“Qələbəyə doğru” intellektual oyununun qalibləri müəyyən edildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərifə Əliyevanın 95-ci ildönümünə həsr olunmuş "Qələbəyə doğru" intellektual oyununun bağlanış mərasimi keçirildi.

Mərasimdə əvvəlcə Zərifə Əliyevanın xatirəsinə həsr olunan "Nur dolu ömür" adlı film nümayiş olunub. Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edib. O, tədbirin Binəqədidə keçirilməsinin təsadüfi olmadığını bildirib, Z. Əliyevanın adını daşıyan parkın, Heydər Əliyevin adını daşıyan məscidin Binəqədi rayonu ərazisində yerləşdiyini xatırlatdı.

X. İsgəndərov qeyd edib  ki, belə bir tədbirin Binəqədi rayonunda keçirilməsi rayon ictimaiyyəti üçün böyük şərəfdir. O, həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. İcra başçısı Z. Əliyevanın Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğuladı.

Azərbaycanın dünyada ailə, uşaq və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, uşaq və gənclər dövlətin verdiyi imkanlardan faydalanaraq öz bilik və bacarıqlarının artırılması üçün çalışmalı, vətənpərvər olmalıdırlar. O deyib ki, "Qələbəyə doğru" kimi intellektual oyunların keçirilməsi uşaqların Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli ziyalıları barədə məlumatlarının artırılması baxımından çox dəyərlidir.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, eləcə də Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva və Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış etdilər.

Sonra "Qələbəyə doğru" intellektual oyununun qalibləri mükafatlandırılıb. Birinci yerin qalibi olmuş komandaya "Qələbəyə doğru" kuboku təqdim olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31