"Uşaq orada iki saat çapalayıb..." - Məktəbdə intihar edən Elinanın ÖLÜM SƏBƏBİ NƏDİR?
11 Aprel 2019 16:48 SosialXəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Səbail rayonunda yerləşən 162 saylı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən məktəbli vəfat edib. Bu intihar hadisəsi məktəblərdə belə halların qaçılmaz olduğunu, valideyn-uşaq, müəllim-şagird münasibətlərindəki problemləri bir daha aktuallaşdırır.
İntihar hallarının artması ilə bağlı BiG.AZ-a münasibət bildirən psixoloq Vəfa Əkbər Elinanın ölümünü cinayət adlandırıb və intihar hallarının yayılmasının şagirdlərdə psixoloji sarsıntı yaratdığını qeyd edib.
"Düşünürəm ki, Elinanın ölümünə ehtiyatsızlıq və hətta deyərdim çox böyük haqsızlıq səbəb olub. Bu hətta cinayətdir, çünki uşaq orda iki saat çapalayıb. Hadisədə əli olan insanların öz mənafelərini güdmələri isə yanlışdır. Ümumiyyətlə, nə qədər ki, belə məsələlərə göz yumuruq, bu tip hadisələr daha da artacaq və özbaşınalıq ayaq açıb yeriyəcək.
"Əgər məktəbdə hər hansısa psixoloji vəziyyətdən şagird ölümü baş verirsə bu xəbərlərin yayılması o qədər də yaxşı nəticə vermir. Belə xəbərlər uşaqlarda qorxu, təşviş, həyəcan, hətta bəzi uşaqlarda məktəbə qarşı fobiya yaradır. Uşaqlar artıq düşünürlər ki, məktəbə getsə onun da başına hər hansı bir iş gələ bilər, bir daha ailələrini görə bilməzlər və s. bu kimi duyğusal nöqtələrə köklənirlər. Onlarda suallar yaranır ki, birdən məktəbdə bizim də başımıza bir şey gələr, vaxtında təcili tibbi yardım çağırılmaz, laqeydlik olar və s. Adicə zökəm olan zaman belə uşaqlar qorxudan məktəbə getmək istəmirlər. Ona görə də uşaqlara vaxtında hüquqlarını vaxtında öyrətmək lazımdır ki, onlar hər stiuasiyada özlərini qorumağı bacarsın. Əks təqdirdə baş verəcək hadisələr panik-atak, fobiyalar qorxulardır, güvən sarsılmasıdır və s. hallar qaçılmazdır.
Digər tərəfdən yanaşdıqda isə bu xəbərlərin uşaqların bilməsi əslində yaxşıdır. Biz uşaqları elə öyrətməliyik ki, onlar özlərini müdafiə etməyi bacarsınlar. Çünki uşaqlar öz haqlarını, hüquqlarını qorumağı bacarmalıdırlar. Reallıqla danışsaq uşaqlar artıq sözünü deməyi bacarmalıdır. Bəzən onlar nəyin ki özünü hətta sinif yoldaşının belə əzildiyini və ya ona haqsızlıq olduğunu görəndə onun tərəfini tutub, müdafiə etməyi bacarmalıdırlar. Beləliklə, özlərini yaranan çətin vəziyyətdən xilas edə bilsinlər".
Psixoloq həmçinin, bu hallarda məktəb rəhbərlərinin şagirdlər ilə münasibətlərindən də söz açıb.
"Burada əsas suallardan biri odur ki, məktəblərdə olan psixoloqlar həqiqətən öz işini görürmü? Təbii ki, işini bilən psixoloqlar da var. Lakin əksər hallarda qeyri- ixtisasdan olan şəxslər gəlib psixoloq vəzifəsində çalışırlar. Dəfələrlə olub ki, biz psixoloqlar məktəblərdə seminarlar keçirmək üçün müraciətlər etmişik. Məktəb direktorları müraciəti qəbul etsə belə, məktəbin psixoloqu elə bir hal yaradır ki, sanki həmin məktəbdə heç bir problemli şagird yoxdur. Yaxud da hər şey onların nəzarəti altındadır. Belə hallar gülməlidir. Ən azından bir məktəbdə 500-ə yaxın şagird var. Bu qədər uşağın ailəsində nə baş verir, onun psixi vəziyyətinin bir psixoloq tərəfindən bilinməsi nə fiziki, nə də psixoloji olaraq mümkün deyil. Lakin maarifləndirici seminarlar keçirmək onlara yardım edə bilər. Ən böyük problemlərdən biri də ondadır ki, əksərən bütün məktəb rəhbərləri özlərini psixoloqlardan da, pedoqoqlardan da ağıllı, akademik dərəcəsi yüksək şəxs kimi görürlər. Onlar öyrənmək əvəzinə bilirəm sözünü üstün tuturlar. Uşağın problemi nədir bilmək əvəzinə, onu tez həll edin mənə gəlib çatmasın fikrini üstün tuturlar. Təbii ki, belə olan təqdirdə məktəbdə cinayətlər də çoxalacaq, orada ailədən bixəbərlik hallarıda qabaracaqdır.
Bu gün müəllimlər tərəfindən travma alan və bu halın həmin məktəbin direktorları tərəfindən də bilindiyi nə qədər məktəblər var. Lakin heç bir tədbir görmürlər, susurlar. Elinanın intiharı bütün məktəb psixoloqlarına və rəhbərlərinə dərs olmalıdır. Onlar bundan sonra "bilirəm" yox, "öyrənmək istəyirəm" ifadəsini üstün tutsunlar. Şagirdlərinə uşaq kimi yox, fərd kimi yanaşsınlar. Özlərini onların yerinə qoyub, yardım etməyi bacarsınlar".
Ailədaxili münasibətlərdən söz açan psixoloq, "Valideynlər uşaqlarını dinləməyi bacarsınlar"- deyə bildirib.
"Hazırda valideynlər çalışırlar ki, özləri necə böyüyüblərsə uşaqlarını da elə tərbiyə etsinlər, elə böyütsünlər. Lakin nəzərə almaq lazımdır, o zamanki dövrlə indiki zaman eyni deyil. Zaman dəyişilir, 30-40 il bundan əvvəl internet haqqında bu qədər məlumat yox idi,eyni zamanda sosial şəbəkələr yox idi və s. Valideynlər bu faktorları nəzərə almadan uşağı sadəcə sakit dursun, tabe olsun formasında böyütmək istəyirlər. Hazırda indi ki uşaqlar da, daha çevik,cəsur, aktiv, ağıllıdırlar. Onların bu psixloji xüsusiyyətlərini basdaladıqca, başqa psixoloji cəhətlərdən mənfi partlayışlar, problemlər ortaya çıxır. Artıq özünəqəsd, yalnış insanlarla dostluq etmə, yalnış düşüncə formalaşması və s. müşahidə olunur. Yaxşı olar ki, valideynlər diqtə və nidalardansa , uşaqları dinləməyi bacarsınlar. Onların nə istədiklərini soruşub, səbrlə davransınlar. Belə olanda hətta valideyn-uşaq münasibətində dostluq , inam yaranacaq".