Ramazanda necə qidalanmalı?

Oruc tutanlar nələrə diqqət etməlidir?

Artıq 11 ayın sultanı sayılan müqəddəs Ramazan ayına start verilib. Azərbaycan da İslam dünyasının bir parçası, müsəlman ölkəsi olduğu üçün Ramazan ayı ölkəmizdə xüsusi qeyd edilir. İldən-ilə Ramazan ayında oruc tutan vətəndaşlarımızın sayının artması də müsbət tendensiya kimi müşahidə edilir.

Ancaq onu da nəzər almaq lazımdır ki, hər il müqəddəs Ramazan ayında oruc tutan vətəndaşlarımızın necə, hansı üsulla, nələrə diqqət edərək qidalanmasına dair fərqli fikirlər ortaya atılır, yanaşmalar qoyulur. Hətta bəzən qidalanma məsələsində belə ciddi fikir ayrılıqları müşahidə edilir. Hər bir vətəndaşın normal və sağlam qidalanmasına diqqət ayıran, bunu əsas prioritet sayan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi oruc tutan dindaşlarımızı da unutmur, onların Ramazan ayında necə qidalanmasına xüsusi diqqət yetirir. Qida Təhlükəsizliyi Agentliyi Ramazan ayı ilə bağlı oruc tutan vətəndaşlarımızın diqqətinə çatdırır ki, Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdə qidalanmadan tam fərqlənir. Agentlik hesab edir ki, buna görə də oruc tutmağı asanlaşdırmaq üçün bir müddət əvvəldən bədəni buna hazırlamaq lazımdır. Gün ərzində qəbul edilən qidanın kalorisini azaltmaq və rejimlə qidalanmağa çalışmaq oruc tutmazdan əvvəl bədəninizin yeni qidalanma rejiminə uyğunlaşmasını asanlaşdıracaq. 

Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar.  

İmsakdan yarım saat öncə  iki stəkan su içilməsi məsləhətdir.  İmsakda daha çox enerjili qidalara üstünlük vermək lazımdır. Lifli qidaların qəbulu qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə isə məsləhət deyil. Çünki qandakı şəkəri ani sürətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. İmsakda süd, şit pendir,qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər. Yeməklərlə birlikdə təzə meyvə və ya qoz, badam kimi quru qidaların qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilər. Ümumiyyətlə, bədəndə su saxlayan qidalara daha çox üstünlük vermək lazımdır.

Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içməyin, bitki çaylarına, az şəkərli kompotlaraüstünlük verin. Əgər səhər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq.

Bəs iftar zamanı oruc tutan şəxslər nələrə diqqət etməlidir? Qida Təhlükəsizliyi Agentliyində hesab edirlər ki, orucu ilıq su ilə açmaq lazımdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar.

Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Menyuda ət, ətli tərəvəz yeməklərinə yer verilməlidir.  Ətli tərəvəzli  yeməkləri bişirərkən yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin. Ümumiyyətlə, bu ayda çox yağlı və duzlu yeməklərin qəbul edilməsi məsləhət görülmür. İftar süfrəsində tərəvəz salatlarına yer verilməli, bu salatlar zeytun yağı ilə zənginləşdirilməlidir. Yeməkdən 1-2 saat sonra meyvələrdən, xüsusilə  mövsümi meyvələrdən hazırlanan qidaların qəbulu  daha düzgün seçim olar.

İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək də ziyandır. Hətta gecədən səhər saatlarına kimi yeyən insanlar da var. Bu, tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək mədə problemləri başda olmaqla qanşəkəri və təzyiqin yüksəlməsinəsəbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləmək olmaz. Kiçik hissələri yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş və uzun müddətə yemək daha məsləhətdir.

İftardan 1,5-2 saat sonra gəzmək həzmə köməklik göstərən vasitələrdən biridir.  Bu gəzinti zəifləyən metabolizmanızı sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək də məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31