Baş həkimdən Elinanın atasının ittihamlarına CAVAB: "Xəstənin ölümündə günahkar"

"Semaşko haqda hər zaman mediada xoşagəlməz məlumatlar yayılıb. Xəstəxanada təcrübəli həkimlərimiz var. Bu cür məlumatlar yaymaq, Səhiyyəni nüfuzdan salmaq heç də xoşa gələn deyil".

Bu sözləri Sonxeber.az-a Elina Hacıyevanın atası Ədalət Hacıyevin qızının ölümündə həkim səhlənkarlığı iddialarına münasibət bildirərkən Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov söyləyib.

Baş həkim bildirib ki, xəstəxanada Elinanın valideynlərindən heç bir Səhiyyə işçisi pul istəməyib:

"Hansı həkim və ya tibb bacısı pul istəyibsə, ad soyadını desinlər lazımı ölçü götürüm. Guya 5-10 manat pul istəyən işçi kiminsə taleyini həll edir? Həmişə deyiblər, yenə də deyirlər, Səhiyyə işçilərinin pul istədiyini".

Ə.Dadaşov həkim səhlənkarlığı ilə bağlı fikirlərə də toxunub:

"Xəstənin ölümündə həkim səhlənkarlığı baş verərsə, o zaman həkim işi açılır. Bununçün də Həkim Məsələhət Komissiyası var. Diaqnozlar qoyulur, Tibbi Ekspertizaya göndərilir və analiz olunur. Əgər Elinanın ölümündə həkim səhlənkarlığı araşdırılsa, o həkim barəsində qərar qəbul olunacaq".

Baş həkimin sözlərinə görə, Elina bir neçə dəfə intihara cəhd edib:

"O qız ağır dərman zəhərlənməsi, özünə qəsd, bir neçə etaplardan keçib. Həkimlər sonuncu instansiyadır. Həkimləri günahlandırmağa nə var ki? Həm də asandır, ancaq əldə əsas olmalıdır. Həkimlər də qızın həyatda sağ qalması üçün əllərindən gələni ediblər".

Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31