Vətənin mənafeyi olan yerdə fərdlərin hüququ susmalıdır
28 Avqust 2018 13:07 SosialVətəni sevməyən insan nə valideyninin, nə də ailəsinin qayğısını çəkə bilməz
Öz kökünə bağlılıq vətənpərvərliyin əsas meyarıdır. Milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Sirr deyil ki, milli dövlətlər yeni dünya düzəninin yarandığı bir dövrdə qlobal söz sahibi olan hegemoniya ilə üzləşməkdədir. Dövlət içində yerli yönətimlər, alt kimliklər bu qlobal hegemoniyanın dəstəyi ilə güclənməkdədir. Vəkil Rövşən Qasımov bildirib ki, şəhidlik vətənpərvər insanların arzulayıb çatdığı ən uca zirvədir. Vətənimiz Azərbaycanı yaşadan məhz belə qeyrətli, igid oğulları, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarıdır. "Odlar Yurdu" deyilən ana vətənin odunu-ocağını sönməyə qoymayan, onun uğrunda canından keçən comərd övladlarıdır. Yurdumuzun bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnlər qeyrət simvolumuz, mərdlik məktəbimizdir. Belə oğullar qanı ilə, canı ilə vətənə bağlı olur. Belə oğullar "Vətən mənim üçün nə edib?" -, demir, "Mən vətən üçün nə etmişəm?" sualını verirlər. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də məhz belə oğullardır. Vətən məhz belə qəhrəmanlara "oğul" deyir: "Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə, örnək kimi təqdim edir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə daxil olan belə insanların keçdiyi yol müasir dövrdə gənclərimizin mənəviyyatına güclü təsir göstərir. Vətənimiz, xalqımız həyatını, ürəyinin alovunu-odunu, ən gözəl parlaq düşüncələrini, sevgisini bu torpağa, onun müstəqilliyinə həsr etmiş Şah İsmayıl Xətai Tomris, M.Ə Rəsulzadə, Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətləri, Həzi Aslanov , Əlif Hacıyev, Mübariz İbrahimov kimi qəhrəmanları necə unuda bilər?"
Onun sözlərinə görə, zorla cəlb edildiyimiz Qarabağ münaqişəsi bir daha göstərdi ki, Azərbaycan övladları keçmiş zamanlarda olduğu kimi, indi də hər cür qəhrəmanlıq göstərməyə, vətənin şöhrətini ucaltmağa qadirdirlər. 1988-ci ildən bəri azğın düşmənlərə sinə gərib dayanan oğul və qızlarımız sübut etdilər ki, Vətən uğrunda ölməyə dəyər. Şəhidlər Xiyabanında uyuyan igidlərimiz - ölümü ilə ölümsüzlüyə qovuşanlar bizi "Vətən anadır və onun azadlığı naminə canını qurban verənlər ən xoşbəxt insanlardır" ifadəsini fəxrlə deməyə zəmin yaratdılar: "Öz müstəqilliyinə qovuşan Azərbaycan bu yolda bir çox çətinliklərdən, əzab-əziyyətlərdən keçib, neçə-neçə igidimiz canını qurban verib. Tarixi arzularını reallaşdıran Azərbaycan xalqının öz dövlət himnini, üçrəngli bayrağını, dövlət gerbinin təsdiq etməsi çətin, əzablı yolun gözəl sonluğu idi. Amma müstəqilliymiz çoxlarını narahat edirdi, xüsusilə də xəyanətkar qonşularımızı. Sovet rejiminin dağıldığı dönəmdə seperatçı Ermənistan bizimlə torpaq iddiasına qalxdı. Elə bir məqam yetişdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması böyük təhlükə altına düşdü. Belə bir məqamda Azərbaycan dövlətçiliyinin sabahını düşünənlər və müstəqilliyimizi qoruyub saxlamaq istəyənlər ümummilli lider, dahi şəxsiyyət, vətənpərvər insan Heydər Əliyevə üz tutdular. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyən ulu öndər Azərbaycan xalqının parlaq günəşi kimi öz nurundan hər kəsə pay, vətənsevərlərin ürəyinə ruh, qoluna güc verdi. Ulu öndərin Vətənimizə olan sonsuz sevgisi Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu. Azərbaycan dövlətçiliyinin yaradıcısı, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, demokratik dəyərlərimizin təminatçısı, xilaskar, qurucu insan, tarixi şəxsiyyət öz əməlləri ilə vətənpərvərlik səlnaməsinin qızıl tarixini yazdı. Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin". Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkir, canlarını belə, əsirgəmirlər. Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov həyatında indiyədək əldə etdiyi uğurlara görə öncə ailəsinə, valideynlərinə borclu olduğunu deyir. Titullarının, hazırda tutduğu mövqenin fonunda hər şeydən əvvəl adi vətəndaş, əsgər olduğunu vurğulayan tanınmış idmançının sözlərinə görə vətəni sevməyən insan nə valideynlərinin, nə ailəsinin qayğısını çəkə bilməz, öz işində irəlilə gedə bilməz".
Vəkil qeyd edib ki, Vətənə sevgi, böyüklərə hörmət, milli dəyərlərə məhəbbət, şərəf, ləyaqət kimi hisslər insanda uşaqlıq illərindən formalaşır və möhkəmlənir. Düzgün tərbiyə almış uşaqlar və gənclər həyatın mənasını başa düşür, vətənə, insanlara gərəkli olmağın qiymətini bilirlər. Onlar üçün Vətənə, onun hər qarış torpağına məhəbbət, sevgi hər şeydən üstündür: "Etiraf etməliyik ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan təbliğat işlərinin səviyyəsi heç də qənaətbəxş deyil. Bu məsələdə aparıcı rolu KİV-lər oynamalı, mətbuat vətənpərvərliklə bağlı məqsədyönlü təbliğat işləri aparmalıdır. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi çox ciddi məsələdir. Bunun üçün ailədə, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği ön plana çəkilməli, ordumuz, şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında geniş danışılmalı, mənfur düşmənlə bağlı müxtəlif istiqamətlərdə söhbətlər aparılmalıdır. Orta məktəblərdə vətənpərvərliklə bağlı aparılan ideoloji işlər, Milli qəhrəmanlarımız haqda onların məlumatlandırılması, eləcə də Qarabağ müharibəsində iştirak edən cəsur insanlarla təşkil edilən görüşlər təbii ki, hər bir şagirdin yaddaşında dərin iz buraxır. Bu gün məktəblərdə vətənpərvərlik mövzusunda keçirilən viktorinalar, müsabiqələr, hərbi idman oyunları gənclərimizin hərbi ruhda böyüməsində müstəsna rol oynayır. Milli oyunlarımız da hərbi-vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir".
R.Qasımov qeyd edib ki, milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr-sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Məhz bu səbədən erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində ölkəmizə vurulan ziyanlar milli şüurun inkişaf etdirilməsini tələb edir: "Məlum olduğu kimi milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın-hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqla bağlı olan sosial keyfiyyətlər daxildir. Odur ki, milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Çünki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. Milli mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Təsadüfi deyil ki, Azərbaycan gənclərinin milli kimlik şüurunun inkişaf etdirilməsi həm də onların məsuliyyətinin artırılması ilə nəticələnib. Qeyd edək ki, milli kimlik, milli idealogiya və vətənpərvərlik tərbiyəsi heç də müxtəlif istiqamətlər deyil, bir bütövün hissələri kimi bir-birindən asılıdırlar. Bunların birini diğərlərindən ayrı təsəvvür etmək mümkün deyil. Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları bütöv bir sistemin hissələri kimi, gənc nəslin tərbiyəsində, onların düşüncələrinə, əxlaqlarına, hisslərinə, iradəsinə təsir edə biləcək məzmunda aşılansın. Çünki, sahiblənmə hissi olmayan birinin milli mənliyi, milli mənlik hissi olmayanın milli idealogiyası, milli idealogiyası olmayan xalqın isə vətənpərvər övladlar yetişdirməsi mümkün deyil. Məhz bunun nəticəsidir ki, gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinə böyük təsir göstərir".
Alim