Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama

Amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni iddia ortaya atılıb. Tanınmış məhkəmə eksperti Epşteynin intihar etmədiyini, qətlə yetirilmiş ola biləcəyini irəli sürüb.

Milli.Az xəbər verir ki, BBC-nin "Newsnight" proqramına danışan professor Maykl Friman məhkəmə-tibbi ekspertizasının sənədlərini və fotoşəkillərini araşdırdıqdan sonra bu qənaətə gəldiyini bildirib.

Meyiti şəxsən müayinə etmədiyini bildirən Friman təhlilini Epşteynin qardaşı Mark Epşteyn tərəfindən təqdim olunan sənədlər və fotolar əsasında apardığını qeyd edib. O, araşdırmasının müstəqil xarakter daşıdığını vurğulayıb.

Ekspertin sözlərinə görə, Epşteynin sol çiynində dərin qanaxma, üzündə isə zərbə izləri olub. Onun fikrincə, boyun nahiyəsindəki izlər arxadan boğulma ehtimalına uyğundur. Həmçinin qurbanın ipi boynundan çıxarmağa çalışarkən yarana biləcək dırnaq izlərinin də müşahidə olunduğunu bildirib.

"Yaralanmalar və cəsədin tapıldığı vəziyyət bir-birinə uyğun gəlmir. Yeganə izahat ölümün qətl olmasıdır", - Friman iddia edib.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı Metropoliten İslah Mərkəzində ölü tapılıb. Onun ölümündən sonra meyitin müayinəsini aparan baş məhkəmə eksperti Barbara Sampson əvvəlki rəyini müdafiə edərək Epşteynin ölüm səbəbi və şəraiti ilə bağlı gəldikləri qənaətin arxasında olduğunu bildirmişdi.

Müayinədə iştirak edən digər patoloqlar da ABŞ Ədliyyə Nazirliyinə təqdim etdikləri hesabatda xəsarətlərin asılma ilə uyğun gəldiyini, boğulma qurbanlarında müşahidə edilən müdafiə xəsarətlərinin isə aşkar olunmadığını qeyd etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31