Azərbaycan mediasında ədəbi dilin qorunması müzakirə olundu

Sentyabrın 7- də Mətbuat Şurasında “Azərbaycan mediasında ədəbi dilin qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkədə yayımlanan qəzət və saytların baş redaktorları iştirak edib.

Sentyabrın 7- də Mətbuat Şurasında "Azərbaycan mediasında ədəbi dilin qorunması" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkədə yayımlanan qəzət və saytların baş redaktorları iştirak edib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan şuranın sədri, millət vəkili Əflatun Amaşov bildirdi ki, davamlı olaraq Mətbuat Şurası tərəfindən intenet üzərindən yayımlanan xəbər saytlarında və qəzetlərdə monitorinqlər aparılır. Sədr monitorinq zamanı leksik, qrammatik, üslub pozuntularına diqqət yetirildiyini vurğuladı. "Monitorinqlərin aparılmasında əsas məqsəd mediada ədəbi dilin normalarına  qorunmasına nəzarət etməkdir. Aparılan monitorinqlər zamanı daha çox leksik pozuntular, dialekt və şivə sözlərinin işlənməsi hallarına rast gəlinib. Bundan əlavə KİV-də həddindən artıq üslub və ifadə pozuntularına rast gəlinib. Monitorinqin yekun nəticələri haqqında geniş açıqlama veriləcək. Bir məsələni də qeyd edim ki, bu il aparılan monitorinqin nəticələri ilə 2012-2013 -cü illər də aparılan monitorinqlərlə müqayisədə xeyli düzəlişlərin olduğuna şahid olduq."

MŞ-nin KİV-lərin ana dilinə riayət sahəsində həyata keçirdiyi monitorinqin qrup rəhbəri, "Xalq qəzeti" -nin şöbə müdiri İlham Abbasov  qeyd etdi ki, monitorinqdə həmişə 20 qəzetə baxılırdı. "Bu il ilk dəfə olaraq 5 informasiya saytı da iştirak edib. 15 qəzetdən yalnız 5-nə baxılıb. Saytın üslub və təqdimetmə tərzi başqadır. Dil baxımından saytlarda vəziyyət qəzetlərə nisbətən acınacaqlı haldadır. Yazılan yazılar oxunmalıdır".

İlham Abbasov qəzetlərdə korrektor şöbəsinin olmamasına diqqət çəkərək qeyd edib ki, artıq korrektorlar fəaliyyət göstərmir: "Monitorinq zamanı daha çox leksik və qrammatik səhvlərlə qarşılaşırıq. Söz sırasının pozulmasına, mürəkkəb cümlələrdə yetərincə səhvlərə rast gəlinir. Orfoqrafiya lüğətindən istifadə olunmur. Monitorinq zamanı biz orfoqrafiya səhvlərinin üzərində dayanmırıq. Çünki, lüğət var və hər kəs ora baxaraq, düzgün şəkildə yaza bilər".

İlham Abbasov dilin qrammatik sistemini qorumağın vacibliyinə diqqət çəkərək bildirdi ki, bu gün qəzet və saytlarda üslub və ifadə yanlışlıqları yetərincədir. "Buna səbəb isə mediada çalışanların bir çoxunun dili bilməməsi, filoloji dil savadının olmamasıdır. Durğu işarələrində daha çox vergüllə bağlı səhvlərə rast gəlinir. Dili və predmetini bilməmək səhvlərə yol açır.

Sevindirici haldır ki, 2012-2013 -cü illərdə aparılan monitorinqlə müqayisədə uğurlarımız var".

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktor Vüqar Rəhimzadə mətbuatda monitorinqlərin davamlı keçirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd etdi. "Azərbaycan mətbuatında kifayət qədər yerinə düşməyən ifadələr var. Bütün bu qüsurlar mətbuatımızı deyil, Azərbaycan ədəbi dilini məhv edir. Mediada yayımlanan yazılar öncədən 2-3 dəfə oxunmalıdır. Qəzetlərdə korrektorların olması vacibdir".

"525- ci qəzet"in redaktoru Seyfəddin Hüseynli bildirib ki, mediada nəsillərarası münasibət öz həllini tapmayıb. "Oxucu çevik medanın xəbər dilini və ya əvvəlki medianın ağır, sanballı üslubunu seçməkdə çətinlik çəkir. Çox zaman status tipli xəbərin dili ilə reportaj, esselerin dili də çaşqınlığa səbəb olur. Xəbərin xəbər dili, iri janrların öz dili var. Tələb xəbər dili ilə yazan  jurnalistlərin esse, reportaj yazılmamasında qoyulmalıdır. Mediadakı nəsillərarası konflikt işi gərginləşdirir".

Tədbirdə iştirak edən "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz publisistik üslubun bədii üsluba daxil olduğunu qeyd edib. "Bunu təkcə monitorinqlə bitirmək lazım deyil. Jurnalistlər üçün davamlı olaraq seminarlar təşkil olunmalıdır. Yazılarda bu cür kobud səhvlərin olmasına səbəb isə jurnalistlərin öz yazdıqları yazını oxumadan onlayn şəkildə redaktora göndərmələridir. Bu tip tədbirlər təkcə baş redaktorlar deyil, həm də jurnalistlər üçün də təşkil edilməlidir. TV və saytlarda Azərbaycan dilində tərcümə olunan sözlərdən istifadə olunmalıdır".

Yunus Oğuz mediada ixtisaslaşmış jurnalistlərin çalışmasının vacibliyini xüsusi qeyd etdi. "Dil millətin özünü formalaşdırır. Jurnalistlər dilin təfəkkürünə təsir edir. Fəaliyyət göstərən hər bir gənc jurnalistə dilin fəlsəfəsini izah etmək lazımdır".

Analitik, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru  Elçin Mirzəbəyli bildirib ki, dil normalarının pozulmasının qarşısını almaq üçün onlayn lüğət tərtib olunmalıdır. "Biz zamanın sürətinə uyğunlaşmalıyıq. İndi konkret iş görməyin vaxtıdır. Normal lüğət tərtib olunmalıdır ki, internet resursları da dərhal istifadə edib, səhvləri düzəldə bilsin. Söhbət sürətdən, texnologiyadan və bizim bununla ayaqlaşmağımızdan gedir".

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31