisnalara yol verilə bilər: "Dərs ilinin ilk günündə "ağlayan birinciləri" görmək təkcə bu il və ya ötən illər ərzində müşahidə olunan yeganə hal deyil. Bu, illərlə belə olub və bu halın növbəti illərdə də davam etməyəcəyinə heç kəs təminat verə və ya  proqnozlaşdıra bilməz. Nəinki birincilərin, məktəbi bitirən məzunların belə hərbi xidmətə yola salınması zamanı göz yaşı axıtmalarının az şahidi olmamışıq. Bu, doğma ailədən, isti ocağından müvəqqəti də olsa ayrılmanın yaratdığı psixoloji yaşanmadır. Bu baxımdan məktəbə hazırlıq qrupları şəbəkəsinin ildən ilə genişləndirilməsi və növbəti il üçün 90 faizə çatdırılmasının hədəflənməsinin əsas məqsədlərindən biri də məhz azyaşlıların məktəb mühitinə adaptasiya olunmasına xidmət edir. O ki qaldı valideynlərin dərsdə iştirakına, mövcud qanunvericiliyə görə valideynlər də təhsil prosesinin bərabər hüquqlu subyektləridir. Onların da yeni dərs ilinin başlanması ilə əlaqədar öz övladlarının sevincinə şərik olmaq, onlarla bərabər həyəcan hissini bölüşmək haqqı var. Bununla belə, dərs dərsdir, dərsə verilən tələblər var. İlk dərs günü üçün tədris prosesinin sabitliyi pozulmamaq şərtilə müəyyən istisnalara yol vermək, elə də bir qəbahət sayıla bilməz. Bir də ki, valideyn və ictimaiyyətin məktəblə əlaqələri nə qədər sıx və qarşılıqlı olarsa, təhsilimiz bundan bir o qədər çox qazanar".

Təhsil ekperti Kamran Əsədov qeyd edib ki, məktəbdə təhsilin başlanğıcı - bu yalnız təhsil deyil, yeni tanışlıqlar və təəssüratlardır. Məktəb uşaq üçün yeni mühitdir və bu səbəbdən uşaqlar fiziki, əqli, emosional və psixoloji cəhətdən məktəbə hazır olmalıdırlar: "Yeni mühitə öyrəşmək üçün uşağa vaxt lazımdır, bu proses iki həftədən 6 aya qədər davam edir. Belə hallar üçün ümumi reseptlər yoxdur. Məktəbə uyğunlaşma uzun müddətli və fərdi prosesdir, bu proses bir çox amillərdən asılıdır: 1) uşağın şəxsi xüsusiyyətlərindən 2) məktəbə (yalnız intellektual olmayan, həm də psixoloji və fiziki) hazırlığın dərəcələrindən 3) uşağın sosiallaşma dərəcəsindən.

Ekspert bildirib ki,  valideynlər uşağın dərsə başlaması üçün bütün hazırlıqları görməlidir: "Məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə psixoloji cəhətdən məktəbə hazır olmalıdırlar. Uşaqlar buna hazır olmadıqda onlarda ciddi gərginlik yaranır. Artıq sentyabr ayıdır və uşaqlar dərsə başlayıb, hələ də məktəb mühitinə uyğunlaşa bilmir. Valideynsiz sinifdə oturmur, ağlayır, dərsə getmək istəmir. Çox vaxt valideynlər bunu adi bir uşaq nazı kimi qəbul edirlər, amma bu heç də belə deyil. Məktəbə uyğunlaşmaq uşaq üçün çətin bir prosesdir və bu çətin prosesdə uşağa kömək etməliyik. Valideynlər məktəb həyatına adaptasiya dövründə daim uşaqların yanında olmalıdırlar. Uşaqlar bu dövrdə həssas ola bilərlər. Onlara yanaşarkən bunu nəzərə almaq lazımdır. Bu dövrü düzgün şəkildə keçirməlidirlər ki, sonrakı dövrlər uşaq üçün çətin olmasın. Çünki sonrakı dövrlər, yeniyetməlik, erkən gənclik dövrü, onlar üçün yeni problemlər yaradır. Bu dövrlər onlar üçün daha çətin keçə bilər".

K. Əsədov valideynlərə bəzi tövsiyyələr edib: "Heç vaxt heç kimlə öz uşağınızı müqayisə etməyin, bu yüksəldilmiş qürura və ya paxıllığa və özünə qiymətin aşağı düşməsinə gətirib çıxara bilər. Uşaqlarınızın yeni müvəffəqiyyətlərin yalnız əvvəlki nailiyyətləri ilə müqayisə etmək olar. Məktəb və uşağınızın təhsil aldığı sinif ilə maraqlanın. Uşağı sadəcə dinləmək, çox faydalıdır. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsanız, daha yaxşı olar. Bununla uşağa həm sevildiyini, həm də vacib olduğunu hiss etdirirsiniz. Təhsilin birinci həftələrində birinci sinif şagirdinin öz gücünə və imkanlarına, eləcə də özünə inam qazanmağına kömək etmək əhəmiyyətlidir".

Ekpert vurğulayıb ki, məktəbəqədər hazırlığa və məktəbəhazırlıq qruplarına gedən uşaqlar birinci sinifə gedəndə onlarda bu problemlər olmur. Ona görə də tövsiyə edirəm ki, valideyinlər 4-5 yaşından etibarən övladlarının məktəbəqədər hazırlığı ilə məşğul olsunlar.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31