Uşağa şiddət çarə deyil

-  Niyə evi yandırmadın? Sən axı düşmənsən, yandırmalı idin düşmənin evini.

- Sən yandırardın?

- HƏ!!!

- Bəs uşaq ölümünə nə ilə bəraət qazandırardın?

- Sən yaxşı düşmənsən....

(Fəryad 1993)

Biz onlara hər zaman "yaxşı düşmən" olmuşuq.

Dünyada yaşayan təqribən 2 milyard insandan  600 milyona yaxın uşaq döyüş bölgələrində yaşayır. Hər il 8-10 min uşaq minaya düşür  ölür və yaxud şikəst qalır. Uşaqlar oyun meydançasında top əvəzinə mina görməyə, qeyri-real olan cizgi filmi əvəzinə real savaş səhnəsini seyr etməyə məcbur qalırlar. Əminəm ki, seçim haqları olsaydı, bunu seçməzdilər. Hirosima və Naqasakiyə atılan atom bombalarının təsirindən uzun illər şikəst və xəstə uşaqlar doğulub. 1986-1996-ci illər arasında dünyada baş vermiş döyüşlərdə iki milyon uşaq ölüb, 5 milyon uşaq şikəst, 12 milyon uşaq evsiz qalıb, 1 milyondan çox uşaq isə ana - atasını itirib , eləcə də 10 milyondan çox uşaq ruhi sarsıntı keçirib. Təkcə Xocalıda amansızlıqla qətlə yetirilən 630 soydaşımızdan 63-ü uşaq idi. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.

Belə bir həqiqət var ki, valideyn sevgisinin çatışmazlığına, həm də fiziki ağrılara beynin eyni hissəsi reaksiya verir. Bu o deməkdir ki, uşaqlar çox vaxt valideynsizliyi fiziki ağrı kimi hiss edirlər.

Yalnız müharibələrdən deyil, bu günə qədər milyonlarla uşaq baxımsızlıq və onun öz bərabərində gətirdiyi aclıq, yoxsulluq səbəbi ilə ölüblər. Statistikaya  qayıtsaq dünyada yaşayan uşaqlardan 30%-i yoxsulluqdan əziyyət çəkir. Dünyada hər 5 saniyədə bir uşaq acından ölür.

Bütün bunlarla bərabər ailədaxili şiddət və zorakılıq halları da uşaqların inkişafına, şəxsiyyətinin formalaşmasına, sağlam və xoşbəxt gələcəyinə maneə törədəcək günümüzün ən qlobal problemlərindən biridir. Bəziləri bunu dırnaqarası tərbiyə üsulu adlandırsa da şiddət güc tətbiq etməkdir. Güc tətbiq etmək isə heç bir zaman tərbiyə üsulu olmayıb və olmayacaq. Tərbiyə sevgi və diqqətlə ötürülür. Uşaq sevgi və diqqəti elə dadmalıdır ki, hər zaman bunları itirməkdən qorxsun.

Döyməklə əsəblərinin sakitləşdiyini bildirən valideynlərin ilk öncə özlərini tərbiyə etmələri daha məqsədə uyğundur. Çünki heç nə anlamayan, çox şeyi dərk etməyən vaxtlarında şiddətə məruz qalan uşaq bunun nə üçün baş verdiyini xatırlamır. Bu səbəbdən səhvin yenidən təkrarlanması labüddür.

Bir çox problemin həlli sevgi və diqqətlə başlayır. Həzrəti Məhəmməd peyğəmbərimizin (s) buyurduğu kimi "Uşaqları sevin və onlara mehriban davranın".

Bəzi uşaqlar ailələrindən kənarda böyüməyə məcbur buraxıldığı üçün arzuladıqları ailə həyatını, bəzi uşaqlar o ailələr içində şiddətlə yaşayaraq böyüyürlər. Bu hər iki tərəf üçün ədalətsizdir. Çünki hər iki halda da itirən məhz uşaqlar, itirdikləri isə onların uşaqlıqlarıdır. Buraxın uşaqlar uşaqlıqlarını yaşayaraq böyüsünlər.

Göstərilən şiddətin yalnız uşaqlara qarşı yönəldilməsi şərt deyil. Valideynlər arasında yaşanan zorakılıq və şiddətə şahid olunması, təhqir və təhdidlərin eşidilməsi də uşağın qorxu, stress, narahatçılıq, psixoloji pozğunluq keçirməsi üçün kifayətdir. Şiddət görən uşaq şiddətə nifrət etməyəcək, əksinə qəddarlaşaraq şiddətə daha da meyilli olacaq. Zamanla öz yaxınlarına, ətrafına qarşı aqressiv davranacaq, gələcəkdə isə öz övladlarına qarşı eyni münasibəti sərgiləyəcək və gələcək yeni ailələr bu axarla davam edəcək. Beləliklə zəncirvari qəza şəklində ardıcıllıqla bir-birini əvəzləyən şiddətin cəzasını kimin ödəyəcəyi də məlum olmayacaq.

Kaş ki, yer üzündəki bütün uşaqları şiddətdən, müharibələrdən, aclıqdan, zülm və işgəncədən, haqsızlıqdan, ədalətsizlikdən, irqçilikdən, ayrı-seçkilikdən tamamilə qorumaq mümkün olsaydı. Onları baş verəcək ən cuzi potensialda belə olan təhlükə qarşısında  toxunulmaz edə bilsəydik. Bəlkə o zaman bütün uşaqlar ən saf çağlarını yaşayaraq böyüyərdilər.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31