DGK-nın Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir
Mayın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib
8 May 2019 11:39 SosialMayın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib. İki gün Astara rayonunun Kijəbə qəsəbəsində davam edəcək humanitar aksiya zamanı Mərkəzi Gömrük Hospitalının peşəkar həkimləri "Ürək-damar xəstəliklərinə qarşı mübarizə" layihəsi çərçivəsində yerli əhaliyə pulsuz xidmət göstərəcək. Bu məqsədlə regiona Mobil Səyyar Hospital ezam olunub. Komitədən "Olaylar"a bildirilib ki, tədbir zamanı Mərkəzi Gömrük Hospitalının ürək cərrahı, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudovun rəhbərliyi ilə 16 nəfərdən ibarət təcrübəli həkim briqadası tərəfindən tibbi yardıma ehtiyacı olan, azyaşlı uşaqlar daxil olmaqla, rayon sakinləri müayinə olunacaq. Həkim briqadasında anadangəlmə ürək qüsurları üzrə yüksək ixtisaslı ekspertlər də var.
EXO, USM, EKQ və Doppler vasitəsilə müayinə zamanı səhhətində problem aşkarlanan vətəndaşlara yerində peşəkar tibbi məsləhətlər veriləcək. Aksiya zamanı, həmçinin əhali artıq xolesterin, təzyiq, şəkər kimi problemlərlə bağlı maarifləndiriləcək, gələcək fəsadların əmələ gəlməməsi üçün onlar doğru müalicə barədə məlumatlandırılacaq. Xeyriyyə aksiyasında 500 nəfərə yaxın Astara rayon sakininin müayinəsi nəzərdə tutulub. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən belə xeyriyyə tədbirlərinin Azərbaycanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.