Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış

Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış

Azərbaycanda milli ideologiyanın
yaranmasınaqədərki dövrdə (XIX yüzilliyə qədər)
milli mənəvi dəyərlərin rolu

Etnos, millət, milli ideya, milli ideologiya
və b. anlayışların məzmunu və təkamülü

Faiq Ələkbərli, 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dos., dr. 

Hazırda elmi, fəlsəfi və siyasi ədəbiyyatda "milli ideologiya" və bu istilahla bağlı olan etnos, millət, xalq, milli mentalitet, milli ideya, milli ideologiya və s. anlayışlar haqqında konkret, dəqiqləşdirilmiş kateqorial təriflərə rast gəlmək mümkün deyildir. Şübhəsiz ki, problemin öyrənil­məsi "milli ideologiya" anlayışının dürüst və tam izahı ilə bağlıdır. Bu baxımdan Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikrində milli ideologiya probleminin məzmununun şərhi üçün, ilk növbədə həmin anlayışların izahı verilməlidir.

Qeyd edək ki, orta əsrlərdə İslam Şərqi ölkələrində "millət" sözü dini mənsubiyyətə bağlı olaraq, ümumilikdə müsəlman əhalisinə, ya da hər hansı məzhəbə, təriqətə, eləcə də dini icmaya və cəmiyyətə aid edilirdi. Belə ki, "Ərəb və fars sözləri lüğəti" kitabında ərəb dilindəki "millət" sözünün üç izahı var: 1. Əhali, xalq; 2. Təriqət, məzhəb; 3. Dini icma və yaxud cəmiyyət [90, 387]. Avropada isə, millətçiliyin meydana çıxma tarixi kimi XVII əsr göstərilsə də, "millət" termini çağdaş anlamda XVIII əsrdən sonra işlədilmiş, "millət" və "xalq" anlayışları müəyyən mənada bir-birindən fərqlən­dirilmişdir. Belə ki, "millət" - əhalinin şüurlu və fəal hissəsini, "xalq" - isə siyasi və sosial baxımdan passiv, ətalətli kütləni ifadə etmişdir [162, 16-17].

XIX əsrin ortalarında formalaşmış marksizm təliminin baniləri - K.Marks və F.Engels isə "millət" anlayışını belə izah edirdilər ki, əvvəlcə qan qohumluğuna əsaslanan qəbilələr, sonralar məhsuldar qüvvələrin inkişafı nəticəsində qəbilələrdən tayfalar və tayfa ittifaqları yaranmışdır. Sinifli cəmiyyətin yaranmasıyla "dil qohumluğuna malik tayfalar­dan xalqlar əmələ gəlməyə başlayır. Lakin xalq hələ millət deyildir. Xalqlar dil və mənşə etibarilə bir-birinə yaxın olan və ərazi ümumiliyinə malik tayfaların birliydir" [6, 6]. Millət isə insanların tarixən əmələ gələn sabit birliyi olub, onun varlığı üçün ümumi bir ərazinin və dilin olması vacibdir. Marks və Engels bununla yanaşı, qeyd edirdilər ki, "indiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər tarixi olmuşdur" [154, 37]. Bir sözlə, bu müəlliflər "millət"in yaranmasını tarixi proseslərə bağlasalar da, sonda siyasi baxımdan "millət" dedikdə, sinfiliyə üstünlük verirdilər. Bə­zi­lərinə görə, bununla da onlar "millət"i iki sinfə bölmüş­dür: proletariat və burjuaziya. Başqalarına görə isə, bu zaman marks­izmin baniləri proletariat və burjuaziyanı ayrı-ayrı millət kimi deyil, siniflər kimi göstərmişlər [10, 16-17].

Marksizmin davamı kimi meydana çıxmış marksizm-leninizm cərəyanının əsas ideoloqlarından V.İ.Leninə görə,  qədim Rusiyada qəbilə həyatının olduğundan bəhs etmək olarsa, orta əsrlərdə-Moskva çarlığı dövründə bu qəbilə əlaqələri daha yox idi. Milli əlaqələr ayrı-ayrı vilayətlərin, torpaqların və knyazlıqların birləşmə­si, eyni zamanda burjuaziyanın yaranması və başçılığı ilə XVII əsrdən sonra meydana çıxmışdır. Lenin yazır: "Buna səbəb vilayətlər arasında güclənməkdə olan mübadilə, tədricən artmaqda olan əmtəə tədavülü, kiçik yerli bazarların bir ümumrusiya bazarı halında təmərküzləşməsi idi. Bu prosesin rəhbər və sahibləri tacir-kapitalistlər olduğuna görə, bu milli əlaqələrin yaranması burjua əlaqələrinin yaranmasından başqa bir şey deyildi" [151, 159]. Beləliklə, onun fikrincə, millət - cəmiyyətin feodal dağınıqlığının aradan qaldırılma­sı və kapitalist iqtisadi əlaqələri əsasında siyasi mərkəzləşmə­nin gücləndirilməsi dövründə yeni sosial tarixi hadisə kimi yaranmışdır. V.İ.Lenindən sonrakı sovet ideoloqları da, başda İ.Stalin olmaqla hesab edirdilər ki, millət - ümumi ərazisi, dili, iqtisadi həyat birliyi, milli psixologiya və ideologiyanın ümumiliyində öz əksini tapan, mənəvi həyat birliyi olan insanların nisbətən sabit tarixi birliyidir. Məsələn, sovet dövründə M.Ağamirov "millət" termini ilə bağlı yazırdı ki, millətin varlığı üçün öncə "milli dilin olması"-dil birliyi, daha sonra bir dildə danışan adamların eyni ərazidə yaşaması-ərazi birliyi, eləcə də iqtisadi həyat və mənəviyyat-mənəvi sima birlikləri vacibdir [6, 8-9]. 1960-cı illərin ortalarından başlayaraq marksizm-leninizmin yuxarıda göstərilən tərifi etnik şüur fikri ilə tamamlanmış və etnosun ümumi anlayışı ilə əlaqələndirilmişdir [218, 25].

Qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycan türk ideoloqların­dan Məhəmməd Əmin Rə­sul­za­də "milliyyət", "mil­lət", "xalq" və s. anlayışlara əvvəlcə (1900-cu illərdə) marks­ist­lərin sinfi mübarizə mövqeyindən yanaşsa da, sonralar (1910-cu illərdə) milli cəbhəyə keçərək  "millət"i sinfi deyil, "dil", "mədəniyyət" əsaslarında təhlil etmişdir. Onun fikrincə, əvvəllər "ümmət" ilə "millət" anlayışları arasında fərq qoyul­ma­dığı üçün, milli və dini mənsubiyyət bir yerdə götürülmüş və "islam milləti" sözü məşhur ol­muş­dur: ""Millət"i nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindaş­lıqdan əlavə bir çox "daşlıqları" da came olduğu kimi, bil­xas­sə dil birliyini lazım gətirər. Müasir mənada "millət" kəl­məsi bu dil bir­liyin­dən hasil olan cəmiyyəti ifadə edər" [195, 467]. O yazırdı ki, dil milliy­yə­tin hamısını əhatə etməsə də, yüz­də doxsanını ehtiva edən böyük bir amil­dir: "Bir milliy­yəti məhv edib aradan götürmək qəsdində olan siyasi­lərdə əsil bunun üçündür ki, təmsil (assimilyasiyon) əməliyyatı icra edərkən ən birinci fikirləri­ni dilə verər və ən əvvəl bir millət­in dilini yaddan çıxarmağa səy edərlər" [195, 476]. Onun fikrincə, "qövmiy­yət" və "milliyyət" anlayışları da fərqli məna daşı­yır­lar: "Qövm­iy­yət" - Narodnost - yalnız nəsil və dil birliyi, "milliy­yət" - nasionalnost - dil və mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və ya qövmə-qövmiyyət sözü ilhaq olunar. Şahsevən kimi, Şahsevəndən bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevənə mil­liy­yət deyilməz. Bir çoxu bu kimi qövmiyyət və tayfalar cəm olub, bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan azərbaycanlı­lardan bir milliyyət kimi bəhs etmək olar" [195, 468]. M.Ə.Rəsulzadənin fikrincə, türklər (Türküstan, Osmanlı Türki­yə­si, Azərbaycan, Krım türkləri və b.) ayrı-ayrılıqda "milliy­yət", cəm halında isə "millət"dir: yəni türk milləti. Deməli, əvvəllər M.Ə.Rə­sul­za­də "milliyyət" və "mil­lət"i eyni mənada başa düşmüş, bu anlayışları bir-birindən yalnız miqyasına görə fərqləndirmiş və "millət"i daha geniş anlamda götürmüşdür. Bu mənada, o, "millət"ə belə bir tə­rif verir: "Millət dil birliyi, adət və əxlaq birliyi, tarixi ənənə və nəhayət, dini etiqadlar birliklərinin məcmuyun­dan mütə­şək­kil bir məhsuldur" [195, 468]. 1920-ci illərdən sonra M.Ə.Rəsulzadə "milliyyət" və "millət" anlayış­­larını bir qə­dər də dəqiqləşdirmişdir. Onun fikrincə, bun­lar­dan "mi­l­liy­yət" dil, din, irq, qövm, tarix, coğrafiya, iqtisadiyyat və si­yasət amillərinin təsiri ilə meydana gələn etnik bir toplu­luq­dur. "Millət" isə, bu toplulardan yaranan ümumi iradəni ifadə edir. Milliyyətin millət statusunu alması isə feodal sisteminin dağılması, burjuaziyanın yaran­ması ilə bağlı olmuşdur [191, 17-18]. Deməli, "milliyyət" burjuaziya-ka­pi­ta­lizm dövründə, müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş formal bir varlıqdır; millət isə bu fomal var­lı­ğın şüurlaşan dinamik bir şəklidir [191, 19].

Qeyd edək ki, M.Ə.Rəsulzadə "millət", "milliyyət", "xalq" və b. anlayışların tərifini verərkən ustad saydığı, XIX əsrin böyük Azərbaycan türk filosofu C.Əf­qani­­yə dəfələrlə müraciət etmişdir. M.Ə.Rəsulzadə­dən öncə Əfqani bildirirdi ki, insanları bir-birinə bağlayan, millətin yaranmasında iki vacib şeydən biri dil, digəri isə din birliyidir. O, millətin yaranmasını izah edərkən yazırdı ki, qohumluq və yaxınlıq dairəsi genişlənən­də ailə vəhdəti aradan qalxır, onun yerinə çoxlu ailələrin və insanların cəmindən ibarət olan qəbilə vəhdəti meydana gəlir: "Sonra bu vəhdət qəbilə birliyinə, o da vahid millətə gətirib çıxarır" [148, 187].

Çağdaş dövrdə də millət, milliyyət, xalq və s. anlayışlara də­­fələrlə müraciət olunsa da, bu günə qədər həmin məf­hu­m­lar­la bağlı kateqorial təriflərə rast gəlmək müm­kün deyil. Bu da, həmin anlayışların mürək­kəb­liliyi, çox­çalarlılığı, ideoloji istiqamətləri və s. ilə bağlıdır. Ha­zır­da Azərbaycan alimlərin­dən bir çoxları - R.Meh­di­yev, Ə.Tağıyev, Z.Qulu­za­də, Ə.Abbasov, A.Şükür­ov, Y.Türkel, M.Ağayev və b. bu məsələ­lərə toxunmuş və öz münasi­bət­lərini bildirmişlər. R.Mehdi­yev­in baş redaktoru olduğu "Po­litologiya. İzahlı lüğət" kitabında yazılır ki, "millət" (lat. natio tayfa, xalq) - tarixən kapitalizmin meydana gəl­məsi, feodal pərakəndə­liyinin dəf edilməsi, təsərrüfat əla­qə­lə­rinin güclənməsi, ədəbi dil bazasında savadlı­lığın ya­yıl­ma­sı, milli mənlik şüurunun möhkəmlən­məsi ilə səciyyələnən et­nos tipidir. Ümumi key­fiy­yətlərlə səciyyə­lənən millətlər müxtəlif yollarla, müxtəlif amillərin təsiri altında yaranır. Bunun üçün vahid sosial sxem yoxdur: "Əksər hallar­da o vətənə, tarixi tale ümu­mi­li­yi­nə, ümumi mənəvi dəyərlərə bağlılıqla, bəzənsə sırf etnik əla­qələr zəminində yaranır" [189, 205]. A.Şükürovun da fikrincə, "millət" və "etnos" anlayışları barədə dəqiq tərif yox­dur. BMT-də "millət" və "xalq" anayışlarının sino­nim kimi işləndiyini qeyd edən ali­min fikrincə, bu mənada "millət" müxtəlif insan birliklərini ifadə edir. Digər şərhə görə xalq və yaxud millət etnosla iden­tikdir: "Bu terminin şərhinin müxtəlif olması onunla əlaqədardır ki, bir mənada millət vətəndaş siyasi, digər halda etnik (etnomədəni, etnodil) kateqoriya kimi nəzərdən keçirilir" [218, 24]. Məsələn, almanlar millətin yaranmasını mədəniyyətlə, amerikanlar isə böyük insan birlikləri, qrupları ilə əlaqələn­dirdikləri hal­da, fransızlara görə, xalq yalnız o halda millət olur ki, o öz döv­lət­ini yaratdıqdan sonra ictimai zorakılıq institut­larına nəzarəti həyata keçirir. Fransızların tərifi ilə razılaşan A.Şükürov "millət" anlayışı ilə bağlı sonda belə nəticəyə gəlir: "Millət - ruhi vəhdət, mədəniyyət, mənəvi məzmun, keç­­mişin irsi, indidə canlı və onda yaradılacaq gələcəklə yaradılan və müdafiə olunan mənəvi vəhdətdir" [218, 28].

Ardı var....

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31