"Mən Şuşaya getmək istəyirəm... "
16 Aprel 2019 11:04 SosialƏməkdar jurnalist, mətbuatımızın tanınmış simalarından olan Flora Xəlilzadəni təqdim etməyə ehtiyac yoxdur.Flora xanımla ünsiyyətdə olmağın özü bir xoşbəxtlikdir.
Peşəkar jurnalist, peşəkar publisist ,səmimi, sadə, təvəzökar təmənnasız insan! Öz qanadları ilə uçmaga çalışan xanım. Bəzən o qanadları qırmaga çalışanlar da olub, tutdugu zirvəni zəbt edənlər də. Amma qartal yüksəklikdən qorxmaz, çünki o zirvəyə deyil, qanadlarına güvənir. Flora xanım da "zirvələrə","zirvələrdəkilərə" deyil, öz "silahına" "cörək agacına", qələminə, saf ruhuna, zəngin mənəviyyatına güvənib, sıgınıb. Həyat ona amansızlıq da , haqsızlıq da edib. Amma o qələminə haqsızlıq, amansızlıq, xəyanət etməyib. Kiməsə boyun əyməyib, kiməsə agız açmayıb, kiməsə görə nəyəsə nail olmaga çalışmayıb.
Əgər kimlərəsə görə nəyəsə nail olmaga çalışsaydı nazir belə ola bilərdi... amma o Flora Xəlilzadədir, adı özünə,özü adına, xarakteri isə həsəd aparılan, həsəd çəkilən Xəlilzadə!Dəyərlilərin qədrini dəyərlilər bilər. O üzdən də Azərbaycan mətbuatında, ədəbiyyatında, mədəniyyət sahəsində özünü təsdiqləmiş, işıqlı , dəyərli insanları öz qələmi ilə daha da işıqlandırıb. Şəxsiyyətinə və imzasına böyük hörmət bəslədiyim, publisistik yazılarını, şeirlərini həvəslə oxuduğum və ruhuma yaxın bildiyim ziyalı xanım.
Söz müqəddəsdir , onu müqəddəsləşdirən də söz qədrini-qiymətini bilən insanlardır. Sözü müqəddəsləşdirən, öz ucalıgı ilə daha da ucaldan Flora xanımla maraqlı müsahibəmiz .
-Flora xanım yubiley iliniz necə keçdi,özünüzü necə hiss edirsiniz?
-Özümü yazıq hiss edirəm.Ona görə ki, əgər mən bu gün , bu yaşımda öz yurduma gedə bilmirəmsə,uşaqlığımın keçdiyi yerləri dolaşıb nəfəs ala bilmirəmsə, anamın ruhu gəzən yerlərdə ola bilmirəmsə,onun son vəsiyyətini yerinə yetirə bilmirəmsə,deyirdi ki "yollar açılsa, bir ovuc torpaq gətirərsən bağımızdakı qızılgülün dibindən, mənim qəbrimə tökərsən" mən bunu edə bilmirəmsə, mən özümü necə yaxşı hiss edərəm? Yalan danışa bilmərəm, özümü yazıq hiss edirəm...
-Əslində Flora xanımdan belə söz eşitmək mənim üçün ağır oldu. Yazıqmı, acizmi, cəsarətsizmi?
-Özümü nə cəsarətsiz hiss edirəm nə də aciz. Acizlik də, cəsarətsizlik də məni uğura,qələbəyə yox, yanmağa aparar. Mən torpaq ala bilmərəm ki,dumanlı yolların dumanının yox olmağına nail ola bilmərəm ki.
-Yəni, özünüzdən asılı olmayan durumların "yazıgı" olmusunuz?
-Bəli, mənim üç şeir kitabım var, şeirlərim yadımda qalmayıb. Amma bayatı formasında bir şeirim var ki, dilimin əzbəridir,mən onu tez- tez işlədirəm.
Quş da məndən vəfalı,
Daş da məndən vəfalı,
İldə bir yol Vətəndə,
Qış da məndən vəfalı.
Daş, quş məndən vəfalıdırsa, mən niyə aciz olmayım ki...
-Bir şerinizdə, deyirsiniz...
Əlimlə qursam da yüz qızıl taxtı,
Gərək tale verə o qızıl baxtı.
Yaşın bu məqamı, yaşın bu vaxtı,
Xatirələr yorur məni, neyləyim?!
Ömrü boyu xəyalımla talanan,
"Ah"larımla, amanımla dolanan,
Ürəyimə, gözlərimə qalanan,
Xatirələr yorur məni, neyləyim?!
Çoxlarının həsəd apardığı, xəyal etdiyi ucalıqda olan Flora Xəlilzadənin "kaşki", dediyi, təəssüfləndiyi anlar çoxmu olub?
-Mən dəfələrlə etiraf eləmişəm,söz məndən yuxarıda dayanır. Ömrümü söz uğrunda girov qoydum. Sözə bağlandım. Söz mənim üçün çox əziz oldu və sözün qarşısında xəcalətli qalmadım. Yəni onun şərəfini qoruya bildim. Sözümü hər ünvana yürütmədim. Mən sevmirəm ki, sözüm yerə düşə. Ona görə bəzən lazımlı, vacib bildiyim məqamlarda belə agız açmıram. Belə olanda özümü ölmüş hesab edirəm. Çünki yerə düşən çörəyi də, quranı da götürüb baş üstə,ən uca yerə qoymaq olar, amma söz yerə düşdüsə... Allah göstərməsin! O üzdən də sözün qarşısında borclu deyiləm. Mən sadəcə doğulduğum Vətənin qarşısında borclu qaldım. O da məndən asılı olmayan səbəblərdi. Əlimə qələm almağı bacardığım gündən, qələmimə sadiq olmuşam. Çalışmışam ki, bu millətin, bu xalqın yüksəkliyində dayanan insanları işıqlandırım, axtarım, tapım, yazım , çünki onların bu xalqın, bu millətin kökündə rolu var, xidməti var, xüsusilə də yiyəsizləri, unudulanları daha çox axtarmışam, fikirləşmişəm. Mən torpaq, millət aşiqiyəm. Bunu dərk edə bildiyim , anladıgım gündən ,mənim düşmənim mənə "türkes" deyirdi. Mən bilirdim ki, mən türkəm. Mən görürdüm ki, anam o vaxtlar radionun zəif səsində Türkiyə kanalına qulaq asır. Biz bu ruhda böyümüşdük. Biz Türkük, mən türklüyümlə fəxr edirəm. Ermənilərin "anası "var, şairə Silva Kaputikyan o deyirdi ki, "hər bir erməni ömründə bir türk öldürmürsə, o bizdən deyil". Ermənilər uşaqlarını "türk gəldi" deyə qorxudur, türk vahiməsi yaradırdılar körpəlikdən . Amma biz nə edirdik, uşaqlarımızı "xoxanla" "şeytanla" qorxudurduq, yatırırdıq. Bizim xalqın, millətin təbiətində humanistlik var. Biz erməniləri hər zaman bizə xidmət edən,divarımızı hörən, usta, dəmirçi, qapımızda işləyən görmüşük. Ermənilər lider bildikləri qulagı kəsilmiş Andranik Ozanyanın qisasını içki içib kəndin uzunqulaqlarından alırdılar. Kənddə bir neçə eşşəyin qulagını kəsmişdilər.
Mən qədim Türk torpağı olan Zəngəzurun ,keçmiş adı Sisyan adlandırılan rayonun Urud kəndində doğulmuşam. Bizim kənddə erməni olmayıb. Amma nə vaxt kəndə erməni gəlsəydi , o gedəndən sonra az qala yolları da silib -süpürürdülər ki, murdarçılıq gəlib.
Bacım mədəniyyət işçisi idi, kitabxana müdürü idi, onun qonaqları olardı həmişə, hərdən erməni qadınları da gələrdi. Onlar gedəndə bir də görürdük ki, nənəm bir vedrə kül aparar,darvazaya onların əli dəyən yerləri küllə təmizləyərdi. Yəni mən gözümü açıb bilirdim ki, ermənilər murdardı. Biz ordan oxumağa gəlirdik , amma biz yurda dönürdük, sevirdik oranı, ora bizim ata-baba yurdumuz, göz açdıgımız torpaq idi.Mənim yadımdadı 1986-cı ildə Ermənistanda nazik praşuralar çıxırdı, insanları birləşdirməyə çağırırdı türkə, bizə qarşı. Bu praşuralar bizim əlimizə keçdi, mənim həyat yoldaşım erməni dilini yaxşı bilirdi tərcümə elədi. Kamran Bağırovun vaxtı idi, getdi Mərkəzi Komitəyə desin ki, təbliğat gedir, belə hadisələr baş verir. Orda gülüşüblərki, nə danışırsan, ola bilməz. Bu faktı deməliyəm ki, biləsəiniz. Yəni erməni hiyləgərliyi hər zaman olub.
Ermənistanda neft yox, sərvət yox amma yolları o qədər gözəl idi. Mən Bakıya gələndə yollara baxırdım, görürdüm , müşahidə edirdim,bizim sərhədə keçəndə isə, nə gündə idi yollar. Mən bir yazı yazdım o vaxt. "Qonşu qonşuya baxmır", yazı "Ədəbiyyat" qəzetində çıxdı, məni televiziyaya dəvət etdilər mən yazını orda da dedim. Başıma nə oyunlar gəldi o vaxt. Xalq şairimiz N. Həsənzadə də şahiddi . Mirzə Çəlilin başına gələn hadisənı xatırladım . Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını Bakıda çıxaranda bir karikatura çəkib. Azərbaycanı inək şəklində təsəvvür edib, birinin əlində stəkan, birinin əlində qəfədan, birinin əlində qazan inəyi sağmağa gedirlər. Mirzə Cəlili Mərkəzi komitəyə çağırıblar ki, bu nədi çəkmisən. Deyib "Əgər azərbaycanlı Azərbaycandan çıxan nefti qonşu ölkədən alırsa, mən neynəməliydim? " onunla da jurnal bağlandı . Cəlil Məmmədquluzadəni içərdən əritdilər ,o , xəstəlikdən , xiffətindən 1932-ci ildə dünyasını dəyişdi.
Qarabağ hadisələri başlamamışdan əvvəl ,o hadisələr Qərbi Azərbaycanda başladı. Azərbaycana qarşı təxribatlar hazırlayırdılar.Onlar kağız yazmışdılar, bir-bir düşürdülər qapılara deyirdilər bura qol çək ki, Qarabağ Ermənistan torpağıdı. Onlar da çəkmirdilər bunun üstündə onlar millətin başına oyun açdılar. Həqiqətin kökünü demək lazımdır. Bunlar uzaq olmayan tarixin faktlardır.
-"Yadigarlar" proqramı hazırladınız. Bu verilişi Sizin kitabınızın elektron versiyası da adlandırmaq olarmı?
-Tamamilə doğru dediniz. Verilişin layihə rəhbəriyəm, veriliş mənim şəxsi təşəbbüsümlə olub. Orda mən belə bir söz demişdim ki, "İndiyə qədər yazdıqlarıma ekran həyatı verirəm." Çünki mən uzun illər mətbuatda çalışdım, məni müəyyən dairələr oxudu. Amma hamı tanımadı, bilmədi. Amma bir neçə ay idi televiziyada çalışırdım, avtobusda uşaq gördüm anasına deyirdi ki, ana televiziyada gördüyümüz xaladı dur, mənə deyirdi əyləş. "Min il köhlən atı çapdım , yarı mənzil qət etmədim", bu fikri mən tez-tez işlədirəm. İki gün idi televiziyaya çıxmışdım ,artıq məni tanıyırdılar. Yəni televiziya , efir tanınmaq üçün, tanıtdırmaq üçün , eşitdirmək üçün gözəl vasitədir. Mənim 1990-cı illərdə "Gənclik" jurnalında yazım çıxmışdı. Yazı Flora Kərimovaya həsr edilmişdi. "Nə xoşbəxt idim bir zaman Allah" mənim adımı da ,gözəl görünsün deyə qara lövhənin içində vermişdilər. Metroda yanımda oturan bir qız gördüm oxuyur və yanındakına deyir ki, mən bu müəllifi çox sevirdim, heyif ölüb. Mən də döndüm dedim ki, ölüb -ölüb də Allah rəhmət eləsin. Qız mənə əsəbi şəkildə dedi ki, niyə elə deyirsiniz, niyə ölsün. Demədim ki, o mənəm,yəni tanınmırdım üzdən. Televiziyanın ən böyük rolu məni üzdən tanıtdı.
-Niyə əvvəllər ekrana, televiziyaya müraciət etmirdiniz?
-Mən ümumiyyətlə ,efirlərdə həmişə qonaq olmuşam və qəzetə bağlı adam olmuşam. Qəzetdə işlədiyim illər bu gün qolumdan tutur. Mən redəktə ilə danışıram. Qəzetçilik çox çətin amma şərəfli işdir. Ondan sonra bir yerdə işləməliydim və düşündüm ki, ekran həyatına gətirim bunları. Məncə pis olmadı.
- Övladlarınız görmək istədiyiniz yerdədir?
-Böyük oğlumu həkim görmək istəyirdm, sonra dedim ay ogul hüquqşünas ol, bir də gördüm oğlum girib jurnalistikaya. Jurnalistikanın bütün pillələrini keçdi. İkinci oğlumun , mənimlə birgə veriliş aparan Bəhruz Niftəliyevin bir sözü var , hər zaman deyir "bizim məktəbimiz, təhsilimiz evdən başladı". Bu gün də veriliş aparır, deyir mən hər verilişdə bir Akademiya bitirirəm. Bu sahənin çətinliklərini bilirəm ,balalarımın bu çətinliklərdə olmasını istəmzdəm , onların mühiti onları bu sahəyə gətirdi. Amma sevinirəm ki, hər ikisi öz sözünü deyə bildi. Fəxr edirəm mən onlarla. Hətta kiçik nəvəmə bir dəfə soruşdum ki, nənə qurban böyüyəndə nə olacaqsan, dedi ki, mən də sənin kimi jurnalist olacam. Dedim yox, sən olma. Elə agladı ki, yox olacam öz də, verliş aparacam.
-Flora Xəlilzadənin üzünə "qapılar" asan açılıb ?
-Heç qapı döyməmişəm, heç marağım da olmayıb. İnsanlar yaxşı və pis mənada öz xarakterinin qurbanıdır. Mədəniyyət Nazirliyinin xətti ilə xarici ölkələrə mədəniyyət günləri ilə baglı tez-tez səfərlərə gedirdik. Bir dəfə dedilər ki, Səudiyyə Ərəbistanına gedəcəyik, sevindim ki, Məkkəni Umrə ziyarəti edərəm. Mən Peygəmbərin mədhi ilə baglı əsər yazmışdım. 1994-cü ildə Türk dilli dövlətlər arasında keçirilən müsabiqədə yer almışdım. Orda yazmışdım ki, "Ayagın dəyən yerlərə başımı qoya biləydim". Çox istəyirdim ki, ora gedim. Amma alınmadı ,bacım agır xəstə idi. Hüzr yerində ordan sohbət düşdü, mən təəssüflə danışdım ki, gedəcəkdik , gedə bilmədik. Uşaqlıq dostum- yaxınım vardı orda o söhbəti eşitmişdi. Üzərindən bir il keçmişdi, bir gün mənə dedi ki Məkkəyə getmək istəyirsən, dedim hə. Həmin xanımın vasitəsiylə ,köməkliyi ilə mən ora getdim və bütün səvabımı da onun adına yazdım. Adına qurban da kəsdim, dualar da etdim. Bax belə şeylər olub agız açmadan, təmənnasız edilən yaxşılıqlar. Belə şeylər unudulmur. Mən ilk mükafatımı jurnalist, qələm adamı olaraq 1994 cü ildə Türkiyədə aldım.
-Arzularınıza, istəklərinizə nail ola bilmisinizmi?
-Qələmdən başqa heç nə arzulamamışam. Bir onu arzulamışam ki, nəsə edə bilim ətrafımdakılara. Onu edə bilməyəndə ,bax onda sıxılıram, qırılıram .Çox istəmişəm ki, kiminsə qolundan tuta bilim ,bir istedadlıya yaşıl işıq yandıra bilim. Edə bilməyəndə çox pis oluram. Çünki ona səlahiyyətlərim çatmır. Özümdən "yuxarıda " olanlara adi şeyləri başa salanda əziyyət çəkirəm. Nəysə... əslində bunları dərd etməyə dəyməz. Vəzifə gəldi-gedərdi. Amma söz əbədi qalır, yaratdıqların əbədi qalır. Məclislərə gedərsən kimsə qabaqda oturar, ətrafında firlanarlar ,zaman keçər görərsən ki, onun izi-tozu qalmadı. Amma sən elə həmişə öz yerindəsən, qalırsan, müşahidə edirsən. Mahnıda deyildiyi kimi,
"kimlər gəldi, kimlər getdi bu dünyadan..."
Öz dərdini, problemini deməyi böyüklük saymıram. O, insan müdrik olur ki, o, başqasının sözünü, problemini çatdırır. Tələbə vaxtında da müdrik insanlarla dostluq etmişəm. Onlar mənə çox şey öyrədiblər. Həmişə deyirdilər ki, Flora yaşca özündən böyüklərlə oturub- durur. Mən Əzizə Cəfərzadə, Əzim Əzimzadənin qızı Zəhra Əzimzadə ilə, Sara Qədimova,Zəhra Quliyeva ilə dostluq edirdim. Onların hər biri mənim üçün bir məktəb idi. Mir Cəlal Paşayev, Nəsir İmanquliyev , Qulam Məmmədli yalnız dərs deyil , alilik öyrədirdilər. İndi onları dogru-dürüst təblig etmirlər. Mir Cəlal Paşayevin mənəvi aləmi o qədər dərin idi . İkinci kursda oxuyanda mənə kurs işi vermişdilər, "Mir Cəlalın yaradıcıllığında imperializmin tənqidi". Getdim yanına suallarım var idi . Dedi qızım niyə Mir Cəlal? Çaşdım qaldım , dedi qızım yadında saxla Mirzə Cəlil olan yerdə, Mir Cəlal olmaz. Öz adının üstündən xətt çəkdi yazdı "Mirzə Cəlilin yaradıcıllığında imperializmin tənqidi". Bu o qədər dəyərli bir faktdır, mən bunu yaşamışam . Bu böyüklüyün, aliliyin əksidir.
İkinci faktı deyəcəm Nəsir İmanquliyevlə baglı. Kursda bir qız vardı ailə vəziyyəti çox agır idi ,təqaüd də ala bilmirdi. Mən getdim Nəsir İmanquluyevin yanına dedi ki, ay qızım sən ona ərizə yazdır ki, ailə vəziyyətinə görə təqaüd ala bilsin.Mən hər ay öz maaşımdan verəcəm sinif nümayəndəsinə o, elə bilsin ki, təqaüd alır. Sinif nümayəndəsinə dedim o ,da dedi ki, biz elə öz aramızda iki manatdan yığsaq, o təqaüd düzəlir. Qıza ərizəni yazdırdıq, hər ay öz aramızda buna pul yıgıb təqaüd verdik. Bunları mən yaşamışam. İndi elə bir müəllim varmı, görmüsünüzmü? Əzizə Cəfərzadə hər gün dərsə gələndə mənə ,tələbəsinə bir mandalen gətirirdi. Yaxud Qulu Xəlilov bilsəydi ki, hansısa tələbənin vəziyyəti çətindi, mütləq ona qiymət yazardı ki, təqaüd ala bilsin. Bunlar dərsdən, təhsildən vacib olan insanlıq, mənəviyyat dərsləri idi.
-Anar, Vaqif Yusifli, Əzizə Cəfərzadə, Elçin, Fikrət Qoca, Nəriman Həsənzadə və bir çoxları ...ruhən Sizə daha yaxını kim olub?
-Onların hər birinə ayrı -ayrılıqda hörmətim ,məhəbbətim var. Amma uşaqlıqdan bəhrələndiyim Məmməd Arazdır. O mənə kitab üçün avtoqraf yazanda , yazmışdı ki, "özünün gözəl poetik aləmi olan balama... ". Mən Yazıçılar Birliyinə üzv olanda mənə birinci rəyi də o, vermişdi.
Yastı- yastı yapalaqlar yarıdı,
Girdə-girdə topalaqlar yarıdı,
Yarımadım heç nədən, yarımadım nə yaxşı
Çömçə tutan əlləri yalamadım nə yaxşı.
Məmməd Arazın sevdiyim şeirlərindəndir. Mənim də dilimin əzbəri , yol göstəricimdir.
"Azərbaycan müəllimi" qəzetində işləyirdim, bir məşhur şair şeirlərini gətirmişdi, o qədər zəif idi ki, redaktor məni çağırdı ki, sən filankəsin şeirlərini niyə təqdim etməmisən. Dedim o şerilər çox zəifdir. Sən demə adam da oturub yanında, üzdən tanımırdım onu. Məmməd Araz ikinci mərtəbədə əyləşirdi mən doqquzuncu mərtəbədə. Zəng elədi ki, gəl yanıma. Getdim,filankəsin şeirlərini sən niyə verməmisən dərc olunmağa dedi. Şeirlər çox zəif oldugunu bildirdim. Dedi ki, "ay qızım 50 ilin itinə hürməy öyrədirsən?"
Özümü həmişə Məmməd Arazın, Məmməd Aslanın, Həsən Əliyevin şinelinən çıxmış söz əsgəri hesab etmişəm.Məmməd Aslanın çox sevdiyim misrası var. Son vaxtlar dilimdən düşmür.
Dərdini qanana zindan əzabı,
Nəbzini tutana behiştdi dünya.
Udar padişahdan gədaya kimi
Eyləməz kimsəyə güzəşti dünya.
Mənim borclu oldugum insanlar var, təbii ki, ilk növbdə anama, formalaşmagımda böyük rolu olan bacıma, bir jurnalist kimi qazandıgım ugurlara görə isə mən , insanlıq məziyyətlərini Məmməd Arazdan, yazı üzərində işləməyimə görə Məmməd Aslana, elmi yazılarıma görə Akademik Həsən Əliyevə, tənqidi yazılarıma görə isə Qulu Xəlilova borcluyam. Başqa insanlarla münasibətdə hansısa nəzakətə, ünsiyyətə, səmimiyyətə, mehribançılıga meyl varsa, bu da Əzizə Cəfərzadədən gəlir.
- Maraqlı müsahibəyə görə çox sag olun, son olaraq arzunuz, istəyiniz?
- Arzum, istəyim nə ola bilər, təbii ki, torpaq, millət aşiqi olaraq torpaqlarımızın bütövlüyünü istəyirəm, yurduma getmək istəyirəm. Anamın vəsiyyətini yerinə yetirmək istəyirəm, Şuşa işgal ediləndən oglum ad günü qeyd etmir, eyni tarixə düşdüyü üçün,ogluma ad günü keçirmək istəyirəm,Şuşaya getmək istəyirəm. O gün olsun ki, Zəngəzurumuz, Göyçəmiz, Qarabagımız azad olunsun, Şuşamızda dalgalansın bayragımız. Nə qədər ki, torpaqlarımız işgal altındadır biz rahat ola bilmərik! Biz vətənpərvər gənclər yetişdirməliyik, bizə İbad Hüseynov kimi qorxmaz, igid ogullar lazımdır. Tanrı möhlət versin ki,mən Şuşanı görüm sonra ölüm. Mən düşünürəm ki, bu arzu hər birimizin, hər bir Azərbaycan vətəndaşının arzusu, istəyi olmalıdır! Rezonans.az