Tvinninq layihəsinə yekun vuruldu
Aprelin 4-də Milli İncəsənət Muzeyində “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsinin yekun tədbiri keçirilib.
4 Aprel 2018 14:49 SosialAprelin 4-də Milli İncəsənət Muzeyində "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək" tvinninq layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib, nazirliklər, yerli və beynəlxalq təşkilatların iştirakı ilə mədəniyyət sektorunun inkişaf perspektivləri müzakirə olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, layihə çərçivəsində yerli mütəxəssislərlə regionlarda, mərkəzi aparatda, muzeylərdə böyük işlər görülüb. Ölkəmizdə mədəni irsin qorunması və ondan istifadə olunması sisteminin təkmilləşdirilməsinə dair tədqiqatlar aparıldığını söyləyən nazir vurğulayıb ki, layihənin məqsədi Avropa təcrübəsindən Azərbaycanda istifadə etməkdir.
İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ölkələr arasında siyasi münasibətlərə də öz töhfəsini verir: "Ekspertlərimiz Azərbaycana daha çox turist cəlb edilməsi istiqamətində müvafiq bilik və bacarıqlarını bölüşüblər. Layihə Azərbaycana mədəni irsdən iqtisadi səmərə əldə etmək imkanı yaradır. İtalyan ekspertlərinin əsas məqsədi burada öz təcrübələrini bölüşmək idi".
Qeyd edək ki, layihə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin köməyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində reallaşdırılıb.