YARIMÇIQLIQ - İlqar Rəsul yazır
14 Aprel 2019 14:23 SosialFaciə baş verib. Bir uşaq ( həm də qız uşağı ) bütün cəmiyyətin üzünə tüpürüb özünü pəncərədən atıb. Başına gələnlər azmış kimi, harınlamışlar uşağın anındaca ölmədiyindən istifadə edib yenə də işgəncə veriblər ona. Əvvəl məktəbdə - 2 saat həkim çağırmayıb sorğu sual etməklə, sonra da xəstəxanada - "heç nəyi yoxdu " deyib ciddi müayinə etməməklə. Və qız ölüb.
Bütün bunlardan sonrakı vəziyyətə baxın:
Hətta dövlətin başçısı işə qarışıb, ciddi araşdırmalar aparılmasına göstəriş verdiyi, yəni hadisə barədə söz dediyi halda belə, deputat susur, alim susur, ziyalı susur, din susur. Mətbuat da yığışır belə hallarda nəyi verib nəyi verməməyi müzakirə edir.
Mətbuatdan söz düşmüşkən deyim ki: Azərbaycanda da mətbuatın, jurnalistikanın konkret prinsipləri, qızıl qaydaları və dünya təcrübəsinə söykənən hüquqi bazası mövcuddur. Əgər indiyədək bu qaydalara məsuliyyətli yanaşılsaydı, jurnalistlər hər il Milli Mətbuat günü dövlətdən və şirkətlərdən nə qopara biləcəkləri barədə düşüncələri kənara qoyub, bir az da peşəkarlıq barədə düşünsydilər, indi, Elina məsələsində, fakt olduğu dəqiqləşməyən məlumatlar, şəkillər yayıb, bu dünyada onsuz da yetərincə incidilmiş bir cismin ruhuna işgəncə verməzdilər, ailəsinin, yaxınlarının və təəssübünü çəkənlərin könlünü bulandırmazdılar. Amma etdilər və yenə də edəcəklər...
Amma olmaz belə. Təhsil, səhiyyə, mətbuat və s. İlə bağlı insanlar savadlı olmalıdılar. Başqa çıxış yolu yoxdu.
Məncə biz bir fərd olaraq da, cəmiyyət olaraq da, yetkili-yetkisiz insanlar olaraq da mümkün qədər savadlanıb, tərbiyələnib bütövləşməliyik. Bütövləşməliyik ki, cəmiyyətimizi irəli apara bilən sahələrimiz yarımçıq və yarıtmaz olmasın. Əks halda biz bir cəmiyyət olaraq daim yarımçıq qalacağıq. Elinanın əbədi yarımçıq qalan (hətta yarıya çatmayan) ömrü kimi.
Və uşaqlar hərə öz bacardığı qaydada üzümüzə tüpürəcəklər. Hətta ölkənin bütün qapı və pəncərələri qapadılsa belə...
İlqar Rəsul