“Bir il sonra keçirilən rəy sorğusu səsvermənin nəticəsi ilə eyni nisbəti təsdiq edir”

"Respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib".

Bunu Azadinform-a beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova Fransanın "Opinion Way" şirkətinin fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusuna münasibət bildirərkən deyib. 

O bildirib ki, Azərbaycanda son bir ildə də ictimai-siyasi sabitlik hökm sürüb: "Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri respondentlərin 85,1 faizi bütövlükdə müsbət qarşılayıb. "Opinion Way"in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin ölkə başçısına böyük etimad bəslədiyini bir daha təsdiq edib. Prezident İlham Əliyev 2018-ci ilin 11 aprel seçkilərində 86.3 faiz səs toplayaraq qalib gəlmişdi. Bir il sonra keçirilən rəy sorğusu da səsvermənin nəticəsi ilə eyni səs nisbətini təsdiq edir və bu da onu göstərir ki, prezident ötən müddət ərzində öz fəaliyyəti ilə seçicilərin etimadını doğrulda bilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31