Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış

Azərbaycanda milli ideologiyanın
yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)
milli mənəvi dəyərlərin rolu

Etnos, millət, milli ideya, milli ideologiya
və b. anlayışların məzmunu və təkamülü

Faiq Ələkbərli, 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dos., dr. 

Ə.Tağıyev isə etnosla bağlı bir neçə tərif verir: etnos -sosial kateqoriyadır; təbiətin övladıdır; mənşə ümumiliyinə əsaslanan kollektivdir; hər şeydən əvvəl müəyyən bir kökə və nəslə malik insan birliyidir [175, 12]. "Millət" anlayışına gəlincə, o yazır: "Etnos ittifaqının yüksək forması olmaq etibarilə millət - insanların sosial-iqtisadi və mənəvi ümu­mi­li­yi zəminində formalaşan müəyyən psixi və milli mənlik şüuru ünsürlərinə malik tarixi birlik formasıdır" [175, 18]. Z.Quluzadə isə hesab edir ki, etnos insanların ərazi, sosial-siyasi həyat, dil və mənəvi mədəniyyət birliyi əsasında for­ma­laşan yığcam birliyidir: "Etnos tarixi kate­qoriya­dır. Ta­ri­xin gedişində mövcud etnosların bazasında, onların diffe­ren­sasiyası və inteqrasiyası prosesi nəticəsində etnoslar bir-birini əvəz etmişlər. Bu, cəmiy­yətin etnogenetik inkişafının ümumi qanunauyğunluqlarından biridir" [249, 12]. Y.Tür­kel isə yazır ki, millət - eyni şüurlu, adət-ənənəli, mə­də­niy­yət­li, ictimai psixologiyalı, ideologiya­lı, həyat tərzli in­san­la­rın siyasi birliyidir. Ancaq "millət" anla­yışına, bütün özəl­lik­lərini nəzərə alaraq dəqiq tərif ver­mək mümkün deyil: "Tam düzgün açıqlamanın çətinliyin­dən onu çox vaxt "Millət=xalq+dövlət" formulu ilə ifadə etməyə çalışırlar" [224, 315]. M.Ağayevə görə, cəmiyyət tarixində insanların müxtəlif birlikləri: qəbilə, tayfa, xalq və millət mövcud olmuşdur. Millətin yaranmasında, onun varlığında isə dil, ərazi, iqisadi və mənəvi həyat tərzi birliyi mühüm rol oy­na­mış­dır: "Ancaq bu əlamətlərdən heç biri ayrılıqda millət an­la­yışı üçün kifayət deyildir" [10, 20]. Onun fikrincə, in­cə­sənət, tarix, ədəbiyyat, adət-ənənə, din və s. isə millətin tə­şək­külü üçün başlıca və zəruri əlamətlər sayılmır: "Lakin əgər millətin mahiyyəti və məzmununu daha incəliklərinə qədər öyrənsək, onda yuxardakı təriflərdə əlamət kimi sadalanan adət, ənənə, ədəbiyyat, tarix və incəsənət, tarixi keçmiş və qə­bilə quruluşunun ümumiliyini də milləti şərt­ləndirən əla­mət­lər kimi qəbul etmək olar" [10, 19].

"Millət" termininə bir qədər fərqli prizmadan yanaşan Əbülhəsən Abbasovun fikrincə, "millət"i ifadə edən "milli­lik" və "millətçilik" anlayışı bir çox hallarda qarış­dırılır, ix­ti­yari surətdə istifadə edilir: ""Millətçilik" anlayışı bir mil­lə­tin keyfiyyətlərini şişirtmək, nöqsanlarına isə göz yummaq yolu ilə digər millətlərə qarşı qoymaqdırsa, "milli­lik" an­la­yı­şı millətin öz milli mənliyini, milli şüurunu, mədə­niy­yətini, di­nini, tarixini, adət-ənənəsini və s. layiqincə qiymətlən­dir­mə­sini, bu­nun­la yanaşı, digər millətlərə də hörmət və lə­ya­qət­lə yanaşıl­masını ifadə edir" [227, 34]. Ə.Abbasova görə, millətləşmə, insanların milli ideya zəminində nizamlı bir­li­yi­ni, millətin bu gününə və gələcəyinə birgə məsuliyyətini nə­zər­də tutur: "Millətləşmə - etnik müəyyənləşməni siyasi və hüquqi müəy­yən­ləşmə səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir. Millətləşmə - əqli-intellektual, ruhi və fiziki güm­rah­laşma, intibaha­qovuşma yoludur. Bu intibah isə M.Ə.Rə­sulzadəyə görə, millətin hüquq və şərəfini mü­da­fiə etməyə qadir gücdür, dünyaya məhəbbətdir. "Millət" ol­maq mərhələsi və statusu yalnız milli dirçəliş, vahid döv­lət­çi­liyə və mədəniy­yətə mənsubluq vasitəsilə müm­kün­dür ki, bu da hər şeydən öncə milli müstəqillik zəminində ger­çək­lə­şə bilər" [227, 37].

"Etnos", "milliyyət", "millət", "xalq" və s. anlayışlara yu­xarıda verilən onlarla təriflərdən görünür ki, bu mə­sə­lə­lər­lə bağlı elmi, fəlsəfi ədəbiyyatda birmənalı fikir yoxdur. Ha­zır­da bu anlayışlar, o cümlədən "millət"lə bağlı elmi ədə­biy­yat­da 300-dən çox tərif mövcuddur ki, bu da hər bir xalqın özünəməxsusluğu, dini-fəlsəfi dünyagörüşü, milli ideolo­gi­ya­sı və s. ilə əlaqədardır. "Milliyyət", yaxud "etnos" dedikdə dili, soykökü, adət-ənənələri və əxlaqı, məişət ümumiliyi və s. bir olan tayfalar birliyi başa düşülməlidir. Ümumiyyətlə, etnosun sinonimi milliyyətdir və burada başlıca olaraq sırf dil, soykök, adət-ənənə, əxlaq və məkan birliyi nəzərdə tutulur. Lakin bu mənada "milliyyət" və "etnos" siyasi-ideoloji əh­ə­miy­yət kəsb etmir. Fikrimizcə, etnos siyasi-ideoloji mənada meydana çıxanda "millət" anlayışı da yaranır ki, bu da, daha çox dövlətin yaranması ilə bağlıdır. Yəni "etnos" və "mil­liy­yət"ə yeni məna verən dövlət olduğu üçün, burada konkret olaraq yalnız bir etnosun hakimiyyətindən söz açmaq artıq çətinləşir, çünki ən yaxşı halda konkret bir etnosun hakim üstünlüyündən söhbət gedə bilər, ancaq həmin dövlətin tər­ki­bindəki bütün etnosları eyniləşdirmək, eyni bir soya, dilə, mədəniyyətə, dinə və s. malik olduğunu söyləmək isə qətiy­yən mümkün deyildir. Görünür, qədim dövrlərdə və orta əsr­lərdə mövcud olmuş dövlətlərdə bu məsələlər bir o qədər vacib olmadığı üçün, indi Midiya, Atropatena, Alba­ni­ya və b. dövlətlərin etnik tərkibi və dili ilə bağlı kifayət qə­dər uy­ğun­suzluqlar meydana çıxmışdır. Etnik kimlik və dilin müəy­­yənləşməsin­də etnos və milliyyət anlayışlarına dar mə­na­da, yəni kon­kret yanaşmaq lazımdır. Etnos və milliy­yət­lə müqayisədə isə "millət" daha geniş anlayışdır və dar çərçivə ilə məhdudlaşdırıla bilməz.

"Millət" tarixən müəyyən bir ərazidə yaşamağa məcbur olan, iqtisadi münasibətlərə malik, bir çox hallarda eyni bir dinə tapınan, zaman-zaman soykökə, dilə, mənəviyyata əsa­sən qohumlaşan və həm birsoylu, birdilli (məsələn, türksoylu, türkdilli) tayfaların, həm də fərqli soylu, fərqli dilli (türk­soy­lu-türkdilli, farsdilli, qafqazdilli və b.) tayfaların siyasi-ideoloji mənada birliyidir. Bu siyasi birliyin ən bariz nü­mu­nə­si dövlətin yaranmasıdır. Dövlətlərin, imperiyaların yaran­ma­sı ilə, hakim və ya qeyri-hakim vəziyyətdə olmalar­ın­dan asılı olmayaraq, eyni bir hakimiyyətin sərhədləri çərçi­və­sin­də yaşamağa məcbur olan (konkret Azərbaycan və İran dövlətlərinin timsalında), bəzən soykökü baxımından türk olmayan tayfalar türkləşərək daha çox türklüyü, azərbaycan­lı­lığı, başqa halda isə soykökü fars olmayan tay­fa­lar fars­laşaraq farslığı, iranlılığı təmsil etmişlər. Doğ­ru­dur, hansı etno­s­un və etnosların (türkdilli, farsdilli, qaf­qaz­dilli və b.) hakimiyyətdə olması, ümumilikdə həmin dövlətin əra­zi­sində yaşayan, ancaq hakim etnosla bağlı olmayan tay­fa­la­rın çox vaxt assimilyasiyası ilə nəticələnmişdir. Ancaq unut­maq olmaz ki, bu proses əsrlər boyu yalnız bir isti­qa­mət­də deyil, qarşılıqlı şəkildə baş vermişdir.

Beləliklə, müxtəlif dövrlərdə soykök və dil baxımından qohum və yad etnoslar bir-birilə qaynayıb-qarışmışdır ki, bu­nun da nəticəsində artıq "millət" anlayışı çərçivəsində farslaş­mış türklərə, türkləşmiş farslara, almanlaşmış fransız­lara, fran­sız­laşmış almanlara və b. rast gəlmək mümkündür. Bu baxım­dan, tarixən, soykökü fars, kürd, talış və s. olması­na baxma­yaraq Səlcuqlar, Səfəvilər, Osmanlı Türkiyəsi, Türkiyə, Azər­bay­can və b. türk dövlətlərinə xidmət edən ziya­lı­lar, dövlət adamları, eləcə də soykökü türk olub Əhə­mə­ni­lər, Sasanilər, Kiyev-Rus, çar Rusiyası, İran İslam Res­pub­li­kası və b. fars və rus dövlətlərinə xidmət edən tarixi şəx­­siy­yət­lər, mütəfəkkirlər də olmuşdur. Bütün bunlara bax­ma­yaraq əsrlər boyu "hakim millət", "əsas millət" anlayışı da öz yerini qoruyub saxlamışdır ki, bu da dövlətin özəyini təşkil edən aparıcı etnoslarla bağlıdır. Deməli, "millət" an­la­yışı dövlətin yaranması ilə bağlı nə qədər siyasi-ideoloji məna daşısa da, ona yad olan tayfalarla nə qədər qaynayıb-qa­rışsa da, o, özünün başlıca, qohum etnoslarından təşkil olun­masını heç vaxt inkar etməmişdir və edə də bilməz. Belə ki, "millət" anlayışı döv­lət­çilik baxımından nə qədər siyasi-ideoloji məna daşıyıb, bir-birinə qohum və qohum olmayan etnik qrupları özündə ehtiva etsə də, bir o qədər də onun yaranmasında və dövlət kimi meydana gəlməsində başlıca rol oynayan vahid etnos(lar) və milliyyətlə bağlıdır. Bir sözlə, heç vaxt inkar oluna bilməz ki, istər ən qədim dövrlərdə, istər erkən orta əsrlərdə və ya orta əsrlərdə hər hansı bir dövlət, imperiya yaranarkən əsasən, başlıca rolu bir etnos, yaxud da bir-birinə soykökü etibarilə qohum olan bir neçə etnos oynamış, hətta dövlət də etnosun-tayfanın adı yaxud da, et­no­sun başçısının adı ilə (osman-Osmanlılar, səlcuq-Səlcuqlar, ərəb-Ərəb Xi­la­fə­ti, türk-Türkiyə, alman-Almaniya, fransız-Fran­sa və b.) ad­lanmışdır. Ancaq zaman-zaman həmin döv­lət­də, imperiyada başlıca etnos və ona qohum olan et­nos­lar­la yanaşı, qohum olmayan yad etnos­lar, tayfalar da mühüm rol oynamış, hətta dövlətin, imperiyanın hökmdarları ilə qohumlaşaraq, müəy­yən mənada ona şərik olmağı bacar­mış­lar. Bütün hal­lar­­da isə, hakim etnos və etnoslar, hə­min dövlətdə, impe­ri­ya­da başlıca millət sayılmış­dır və bu gün də belədir, başqa cür də ola bilməz. Deməli, Azər­­bay­can­da milliyyət, etnos baxımın­dan türklər "əsas millət", "ha­kim millət"dir və siyasi-ideoloji məna­da "azər­baycanlı" adlanan millətin 90 faizindən çoxu­nu təşkil edir.

Bu baxımdan, çağdaş dövrümüzdə "millət" anlayışını iki cür fərqləndirmək olar: 1. Millət - vahid əraziyə, tarixə, soy­kö­kə və dilə, milli özünəməxsusluğa, adət-ənənələrə və əxlaqi dəyərlərə əsaslanan etnosların siyasi-ideoloji birliyidir; 2. Mil­lət - qarışıq və sinkretik mədəniyyətə, dini-fəlsəfi dünya­gö­rü­şə, bir-birinə yaxın adət-ənənələrə, bununla yanaşı vahid əra­ziyə, hətta bu ərazidə qədim dövrlərdə mövcud olmuş dövlətçilik ənənələrinə eyni şəkildə iddialı, ancaq soykökə və dilə görə bir-birinə yad olan, zaman-zaman qaynayıb-qarışan etnosların birinin müəyyən, yaxud da başlıca üstünlüyü (həmin etnoslardan birinin dilinin dövlətdə əsas dil olması, sayca çoxluğu, dövlət atributlarında təmsilçiliyi və s.) nətic­ə­sin­də meydana çıxmış siyasi-ideoloji birlikdir. Deməli, bi­rin­ci­ni "monomillət" (tək bir etnos, tək bir millət və s.) ikincini isə "polimillət", yaxud da "polietnos"lu mil­lət (çünki bu­ra­da "çoxmillətlilik" əsas deyil, tək bir mil­lət, ancaq bir-birinə soykök və dil baxımdan fərqli etnos­la­rın birliyi əsasdır) ad­lan­­dırmaq olar. Bəllidir ki, hazırda dün­­yanın çağdaş si­ya­səti, demokratik dəyərləri, qlobal­la­şa­ma, milli və dini dö­züm­lü­lük və s. amillər üstünlüyü "po­li­mil­lətə", daha doğru­su "po­li­etnos"lu millətə verir.

Fikrimizcə, "xalq" anlayışı "etnos", "milliyyət" və "mil­lət" anlayışları ilə müqayisədə daha geniş anlayışdır. "Xalq" anlayışı bir tərəfdən "milliyyət"dən (etnos olmaq­dan) "millət"ə (siyasi-ideoloji birliyə) keçiddirsə, başqa tərəf­dən "milliyyət" (etnos) və "millət"i ümumi şəkildə ifadə ed­ən bir məfhumdur. Yəni soykök, dil, mədəniyyət, adət-ənənə, əxlaq və s. baxımdan bir-birinə yad və ya doğmalığın­dan asılı ol­ma­ya­raq onların vətəndaş ümumiliyi "xalq" adlana bilər. Mə­sə­lən, "Azərbaycan xalqı" dedikdə, hazırda burada yaşayan, bu öl­kənin vətəndaşı olan bütün etnik qruplar, millətlər (türk, rus, gürcü, fars, talış, tat, ləzgi, avar, kürd, ukraynalı, latış, belorus və b.) başa düşülür. Heç kim deyə bilməz ki, hazırda onlardan hər hansı biri Azərbaycan xalqının tərkibinə aid de­yil. Fikrimizcə, "Azərbaycan xalqı" termini çağdaş dövrün tələblərinə uyğun şəkildə formalaşıb, müəyyən status alana qədər Azərbaycanda yaşayan bütün etnik qrupların və mil­lət­lərin ümumiliyini ifadə etmək üçün, dini mənsu­biy­yət­lə­ri­nə görə "ümmət"-"müsəlman", "Qaf­qaz müsəlmanları", "is­­lam milləti", etnik kimlik baxımın­dan "tatar", "per­si­yan", "türk"-"türk dili", "türk milləti" və b. anlayışlardan is­tifadə olunmuşdur.

Millətin formalaşma prosesində milli mənəvi dəyərlər və yaxud milli mentalitet (lat. "mens" sözündəndir, ağıl, dü­şün­cə, ruhi-mənəvi yanaşma tərzi deməkdir) də mühüm rol oyna­yır. Yəni vahid bir ərazidə yaşayan, eyni soykökə, dilə, iqtisadi həyat birliyinə malik olan müxtəlif etnoslar üçün mənəviyyatın, özünəməxsusluğun olması və saxlanılması da vacibdir. Qeyd etmək lazımdır ki, millətin millət olma səbəb­lərindən biri kimi məhz mənəviyyat birliyi, onun mənəvi siması, mənəvi dəyərləri, eləcə də yalnız bu in­sa­nlara məxsus key­fiy­yətlər (mentallıq) göstərilir. Azər­bay­­can türkl­ərinin başqa millətlərdən fərqli özünə­məx­sus­lu­ğu kimi dini tolerant­lıq­larını, yad etnoslarla tez qaynayıb-qa­rış­ma­la­rı­nı, qonaq­pər­vər olma­larını, əfv diləyənləri bağış­la­malarını və s. göstərmək olar.

"Mentalitet" anlayışını geniş şəkildə tədqiq edən f.e.d. H.Quliyevin fikrincə, onun arxetip ünsürləri geniş zaman diapazonunda dəyişməz qalır. Bu baxımdan "mentalitetin tərəqqiyə münasibətdə xüsusi immunitetə malik olduğunu, ənənəvi ictimai təsisatlara daxil olduğunu" görmək olar. Alimə görə, keçid dövründə baş verən yeniləşmə mentalitet anlamını ortaya qoyub ki, bu da, keçmişin xüsusiyyətlərini qorumağı, yaxud da bu günün tələblərini mentalitetin xü­su­siy­yətlərinə uyğunlaşması zərurətini yaratmışdır [254, 120]. R.Aslanova da H.Quliyev kimi ideolo­giyanı arxetip­liklə əlaqələndirərkən mentalitet məsələsinə də toxunmuş­dur: "Mahiyyətcə ictimai fenomen olan mentalitet, ictimai şüu­run yüksək səviyyədə rasionallaşdırılmış formalarını (elmi, dini, fəlsəfəni, siyasəti, mədəniyyəti, ideologiyanı və s.) təhtəlşüur aləminin dərin qatları ilə arxetip "mədəni sim­vol və kodlarla" əlaqələndirərək insanın bütövlükdə həyat tər­zini formalaşdırır" [12, 87]. Y.Türkel isə yazır ki, milli men­tal­itet "millətin tarix boyu yaşadığı təbii şəraitin, uğurlu, ağrılı-acılı, mədəni, iqtisadi, sosial, dini, ruhi-mə­nə­vi həyat proseslərinin təsirilə formalaşıb, onun davranış və fəaliy­yə­tin­də görünür" [224, 319]. Deməli, mentalitet hər bir xalqa aid milli mənəvi dəyərlərin özünəməxsus şəkildə ifadə­sidir. Başqa bir tədqiqatçı Q.C.Əliyevin fikrincə, mental­itetin fəl­səfi-tarixi, mədəni-etnik səviyyələrdə öyrənil­mə­si vacibdir. Onun fikrincə, mentalitet sosial-fəlsəfi feno­men ol­maq­la yanaşı, həm də adətlərin, əxlaqi sərvətlər­in, dini eti­qad­ların, şüurun, vərdişlərin sayə­sində formalaş­mış­dır: "Men­talitet əsasən, orijinal təfəkkür üsulunu, ağıl tərzini, hətta sosial-psixoloji ovqatı bildirmək üçün işlədilir" [89, 29].

Fikrimizcə, milli mənəvi dəyərlər və milli mentalitet əsa­sən, bir-birlərinə yaxın anlayışlardır. Həmin bu anlayışlarda millətin keçmişə aid irsi, dini-fəlsəfi dünya­görüşü, özünə­məx­sus cəhətləri və s. öz əksini tapır. Sadəcə olaraq, milli mənəvi dəyərlər daha geniş məna daşıyır və millətin bütün tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiy­yatını və s. özündə əks etdirir. Milli mentalitet isə daha çox insanların ictimai şüruundakı dünyagörüşün özünəməxsus­luğunun ifadə­si­dir. Bu baxımdan, milli mentalitet milli mənəvi dəyərlər­dən milli özünüdərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli özünəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özünüdərkə ehtiyac yaranır. Yəni millət etnik kimliyinin, dilinin, mədəniyyətinin və s. assimilyasiya olun­ma­sını sövqi-təbii hiss edərək özünü­mü­dafiəyə cəhd edir. Bu zaman milli mənəvi dəyərlər milli mentallıq formasında - etnik mənşəyi, dili, mədəniyyəti, di­ni ideologiyası, sosial həyatı, məişət münasibətləri və s. ilə bağlı keçmişini şüurunda canlandırıb onu yalnız ona aid olan milli mənəvi dəyərlərlə, milli sərvətlərlə mübarizə apar­ma səviyyəsinə yüksəldir. Bu isə, istər-istəməz milli oyanışa səbəb olur. Ümumiyyətlə, mentallıq hər bir millətin özünə­məx­­sus psixoloji, mədəni, dini və fəlsəfi hə­yat tərzidir. Bu mə­nada hər hansı bir millət özünü başqa xalq­lardan fərq­lən­dirmədən, yalnız onun keçmişinə məxsus olan milli xü­su­siy­yət­ləri müəyyənləşdirmədən milli istiqlal uğrunda mübarizə apara bilməz. Milli mentalitetin yüksək səviyyəyə qalxması ilə milli özünüdərk prosesi başlayır. Bu mənada milli men­ta­li­tetə aid olan hər bir anlayış milli özünüdərk səviyyəsinə qalxıb milli ideyaya çevrilə bilməz. Yalnız o anlayış, milli mentalitet səviyyəsindən milli özünü­dərkə qədər yüksələ bilər ki, onun ciddi elmi, fəlsəfi və s. əsasları olsun. Çünki milli mentalitetdən fərqli olaraq milli özünü­dərk hər hansı bir etnik toplumun başqa etnoslardan fərqli özəlliklərini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir.

Fikrimizcə, milli mənəvi dəyər(lər) dedikdə isə, ilk növ­bədə milli ideologiyanın yaranmasında mühüm rol oynamış milli sərvətlərimiz, mədəniyyətimiz, mənəviyyatımız, dilimiz, adət-ənənələrimiz, dini-fəlsəfi dünyagörüşümüz və s. başa düşülməlidir. Əslində burada başlıca, önəmli olan milli mə­nə­viyyat, milli sərvətlər, milli özünəməxsusluq, yaxud da milli mentalitetdir. Bu mənada "milli mənəvi dəyər" an­la­yı­ş­ın­dakı "dəyər" sözü isə qiymətləndirmədən daha çox hər bir xalqa məxsus sərvəti, özünəməxsusluğu, mentallığı və s. ifa­də edir. Bu baxımdan "Azərbaycanda milli ideolo­gi­ya­nın yaranmasına qədərki dövrdə milli mənəvi dəyərlərin rolu" dedikdə, Azərbaycan xalqına məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların və s. ideo­lo­gi­ya­ya çevrilməsi prosesi nəticəsində bütövləşməsi, çul­ğa­laş­ma­sı və vahid xətt üzrə formalaşmasına zəmin yaradan də­yər­lər nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azər­bay­can xalqında milli ideologiya təşəkkül tapana qədər hər hansı bir ideyanın və yaxud ideyaların olmaması demək de­yil­dir. Əksinə həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin və s. nə cür vahid şəkilə salınması, bütövləş­məsi, başqa sözlə ideo­lo­gi­ya­laş­masının təzahürlərinin hansı mənəviyyat və milli sərvətlər nəticəsində meydana çıxması ilə bağlıdır. Bir sözlə, mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlı olub, insanın özünü, təmsil olun­duğu etnik kimlik çərçivəsində təsdiqləməsidir. Milli mənəvi də­yərlərin, milli sərvətlərin yaradıcısı millətin ayrı-ayrı üzv­lə­ri olsa da, həmin üzvlərin mənəvi-əxlaqi ideyaları sonralar bü­tövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azər­bay­can xalqı da milli dilini, milli mentalitetini, milli xarakterini, milli adət-ənənələrini və s. məhz milli mənəvi dəyərlər şək­lin­də qoruyub saxlamışdır.

Yeri gəlmişkən, "milli" sözünə də aydınlıq gətirilməsi zəruridir, çünki bu söz bir sıra anlayışların - milli mənəvi də­yərlər, milli mentalitet, milli özünüdərk və b. ayrılmaz tər­kib hissəsi kimi çıxış edir. Eyni zamanda hazırda "milli" sö­zün­dən yalnız elmi-kütləvi ədəbiyyatda deyil, başqa sa­hə­lər­d­ə də geniş şəkildə istifadə olunur: milli dövlətçilik, Milli Elmlər Akademiyası, milli fond, milli mərkəzi kitab­xana, milli ordu, milli birlik və s. Bu qədər geniş çalarlara malik olan "milli" sözü isə ərəb dilindən götürülmüşdür və "millətə məxsus, yerli" [20, 127] anlamını verir.

Milli ideya məsələsinə gəlincə, bu anlayış da bir çox filosofların, politoloqların, ideoloqların və b. araşdırma mövzusu olmuşdur. Qeyd edək ki, milli ideya anlayışını ilk dəfə XVIII əsrdə Fransada A.Vasyxaunt işlətmişdir. Həmin dövrdə Fransada milli ideya dedikdə, milli təəssüb­keşlik, millətçilik və s. başa düşülürdü. Bu dövrün tanınmış fransız maarifçi-filosofu J.J.Russo isə hesab edirdi ki, milli ideya sayəsində vətəndaş vətənə tabe olur və vətən onu şəxsi as­lı­lıq­dan qoruyur: "İctimai vətəndaş cəmiyyətinə keçid onun in­san hərəkətinin universal meyarı kimi ədalət instinkti ilə əvəz olunması deməkdir [266, 221]. Sonralar başqa fransız alimi C.Mişle milli ideyanı həm Vətənin, həm də dünya hə­ya­tının başlıca amili kimi irəli sürmüşdür [266, 41]. Fran­sa­da yaranmış Annalılar məktəbinin nümayən­də­lərinə görə isə, milli ideya mənəvi ümumilik olmaqla millətin hər bir üzvünün hərəkətinin könüllülüyünü və dərk olunmasını tələb edir [241, 5]. Ümumiyyətlə, XVIII-XIX əsrlərdə Fransada mey­dana çıxan milli ideya anlayışı, çağdaş anlamda "mil­lət" anlayışının yaranması və inkişafında mühüm rol oyna­mış­dır. Bu baxımdan tədqiqat­çıların əksəriyyətinə görə, ka­pi­talist münasibətlər­inin yaranması ilə milli ideya və onun nəticəsi olan millət təşəkkül tapmışdır. Rusiyada isə milli ideya əvvəlcə Qərb əleyhinə çevrilmiş slavyanofil ədə­biy­yat­da xüsusilə, XIX əsrdə A.Danilevski, F.Dostoyevski, V.So­lov­yov, H.Berdya­yev və b. yaradıcılığında öz əksini tapmış­dır. XX əsrdə rus milli ideyasının inkişafında İ.A.İlyin, A.So­ljenitsin və b. mühüm rol oynamışdır. İ.A.İlyin XX əsrin ortalarında "Rus ideyası haqqında" əsərində yazır: "Rus ideyası təsdiq edir ki, həyatda əsas olan məhəb­bətdir" [250, 436-437].

Qeyd edək ki, ideologiya ideyalar, milli ideologiya isə milli ideyalar nəticəsində, yenə də Avropada yaranmışdır. Ayrı-ayrı obrazları, təsəvvürləri və s. ilk dəfə formulə edərək ideologiya adlandıran isə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində, fransız filosofu və iqtisadçısı A.Destyuq de Trasi olmuşdur. Trasi "İdeologiya elementləri" kitabında ilk dəfə "ideologiya" terminindən istifadə etmişdi. O, dün­ya­nı qavramaqda və şüur hadisələrində etikanın, əxlaqın, siyasətin əs­as­ını tapmağa, onların məntiqi və psixoloji izahını verməyə cəhd edirdi [218, 232]. Onun fikrincə, ideologiya ide­ya­ların ümumiliyi, ideya haqqında anlayış və fikirdir. Trasi­nin davamçıları Kabanis, Volney, Helvetsi və b. ol­muşdur.

Almaniyada ideologiyanın inkişafında mühüm rol oynamış klassik alman filosofu Hegel isə ideya, ideologiya, mə­nəviyyat və s. məsələləri şərh etmiş, onların qarşı­lıqlı bağ­­­lı­lıq məsələsinə toxunmuşdur. Hegelə görə, cəmiyyətdə, döv­lət­də ideolo­gi­ya önəmli yer tutur [203, 481]. Ümumiy­yət­lə, klas­sik alman filosofları ideologiyanı tarix və fəl­sə­fə­nin qov­şağında möv­cud olan ideyalar sistemi kimi tədqiq edirdilər.

K.Marks və F.Engels əvvəlcə ideologiyanın "iqtisadi bazisə" malik olan gerçəkliyin obyektiv əksi olduğunu söy­lə­miş, daha sonra "sinfiliyini" "materialist" mövqedən izah et­mişlər. Marksizmin banilərinə görə, ideologiya maddi zə­mi­nə söykən­ir və müəyyən sinif və sosial qrupların yarat­dıq­la­rı obyektiv gerçəkliyin təhrif olunmuş inikası olan sosial kon­sepsiyadır. İdeologiya üstqurma aiddir ki, onun forma­laş­masının əsasını bazis, yəni iqtisadiyyat təşkil edir [203, 503-504]. Marksist filosoflar ideologiyaya cəmiyyətdə mü­tə­rəqqi və mürtəce ictimai qüvvələr arasındakı ideya-siyasi mü­barizə forması kimi baxırdılar. Onlar "hakim" və "məh­kum", "mütərəqqi" və "mürtəce" siniflərin ideoloqlar­ını fərq­lən­dirirdilər [260]. Onlar yazırlar: "Fəhlənin vətəni yo­x­dur. Fəhlə­lərin olmayan bir şeyini onların əlindən almaq da olmaz. Proletariat ən əvvəl siyasi hökmranlığı ələ almalı, milli sinif vəziyyətinə çatmalı və bir millət kimi təşəkkül tapmalı olduğundan özü hələ millidir, hərçənd bu millilik heç də burjuaziyanın anladığı mənada deyildir" [70, 105].

Liberalizm ("azadlıq", "azad seçmək hüququ") isə iqti­sa­di, siyasi, mənəvi sahələrdə yeniliyi, inkişafı ifadə edirdi. Mənəvi, iqtisadi və siyasi inhisarın əleyhinə çıxan liberalizm cərəyanında fərdin həddən artıq azadlığı, vətəndaşların hüquq bərabərliyi, dövlətin müqavilə əsasında təşkili prin­sip­ləri əsas yer tuturdu [203, 402-415]. Qeyd edək ki, li­be­ra­lizm özü də bir neçə istiqamətdə: 1) klassik; 2) utilitarizm; 3) iq­tisadi; 4) sosial liberalizm; 5) neoliberalizm və s. inkişaf etmişdir. Klassik liberalistlərdən T.Hobbs cəmiyyət­də fər­din yerini müəyyənləşdirməyə çalışmış, fərdlə dövlət ara­sında ictimai müqavilə bağlanmasının vacib hesab etmişdir. İctimai müqavilə cəmiyyəti konstitusiya­laşdır­maqla yanaşı, fərdin dövlət, dövlətin isə fərd qarşısında azad­lıq­larının sər­hədlər­ini müəyyənləşdirmiş olur [203, 284]. Liberal demo­kratiya­nın atası hesab olunan Con Lokk isə T.Hobbsdan fərqli olaraq, dövlətlə müqayisədə fərdin azad­lıq­larına daha çox üstünlük vermişdir: "İnsan dünyanın hər hansı bir insanı kimi tam azad yaşamaq, təbii qanunun bütün hüquq və imtiyazlarından digər insanlar kimi eyni dərəcədə qeyri-məhdud bəhrələn­mək hüququ ilə birgə doğulur və o, fitrətən öz mülkiyyətini, yəni öz həyatını, azadlığını, əmlakını digər insanların qəsd və hücumlarından yalnız qorumaq deyil, həm də başqaları bu qanunu pozduqda onları mühakimə etmək... hakimiyyətinə malikdir" [70, 52]. Sosial libera­liz­min nümayəndəsi Con Sütuart Mill isə şəxsi azadlığı, yəni söz azadlığını, mətbuat azadlığını, ləyaqət hissini, düz­gün­lü­yü və sosial rifahı liberalizmin mərkəzi və mühüm dəyərləri hesab etmişdir [203, 408]. Çağdaş liberal nəzəriyyəni inkişaf etdirən C.S.Millin fikrinə görə, insan hüquqları hər cür hörmətə layiqdir, çünki bunlar cəmiyyətin sabit inkişafı və ümumi xoşbəxtliyin əldə edilməsi üçün zəruridir: "Fərdin... yalnız özü üçün zərərli olan, lakin bu və ya digər fərdə bir­ba­şa ziyan gətirməyən hərəkətlərinə gəldikdə isə, bu hə­rə­kətlərin cəmiyyətə yetirəcəyi bəla yalnız təsadüf nəticəsində ola bilər... cəmiyyət digər Ali Xeyrin - fərdi azadlığın qorunub saxlanılması naminə bu bəlaya dözməlidir" [70, 110]. Gördüyümüz kimi, bütövlükdə liberalizmin əsasında fərdi azadlıq ilə iqtisadi sərbəstlik dayanır, burada "millət", "milli ideya" anlayışı, demək olar ki, xüsusi məna kəsb etmir.

XIX əsr Azərbaycan filosofu M.F.Axundzadə bütün mü­səl­man Şərqində, o cümlədən Azərbaycan fəlsəfi fikir tarixində modernizmin, yəni demokratik və liberal ən­ənə­lə­rin banisi hesab olunur. Buna səbəb M.F.Axund­zadənin mü­səlman mütəfəkkirləri arasında ilk dəfə Qərb mədə­niy­yə­ti­nə-fəlsəfəsinə aid anlayışları, yəni "liberalizm", "de­mo­kra­tiya", "parlament", "sivilizasiyon", "patriot", "revolyusiya" və s. şərh etməsi, eyni zamanda Avropa dəyərlərinin islam Şər­qi ölkələrində də tətbiq olunmasının zəruriliyini gös­tər­məsi olmuşdur [2, 248; 246].

M.F.Axundzadə Qərbin liberal və demo­kratik ənənələrini təftiş etmədən müsəlman ölkələrində hə­yata keçirilməsini vacib hesab etdiyi halda, XX əsrin əvvəl­lərində Azərbaycan türkçülü­yünün ideoloqu M.Ə.Rə­sul­­zadə həmin dəyərlərə bir qədər tən­qidi yanaşaraq, daha çox Şərq və Qərbin mütərəqqi ideyaları­nın sintezindən çıxış et­miş­dir. Bu baxımdan M.Ə.Rəsulzadə cəmiyyətin siyasi təş­kili və idarə edilməsi ilə bağlı marksizm-leninizm və liberal­izm nümayəndələrinin irəli sürdükləri bəzi mülahizə­ləri tənqid etmişdir: "Liberal dövlət bizzat kəndi sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilə­dən acizdir. Bu təzada yenə cəmiyyət içərisində doğan yeni qüvvətlər qar­şı gəlirlər. Kapitalizmin doğurduğu proletar sinfinə da­yanan inqilabçı sosializm ideolojisi doğur. Digər adı kom­mu­nizm olan bu ideolojiyə görə, burjua cəmiyyətini iz­ti­rab­lar içində tutan şey liberalizmin istehsal sahəsindəki anar­xi­yaya izn verən fərdiyyətçiliyidir. İstehsal alətləri üzərindəki şəxsi mülkiyyət haqqı baqi qaldıqca-kommunist­lərə görə-insan cəmiyyətinin iztirabına son gəlməz. Cəmiy­yət­lərin bir millət və dövlət içində vəhdətləri onlarca bəhs mövzusu olmaz" [191, 14-15]. M.Ə.Rəsulzadə yazır ki, vətən və millət hissini deyil, sinifləri əlində bayraq edən kom­munizm kimi, fərdləri əsas olaraq qəbul edən liberalizm də daha kos­mo­po­lit və internasionaldır: "Solidarizm isə millidir. Çünki sadə şəxs­lərin və siniflərin maddi mənfəətə bağlı xüsusiyyətlərinə deyil, siniflər və fərdləri bir cəmiyyət halına gətirən mənəvi qüvvətlərə böyük qiymət verir. Bu mənəvi qüvvətlər isə millət və dövlətlərin gerçəkləşməsində birləşdirici amil ola­raq təsir edən dil, din, tarix və ümumiy­yətlə, kültür və ortaq ideal kimi mənəvi qüvvətlər­dir" [191, 16]. Rəsulzadənin fikirlərin­dən belə çıxır ki, liberalistlər və marksistlər "mil­lət"dən daha çox fərdiyyət­çiliyə və sinfə üstünlük veriblər. Ancaq soldarizmdə "millət" öz tarixi rolunu qoruyub sax­layır. Ona görə də, M.Ə.Rəsulzadə dünyada hakim olan iki əsas sistemdən fərqli olaraq belə bir müddəa irəli sürür: "Ma­dam ki, millətçiyiz, diyoruz; madam ki, milli dövlət istiqlalını müdafiə ediyoruz, o halda bizim üçün nə kos­mopolit liberalizmə və nə də kommunizmə təhəmmül caiz olamaz. Bizcə müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir" [191, 16].

Müstəqillik dövründə də milli ideologiya və ideologiya anlayışları öz əhəmiyyətini itirməmişdir. Məsələn, bir sıra kitablarda, o cümlədən "Politologiya. İzahlı lüğət"də milli ideo­logiya millətin dövlət hakimiyyətində maraqlarını və dəyərlərini ifadə və müdafiə edən ideyalar sistemi kimi, eləcə də milli siyasi hərəkatların mənəvi əsası kimi verilir: "Milli ideologiya özlərinin sosial statuslarının yüksəlməsini milli mənsubiy­yətlə bağlayan vətəndaşların siyasi tələblərini ifadə edir. Xarici şəraitdən və əhalinin milli özünüdərkindən asılı olaraq siyasi qüvvələr millətin mədəni özünəməxsusluğunun qorun­masını, millətin həyati mənafelər­in­in təmin olunması naminə geosiyasi məkanı genişləndir­məyi və ya öz ərazisini və milli suveren­liyini xarici müdaxilə­lər­dən qorumağı, "yerli millət" üçün imtiyazlar yaradılma­sını tələb edə bilərlər" [189, 207]. Digər kitablara görə, ideologiya "bu və ya digər qrupun hakimiyyət iddialarına haqq qazandırmağa isti­qamət­lənmiş ideya və fikirlər məcmusu" [190, 223], yaxud da siyasi, hüquqi, əxlaqi, estetik, dini, fəlsəfi baxışlar və ideyalar sistemidir [93, 170].

Çağdaş Azərbaycan alimlərinin əksəriyyətinin əsərlərində milli ideya, ideologiya və milli ideologiya anlayışları ilə bağlı irəli sürülən mülahizələr isə, müəyyən cüzi fərqləri nəzərə almasaq, yuxarıdakı müddəalardan ciddi şəkildə fərqlənmir. Məsələn, ideolo­giya haqqın­da klassik baxışa əsaslanan R.Mehdiyevə görə, ideologiya baxış və ideyaların rasional şəkildə əsaslandırıl­ması kimi yaranır, tam dünya­görüşü kimi isə sosial aləmin mənzərəsi, şəxsiyyətin ob­razı, eləcə də daha çox siyasət, siyasi dəyərlər və proseslərlə bağlı­dır: "İdeologiya müəyyən sosial funksiyaları yerinə ye­ti­rərək, sosial qrupların və ictimai-siyasi cərəyanların ma­raq­ları­na uyğun gələn təfəkkür və davranış tərzi tipləri, yaxud hətta sosial fəaliyyət proqra­mı hazırlayır" [156, 29]. Başqa bir müəllif Y.Rüstəmov isə yazır ki, ideologiya siyasi prosesdə öz yerini partiyaların rəqabətinə verir: "Lakin bu o demək deyildir ki, ideologiya, ümumiyyətlə yox olur. İdeologiya siyasi, hüquqi, fəlsəfi, əxlaqi, dini, estetik ideya və görüşlər sistemi kimi qalır. Bu o deməkdir ki, ideologiyasız cəmiyyət mümkün deyil" [197, 346-347]. Yuxardakı müd­dəa­lardan bir qədər kənara çıxmaq istəyən A.Şükürov isə bir tərəfdən iddia edir ki, milli ideologiya millətlə birlikdə meydana gəlir və millətin mənəvi tərəqqisi milli ideyanın başlıca vəzifəsidir. Digər tərəfdən yazır ki, milli ideya "milliyyətindən, dinindən asılı olmayaraq hamının başa düşüb danışdığı dilə, eyni, yaxud oxşar adət-ənənəyə, ümumi psixoloji amillərə malik olan cəmiyyətin mənafeyini təmsil, müdafiə edir" [218, 231].

Fikrimizcə, A.Şükürov unutmuşdur ki, milli ideologi­ya­nın yaranmasında, müəyyən mənada başqa etnik qruplar iştirak edə biləcəyi halda, milli ideya yalnız bir millətin məh­suludur. Bu baxımdan Y.Türkel doğru qeyd edir ki, "milli ideya - milli özünütəsdiq məqsədilə yaradılmış milli-mənəvi dəyərlər sistemidir. Bir yandan əhalinin uzun tarixi varlıq tək keçdiyi yolu, sosial-siyasi birlik kimi özünüdərkini, o biri yandan millətin varlığını, maraqlarını, iqtisadi, si­ya­si, mədəni inkişaf yönünü göstərir. Məsələn, rus milli ideyası, türkçülük və b." [224, 316]. Akademik Əfrand Daş­də­mirov da doğru olaraq milli ideyanın yaran­masında milli özü­nü­dər­kin rolunu qeyd etmişdir: "Milli ideya etnosun məq­sədinin və özünüdərkinin ən ideologiyalaşmış sahəsi ki­mi mil­lətin ideya-mənəvi, ruhi həyatının spesifik fenomeni, ic­ti­mai-siyasi şəraitin etnikləşməsi amilidir" [248, 4]. Bu müəl­lif­lərin fikirlərinə qatılaraq, biz də hesab edirik ki, milli ide­ya konkret bir millətlə (türk, rus, fars və b.) bağlı yaranır.

Ə.Tağıyev, A.Mustafayev və M.Balayevin həmmüəllifləri olduqları əsərdə milli ideya ilə bağlı irəli sürdükləri fikirlə də tam razılaşmaq olmur. Onlar yazırlar: "Milli ideyalar millətin yaranıb inkişaf etməsi ilə birlikdə formalaşır, millətin milli mənlik şüurunun formalaşmasını, özünüdərkini sürətləndirir. Milli ideyalar saf ideyalar şəklində deyil, çox vaxt müxtəlif formalarda və bayraqlar altında yaranıb inkişaf edə bilər. Onların ilkin formalarından milli-dini təəssübkeşlik ideyalarını, vahid dövlətə və xalqa mənsubluq şüurunu, ümum­bəşəri sərvətlərə malik olmaq uğrunda mübarizə aparmaq əzmini də göstərmək olar" [220, 5]. Fikrimizcə, milli ideya ilə bağlı "saf və qeyri-saf ideyalar"dan danışmaq doğru deyildir. Çünki qeyri-saf ideya artıq milli ideya deyil, o, beynəlmiləlçidir, kommunistdir, liberalistdir və s. Bu mənada saf və qeyri saf ideyalardan deyil, milli və bəşəri ideyalardan söhbət gedə bilər. Belə olduğu təqdirdə, milli ideya­dan fərqli olaraq milli ideologiya da həm milli, həm də bə­şə­ri ideyalar (demokrtiya, insan hüquq və azadlıqları və s.) öz ək­sini tapa bilər. Bu baxımdan başqa bir əsərində Ə.Ta­ğı­ye­vin yazması ki, ideologiya - ideyaların toplusundan tə­şək­kül tapır və onun hərtərəfli tədqiqi üçün birinci növbədə mil­li etnik ideyalar öyrənilməlidir [227, 21], bu fikirlə razılaşmaq olar.

Fikrimizcə, aşağıda adını çəkdiyimiz müəlliflər də adı çə­kilən anlayışlarla bağlı yeni bir söz deyə bilməmişdir. Əgər N.Babayevə görə, milli ideologiya həmişə xalqın mənəvi cəhətdən formalaşmasına xidmət edən və əsrləri, nəsilləri bir-birinə mənən bağlayan ən dəyərli sərvətdirsə [48], A.Ə.Şirinovun fikrincə, "ideologiya dedikdə insanların bü­tövlükdə gerçəkliyə olan münasibətlərinin ümumiləşdiril­miş və həm də sadə, anlaşıqlı şəkildə ifadə olunmuş əqli və mə­nəvi-ruhi dəyərlər sistemi nəzərdə tutulur" [227, 49]. İdeologiyanı mənəvi hadisə sayan D.İsmayılov isə hesab edir ki, ideolo­giyalar idraki baxımdan elmi və qeyri-elmi, həqiqi və yanlış, doğru və illüziyalıdır [120, 77-78]. V.Ab­dul­layev isə, milli ideya və ya millət ideyasının "cəmiyyətin sosial, siyasi, iqtisadi, hətta əxlaqi-mənəvi birliyi hesabına nail olunduğunu, əsil "millət" adı ilə həyata keçirilən tərəqqinin meyarı rolunda çıxış etdiyini [18, 9] iddia edir.

Fikrimizcə, müəyyən mənada Əbülhəsən Abbasov bu anlayışları elmi-fəlsəfi baxımdan təhlil edərkən yeni söz de­məyə yaxın olmuşdur. Doğrudur, o da, əsasən əvvəlki müəlliflərin fikirləri ilə üst-üstə düşən belə bir ifadə işlədir ki, "ideologiya" dedikdə, ilk növbədə və başlıca olaraq döv­lətin ideologiyası, "milli ideologiya" nəzərdə tutulma­lıdır, çünki onun əsasında dayanan ictimai mənafe daha geniş və dərin məna daşıyır: "Belə ki, bu ideologiya yalnız ayrı-ayrı qrup və təbəqələrin, icma və birliklərin maraqlarını deyil, dövlətin ərazisində yaşayan bütün sosial, etnik, dini qrup və birliklərin mənafeyini ifadə edir. Onu "milli dövlətçilik ideologiyası" da adlandırmaq olar [227, 28]. O, daha sonra yazır: "Milli dövlətçilik ideologiyası bütövlükdə cəmiyyətin həyat və fəaliyyətini, ictimai münasibətləri zəruri olan isti­qa­mətdə və məzmunda təşkil etmək, milli maraqlar­ın hə­ya­ta keçirilməsini gerçəkləşdir­mək üçün praktiki vəzifə­lər­in həll edilməsinə yönəldilmiş biliklərin sintezidir. Yalnız ümum­milli mənafeyə, milli birlik və ictimai tarazlıq tələblər­inə cavab verdikdə, milli ideolo­giya öz missiyasını daşımağa qadir olur. Məhz bu mahiy­yətdə və statusda milli ideologiya hakim ideologiya səviyyə­sinə yüksəlir, bir sosial qrupun və yaxud da ayrıca bir siyasi partiyanın deyil, bütöv xalqın maraqlarını ifadə və müdafiə edir" [227, 29]. Bizə isə elə gəlir ki, milli ideologiyanın dövlətçilik ideologiyası ilə əlaqələndirilməsi doğru olsa da, dövlət ideologiyası və milli ideologiya arasındakı bəzi fərqləri də nəzərə almaq lazımdır. 

Ə.Abbasov isə, yuxardakı fikirləri ilə yanaşı, bu anla­yış­larla bağlı yeni mülahizələr də irəli sürməyə cəhd gös­tər­miş­dir. Məsələn, o, hesab edir ki, milli ideologiya milli döv­lət­in ən yaxşı zəkalarının böyük zəhməti hesabına materi­ya­nı ruhi qüvvəyə çevirən, mənəvi-əxlaqi potensialı qoruyub saxlayan, bu potensialı lazımınca yeniləşdirən və zənginləş­dirən fenomendir. Milli ideologiyanın kamilləşməsi və bu qismdə əhəmiyyət kəsb etməsi həm nəzəri, həm də praktiki müstəvidə baş verir: "İnsana öz həyatının mənasını anla­maq­­da, axtarıb tapmaqda və reallaşdırmaqda fundamental əsası olan milli ideologiya, hər şeydən əvvəl, insanda və cəmiyyətdə insanlıq uğrunda mübarizədir, vicdana və mə­su­liy­yətə çağırışdır. Bu çağırış bir çoxları üçün nə nədər də ar­xa­ik, dəbdən düşmüş olsa da, onsuz heç bir dolğun, mü­tə­rəq­qi həyat mümkün deyil. Vicdan susanda və məsuliyyəti itəndə artıq insan həyatını mənasından, cəmiyyətin tərəq­qi­sin­dən danışmaq əbəsdir" [19]. Onun fikrinə görə, "milli ide­ologiya məhz o fenomen-varlıqdır ki, bir tərəfdən ictimai əhəmiyyətli, taleyüklü problemlər üzərində düşünməyi cə­miy­yət üzvlərinə aşılayır, məna axtarışında və real­laş­ma­sın­da insanı öz "həcm"indən kənara çıxmağa - transendləşmə prosesinə sövq edir və ona yardımçı olur, digər tərəfdən unikal insan mövcudluğunun özü üçün oriyentirlər verir, istiqamətverici və ideya və prinsiplər, təsəvvürlər sistemi ortaya qoyur" [19].

Yeri gəlmişkən, milli ideologiya anlayışı ilə yanaşı, "mil­­li konsepsiya" termininə də rast gəlirik. Hətta bəzi təd­qi­qat­çılar milli ideologiya və milli konsepsiya anlayışlarını eyniləş­dirirlər. Buna səbəb də, "konsepsiya" sözünü daşıdığı mənadır: "Konsepsiya (lat. conseptio - aparıcı fikir, sistem, anlama) - hadisələr, proseslər, ideyalar haq­qında baxışlar sistemidir" [224, 288]. Fikrimizcə, "milli konsepsiya" milli ideologiya anlayışı ilə müqayisədə bir qədər konkret məna daşıyır. Burada mövcud ideyalardan biri, yaxud bir neçəsi daha konkret şəkilə, formaya salınaraq lokomotiv rolunu oynayır. Bu mənada "milli konsepsiya"nı milli ideo­lo­gi­ya­nın daha konkretləşdirilmiş forması hesab etmək olar.

Milli ideya, ideologiya və milli ideologiya ilə bağlı fikir­lə­ri isə ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, milli mə­nə­vi dəyərlə milli mentalitet, milli mentalitetlə milli özü­nü­dərk, eləcə də həmin anlayışlarla milli ideya və milli ideo­lo­giya arasında müəyyən əlaqlər vardır. Fikrimizcə, milli mə­nə­vi dəyər də, milli özünüdərk də, milli ideya da xalqın soy­kö­kü, dili və b. vacib əlamətlərini əks etdirir. Hər bir xalq özü­nün milli varlığını qoruyub saxlamaq üçün bir çox sərvətlərini - dilini, dövlətçiliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniy­yətini və s. milli mənəvi dəyərlər, yaxud da milli mentalitet ki­mi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Ancaq elə milli mənəvi dəyərlər var ki, bu günə qədər qorunub sax­lan­sa da, onları bu mənada milli ideya kimi qəbul etmək doğru olmazdı. Məsələn, bunlardan yaşlı insan­lara, ağsaq­qal­lara hörmət, qadına münasibət, namus­lu­luq, toy və yas mərasimlərinə münasibət və s. göstər­mək olar. Bütün bun­lar daha çox, milli mentalitet anlayışına aiddir.

Milli mənəvi dəyərin, o cümlədən milli mentalitetin mil­li ideyaya çevrilməsi məsələsində onun miqyasına, əhəmiy­yətinə və xalqın bütün təbəqələri tərəfindən qəbul edilib-edilməməsinə diqqət yetirmək lazımdır. Çünki yalnız bu halda hər hansı bir anlayış milli mənəvi dəyərdən daha yük­sək səviyyəyə qalxaraq, milli ideyaya və nəticədə milli ide­o­lo­giyanın tərkib hissəsinə çevrilə bilər. Eyni zamanda o mə­nəvi dəyərlər, anlayışlar milli ideya, sonrakı mərhələdə milli ideologiya kimi qəbul edilə bilər ki, onun da yalnız milli mənəvi mənada deyil, həm də elmi, fəlsəfi, siyasi və ideoloji baxımdan da əsası olsun. Fikrimizcə, milli ideya konkret bir millətə aid anlayış kimi yaranır və həmin millətin oyanışının və inkişafının istiqamətvericisi olur. Milli mənəvi dəyər­lər­dən, milli sərvətlərdən millətin tərəqqisi, milli kim­li­yi və lə­ya­qətinin müdafiəsi, milli dövlətini yaşatması və s. üçün istifadə olunarsa, onda onlar milli ideyaya çevrilə bilər.

Milli ideologiya dedikdə isə, xalqın fəlsəfi, dini, siyasi, mə­dəni və iqtisadi görüşlərinin nəticəsində meydana çı­xan, məzmun və formasına, mahiyyətinə görə təşəkkül ta­par­aq, si­ya­si-ideoloji mənada millətin formalaşmasına yar­dım edən tə­səv­vürlərin, obrazların, mənəvi dəyərlərin, özünə­məxsus olan­la­rın bütövlüyüdür. Müstəqillik əldə edərək azad şəkildə ya­şa­yan bir dövlətdə "milli ideologiya" anlayışını iki mə­na­da başa düşmək olar: 1. Dövlətin, hakimiy­yətin maraq­larını özün­­də əks etdirən, siyasi-ideoloji yönlü milli ideolo­giya; 2. Heç bir direktiv-məmur, hakimiyyət göstərişi olma­dan mil­lətin özünün tapındığı və inandığı milli mənəvi ideyalar.

Bunun örnəyi, birinci halda vətəndaşlar istəyərəkdən və yaxud istəməyərəkdən, məcburi şəkildə bir çox mühüm mə­sə­lə­lərə (məs., millətin dövlətçilik, tarix, etnogenez, dil, mə­də­niy­yət, fəlsəfə, din və s.) münasibətdə milli mənafeni, dövlətin ma­raqlarını nəzərə almalı, bir sözlə hakim və va­hid kon­sep­si­ya­dan kənara çıxmamalıdır. Bu halda (sovet dövründə ol­duğu kimi) bir millətin tarixinə, etnogenezinə, dilinə, həmin xalqın formalaşmasına münasibət bütün dairə­lər­də, o cümlədən elm sahələrində (tarix, fəlsəfə, siya­sət, ədəbiy­yat, dilçilik, etnoqrafiya və s.) birmənalı olur. Şüb­­həsiz, burada hakimiyyətin, bir partiyanın müəyyən­ləş­dir­diyi direktiv-məmur göstərişləri həlledici rol oynadığı üçün həmin millətin tarixi, etnogenezi, dili, onun for­ma­laş­ma­sı və s. məsələlərdə obyektiv şəkildə öz əksini tapa bilmir. Bu baxımdan müstəqil dövlətdə milli ideologiyanın yu­xa­rı­dan müəyyənləşdirilməsi, adətən birmənalı qarşılanmır. Ona görə də, demokratik dövlətlərdə hakim qüvvələr yalnız öl­kə­nin birbaşa mənafeyinə toxunan, onun gələcək taleyi, dövlət təhlükəsizliyi üçün təhlükəli olan və s. vacib məsələlər baxımından milli maraqların ifadəçisi kimi çıxış edərək, yerdə qalan məsələlərdə, özəlliklə elmi mübahisə doğuran mə­sələlərə (tarix, ədəbiyyat, etnogenez, dil, mədəniyyət, fəlsəfə, din və s.) müdaxilə etmirlər.

İkinci halda isə milli ideologiya millətin ziyalıları, alim­lə­ri və b. tərəfindən milli mənəvi ideyalar əsasında müəy­yən­ləş­di­rilir. Bu halda millətin öz içindən qaynaqlanan, milli mənəvi də­yərlərinə söykənən, əsasən hər hansı hakimiyyət ma­raq­la­rı­na əsaslanmayan və milli vicdanın öhdəsinə buraxılan mənəvi-ideoloji ideyalar həlledici rol oynayır. Bu zaman millətin maraqlarını ifadə etmək baxı­mın­dan müraciət olunan vacib, o cümlədən elmi cəhətdən mübahisə doğuran məsələlərə - Azər­baycan elminin bəzi sahələrindəki tarix (qədim dövlətlərlə çağdaş dövlətin hüquqi və mənəvi bağlılığı, etnogenez, dil və xalqın forma­laş­ması məsələləri), fəlsəfə (xalqın qədim dövr, orta əsr və yeni dövr fəlsəfi dünyagörüşü ilə bugünkü dün­ya­görüşü arasında hansı bağlılıqların olması), ədəbiyyat (qədim dövr, orta əsr və yeni dövr ədəbiyyatı ilə çağdaş ədəbiyyatın va­risliyi), dilçilik (xalqın qədim dövr, orta əsr və çağdaş dövrlərdəki dil bağlılığı), mədəniyyət (xalqın qədim dövr, orta əsr və yeni dövr mədəniyyətinin çağdaş dövr mədəniy­yəti ilə bağlılığı), din (islamaqədərki mifoloji və dini dünyagörüşlərin, o cümlədən islamın Azərbaycan xalqının həyatındakı bağ­lı­lı­ğı) və s. problemlərə münasibətdə "vahid konsepsiya" yu­xa­rı­nın, hakimiyyətin göstərişləri əsasında deyil, milli mənəvi ide­ya­lar əsasında müəyyənləşdirilir.

Bu gün Azərbaycan elmində ikinci məsələ daha aktual xarakter daşıyır və "milli ideologiya"nın qeyd etdiyimiz məzmunda başa düşülməsinə ehtiyac var. Yalnız bu halda, Azərbaycan xalqının etnogenezi, dili, bu xalqın formalaşma­sı, dini-fəlsəfi düynagörüşmüz və s. məsələlərlə bağlı Azərbay­can elmində, xüsusilə humanitar və ictimai elmlərdə mövcud olan ziddiyyətlər, anlaşılmazlıqlar aradan qaldırıla bilər. Bir sözlə, Azərbaycan ziyalıları, alimləri elmin bəzi sahə­lərində mövcud olan problemlərin həlli üçün, həmin problemlərin Azərbaycan xalqının milli maraqları ilə bir­başa bağlılığını nəzərə almaqla, öncə milli-mənəvi ideyalar­dan çıxış etməli və sovet dövrünün məhsulu olan, yalnız "direktiv-məmur göstərişləri" əsasında milli məsələlərə yanaşmaqdan kənar qaçmalıdırlar. Əgər bu gün ictimai və humanitar elmlər üzərində dövlət nəzarəti yoxdursa, bu o demək deyil ki, millətin maraqları müxtəlif nəşrlərdə bir-birinə zidd şəkildə öz əksini tapmalıdır. Bu mənada tədqiqatçılar ictimai və humanitar elmlər üzərində dövlət nəzarəti olmadığı bir şəraitdən sui-istifadə etməməli, milli mənəvi ideyalar əsasında tədqiqatlar aparmalı və mənəvi-ideoloji mənada vahid konsepsiyadan çıxış etməlidirlər.

Ardı var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31