Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Penitensiar xidmətdə olublar
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunda Səhiyyə sistemləri və ictimai sağlamlığın qorunması şöbəsinin direktoru, geniş dərmanlara davamlı vərəmlə mübarizə və profilaktika üzrə regional direktorun xüsusi nümayəndəsi Dr.Hans Kluge Bakıya rəsmi səfəri çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qəbul edilib.
11 Aprel 2019 14:47 SosialÜmumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunda Səhiyyə sistemləri və ictimai sağlamlığın qorunması şöbəsinin direktoru, geniş dərmanlara davamlı vərəmlə mübarizə və profilaktika üzrə regional direktorun xüsusi nümayəndəsi Dr.Hans Kluge Bakıya rəsmi səfəri çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qəbul edilib. "Olaylar" xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müxtəlif mötəbər qurumlarla, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığın tarixindən, görülmüş işlər, əldə edilmiş uğurlu nəticələr barədə danışmış, ikitərəfli əlaqələrə verilən qiymətə və penitensiar sahədə islahatlara göstərilən dəstəyə görə öz minnətdarlığını bildirmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla birgə bütün istiqamətlərdə olduğu kimi, ədliyyə sistemi üzrə də islahatların həyata keçirilməsini davam etdirir. Bu islahatlar Penitensiar sahəni də əhatə edir. Son illər ərzində məhkumların hüquqlarının təmin olunması, penitensiar infrastrukturun müasirləşdirilməsi, səmərəli ictimai nəzarət mexanizminin tətbiqi istiqamətində, eləcə də məhkumların tibbi təminatında köklü dəyişikliklər aparılmışdır. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə səhiyyə sahəsində həyata keçirilən islahatların penitensiar sahəni də əhatə etdiyini, bunun nəticəsi olaraq son illər ərzində cəzaçəkmə müəssisələrində vərəmə yoluxma hallarının sayında kəskin enmə müşahidə olunduğunu, vərəmdən ölüm hallarının isə 100 dəfə azaldığını söyləmişdir.
Səfərinin əsas məqsədi namizədliyini şəxsən təqdim etməkdən ibarət olduğu bildirən Dr. Hans Kluge özü haqqında ətraflı məlumat verərək bu sahədə 25 illik təcrübəyə malik olduğunu qeyd etmişdir. Qonaq bilik və bacarıqlarını, eləcə də idarəetmə xüsusiyyətlərini nəzərə alaraq Belçika dövləti tərəfindən onun Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktorluğuna namizədliyinin irəli sürüldüyünü söyləmişdir. H.Kluge Azərbaycanda dövlət başçısı tərəfindən səhiyyəyə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdiyini və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu bildirmişdir.