“Qəhrəmanlarımız qan yaddaşımızdır”
3 Aprel 2018 17:25 SosialAprelin 3-də Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qəhrəmanlarımız qan yaddaşımızdır" kitabının təqdimat mərasimi keçirildi. Olaylar. az bildirir ki, mərasimdə "Türk Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Aprel döyüşlərində şəhid olan qəhrəmanların ailə üzvləri, Universitet nümayəndələri iştirak edib.
Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan və Türkiyə dövlətlərinin himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan "Türk Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov bildirdi ki, kitabda Aprel döyüşləri zamanı şəhid olan bütün qəhrəmanların hamısı haqqında ensiklopedik məlumatlar daxil olub. Burada İqtisad Universitetinin iki məzunu, Türkiyə "Kara Garb" hərbi məktəbinin məzunları haqqında məlumat da yer alıb. Çıxışı zamanı gənclərə müraciət edən Çingiz Bayramov onlara Azərbaycanın uğurlu dövlət siyasətini, mənəvi dəyərlərimizi, tariximizi, tarixi ərazilərimizi sosial şəbəkələrdə təbliğ etməyi məsləhət gördü. " Mən inanıram ki, İlham Əliyevin rəhbərliyi və komandanlığı altında biz bütöv Azərbaycanı bərpa edəcəyik".
Daha sonra çıxış edən İqtisad Universitetinin prorektoru Səadət Xəlilova vurğuladı ki, biz 90-cı illərdə olan müharibəni uduzmadıq: "Biz həmin döyüşləri uduzmuşduq. Buna səbəb ordumuzun zəifliyi deyil. Azərbəycan ordusu hər zaman güclü orduya malik olub. Ulu Öndər Heydər Əliyevin ölkənin ən çətin günlərində müdrik siyasəti və bu siyasəti uğurla davam etdirən İlham Əliyevin güclü siyasəti nəticəsində Aprel döyüşlərində ərazimizin bir hissəsi bərpa olundu və biz qalib gəldik. Aprel döyüşləri Azərbaycan xalqına qələbənin uzaqda olmadığı mesajını verdi. Təbii ki, bu mesaj düşmənimizi və onun havadarlarını qorxuya saldı".
Səadət xanım Çıxışının sonunda Universitetin şəhid məzunları Tural Dadaşov və Mail Mirzəyevin valideynlərinə bir daha başsağlığı verdi.
Tədbirdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Rauf Əmirov çıxışı zamanı qeyd etdi ki, Azərbaycan ordusunun sahib olduğu büdcə erməni dövlətinin büdcəsi qədərdi. Bütün bunlar Azərbaycan prezidentinin diqqət və qayğısı nəticəsindədir. Bu gün Azərbaycan ordusu müasir silah-sursatla təmin olunub. Amma, mənəvi-psixoloji baxımından döyüşə hazır olmayan əsgərin əlində o silahlar həmişə bir dəmir parçasıdı. Aprel döyüşləri zamanı Azərbaycan əsgəri və mülki vətəndaşlarının hamısı döyüşə yüksək səviyyədə hazır idi. Azərbaycan ordusu bu gündə döyüş növbəsindədir. Bugünkü müharibəmiz əvvəlki müharibələr kimi deyil, müasir silahlarla müharibəyə hazırdı. Lələtəpə yaxınlığında olan döyüşlərdə düşmənin tankları məhz o yeni, müasir silahlarla məhv edildi. Müdafiə Nazirliyi bu gün də Azərbaycan ordusunu yeni silahlarla təmin edir.
Çıxışının sonunda Rauf Əmirov gənclərə vətəni, torpağı sevməyi, qorumağı, vətənimiz uğrunda görəcəkləri işlər yolunda uğurlar arzuladı.
Tural Dadaşovun anası Kəmalə xanım çıxışı zamanı hamını salamladı: "Mənim üçün burada şəhid anası kimi danışmaq çox çətindi. Özümdə güc toplayıb onun qəhrəmanlığını təbliğ etməklə güc toplayıram. Nəvəmin balaca Turalın dünyaya gəlməsini arzulayıram. Biz bu qəhrəmanlığı sizə təbliğ etməliyik ki, sizin kimi gənclər belə qəhrəman oğullardan xəbərdar olsun, onlar unudulmasın".
Çıxış edən şəhid Mail Mirzəyevin atası Sabir bəy dedi ki, Aprel şəhidləri 90-cı illərdə şəhid olan qardaşlarının qisasını alıblar: "Aprel şəhidləri hər yerdə, dövlətimiz tərəfindən xüsusi ehtiramla xatırlanır, yad edilir. Bizim vəzifəmiz bundan sonrakı ömrümüzdə şəhidlərimizi unutmamaq, onları hər zaman yüksək qürurla xatırlamaqdı. Unutmamalıyıq ki, Şəhidlik zirvəsi hər kəsə qismət olmur. Bu zirvəyə ucalan hər kəs Tanrının sevimli bəndəsidi. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan üçün qələbə çox da uzaqda deyil. Qələbə hər zaman Azərbaycan xalqıyladı".
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından çıxış edən Əli Məmmədov bildirdi ki, burada edilən çıxışlar hər bir gəncin həyatında böyük əhəmiyyəti olacaq: "Müasir gənclərə vətənpərlik hisslərini, şəhidlərimizi təbliğ etmək üçün bu kitaba böyük ehtiyac var idi. Və biz bu kitabı dərc etdik. Vətən üçün canından keçən hər bir qəhrəman bu gündə yaşayır, biz onları hər zaman yad edirik. Vətən üçün o çətin anları dəyərləndirən igid oğullarımız öz canlarını qurban verirlər. Azərbaycan gənci hər zaman vətənpərvər olub. İnşallah güclü ordumuz sayəsində biz tezliklə qələbə sevincini yaşayacağıq. Sonda ədalət zəfər çalacaq, prezidentimizin apardığı uğurlu siyasət nəticəsində biz bütöv Azərbaycana qovuşacağıq. Azərbaycanın gələcəyi üçün bütün gəncliyə uğur arzulayıram".
Aprel döyüşlərində iştirak edən Natiq Mehdiyev çıxış edərək bildirdi ki, hər kəs tarixin təkrarlandığını bildirir: "Bu dəfə təkrarlanan tarix Azərbaycan xalqına qələbə qazandırdı. Bizə bu qələbəni yaşadan şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Aprel döyüşlərində biz xalqımızın necə vətənpərvər ruhda olduğuna şahid olduq. Azərbaycan xalqınin qısa zamanda qələbə ilə sevinəcəyi gün uzaqda deyil".
Qeyd edək ki, kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin " Qəhrəmanlarımız bizim qan yaddaşımızdır" adlı layihəsi çərçivəsində çap olunub.
Ay An