Kimdir günahkar-məktəb,valideyn, yoxsa cəmiyyət? TƏHLİL

Azyaşlılarda aqressivlik hansı səbəbdən yaranır?

Azyaşlılarda aqressivlik hansı səbəbdən yaranır?

Psixoloqlar hesab edirlər ki, insanın canına qəsd etməsi üçün ciddi səbəblər olmalıdır. Çox zaman intihar edən şəxs yaşadığı vəziyyətdən çıxış yolu tapa bilmədiyi üçün bu addıma meyillənir. İntiharın səbəbləri kimi daha çox cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə  pozuntuları göstərilir. Eləcə də önəmli faktorlardan olan depressiyanın  yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu vurğulanır. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həlletmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir.

Paytaxt Bakıda fəaliyyət göstərən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar faktı gündəmi dəyişib. İndi cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri-ziyalısı, təhsil eksperti, psixoloqundan tutmuş müğənnisinə qədər hamı intihar hadisəsinə münasibət bildirməkdədir. Lakin heç kim fərqində deyil ki, intiharı yaradan səbəblər necə aradan qaldırılmalıdır. Heç kim düşünmür ki, nədən, hansı səbəbdən cəmiyyətdə-xüsusən məktəb yaşlı uşaqlarda bu qədər qəddarlıq, aqressivlik, insana nifrət hisssi formalaşıb. Kimdir günahkar-cəmiyyət, məktəb, yoxsa valideyn?

Hesab edirəm ki, Elinanın ölümündə birbaşa məsuliyyəti olan tərəflərin fikirləri bir çox mətləblərə aydınlıq gətirir. İntihar etdiyi deyilən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynova qızının ölümündə günahkar olan hər kəsin cəzalandırılmasını istəyir. Elinanın anası "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət etmişik" deyir.

Baş Prokurorluq faktla bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd edib.

Təhsil Nazirliyi bildirib ki, 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova bazar ertəsi günü işdən kənarlaşdırılıb. Bu faktlar deməyə əsas verir ki, azyaşlı uşaqları əhatə edən kəsim mövcud problemin aradan qaldırılması barədə deyil, özlərini xilas barədə düşünür. Ancaq reallıq ondan ibarətdir ki, nə qədər ki, azyaşlıların intiharına səbəb olan problemlər olduğu kimi qəbul edilib, onların aradan qaldırılması yolları araşdırılmayacaq, intihar hadisələri davamlı olacaq.  

Məlum olduğu kimi insanın həyat dönəmində yaşadığı psixoloji böhran dövrləri olur.  Həmin dönəmlərdə insanlar psixoloji cəhətdən həddən artıq yüklü olurlar və o da insanın bütün sinir sistemini yükləyir. Bu hal insanlarda əsəb gərginliyi yaradır və həmin anlarda insanların affekt vəziyyətinə düşmək riski yüksək olur. Kiçik bir təlatümdə, sıxıntıda əsəb krizi dönəmində affekt vəziyyətinə düşmək riski yüksək olduğuna görə insanlar intiharı  yaşayır. Uğrunda mübarizə apara biləcəkləri,  çatmaq istədikləri hədəflərin olmaması, əsasən də yaşamaq üçün səbəblərin olmaması, ciddi şəkildə arzuladığı, uğrunda çalışdığı bir məqsədinin olmaması insanlarda intihara meyilliliyin riskini yüksəldir. İntihara meyilli insanları araşdırdıqda, onların əksəriyyətinin özünə qarşı inamsız olmaları, özgüvən hisslərinin həddən artıq zəif olması faktı diqqəti çəkir. Belə halda nədən bu amilləri dərk edən pedaqoqlar, məktəb psixiatorları, valideynlər azyaşlını depresiyadan qaytarmaq istiqamətində profilaktik addımları atmaqda tərəddüd edirlər?  Axı, Elinanın müəllimləri, valideynləri sinif yoldaşları tərəfindən ona qarşı olan təzyiqi, təhqirli davranışı hər gün müşahidə edirdilər. Qeyd edək ki, intiharı düşünən insanlarda əsasən durğunluq başlayır, hər şeyə qarşı laqeydlik olur. Həyat eşqi sönür, heç bir şeyə marağı qalmır. Onların yaxınları bu halları gördükdə və yaxud hər şeyə həddən artıq aqressiv yanaşdıqlarını müşahidə etdikdə, mütləq müdaxilə etməlidirlər. Yeri gəlmişkən, mütəxəssislər ciddi şəkildə düşünməlidirlər ki, orta məktəb şagirdlərində bu qədər qəddarlıq və soyuqqanlıq nə səbəbdən yaranıb. Bu məsələdə internetin təsirindən danışmaqla problemi aradan qaldırmaq qeyri-mümkündür. Cəmiyyətə mərhəmət hissi əxz edən ciddi addımların atılmasına ehtiyac var.   

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təklif edir ki, orta məktəblərdə intihar hallarının aradan qaldırılması üçün məktəblərdə psixoloq ştatların sayı artırılsın. Əslində isə bu təklif də özü-özünü aldatmaqdan başqa bir şey deyil. Hamıya bəllidir ki, orta məktəblərdə psixoloqlar hansı funksiyanı yerinə yetirir və səlahiyyətləri nədən ibarətdir. Məktəb direktorunun icazəsi olmadan hansı psixoloq şagirdi təhsildən ayırıb onunla fərdi söhbət apara bilər?  Düzdür, hazırki təhsil sistemi şagirdlərə lazımi təhsil və təlim vermək iqtidarında deyil. Məktəblərdə şagirdlərin hansı hoqqaladan çıxdıqları da heç kimə sirr deyil. Buna baxmayaraq məktəblərdə baş verən intihar halları təkcə təhsil sisteminin problemi deyil. Məktəbin beş addımlığnda gecə-gündüz barlar fəaliyyət göstərirsə, köşklərdə "ştuçni" siqaret satılırsa, kafelərin qapısı ağzında min cür əxlaqsızlıqlar tüğyan edirsə, deməli, azyaşlıların intiharı bütövlükdə cəmiyyətin problemidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31