Ziya Məmmədovun otelinin adını dəyişdirdilər
2 Aprel 2018 13:03 Sosial"Quba Rixos" oteli rebrendinq etdi. 2018-ci il aprelin 1-indən otel "Quba Palace" adı ilə öz qonaqlarını qəbul edəcək.
FaktXeber.com məlumat verir ki, hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, Azərbaycanın regionlarında ən böyük və ən populyar otel olmaqla"Quba Palace", yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.
Otel rəhbərliyi Rixos brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib. Belə ki, Rixos brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı "Quba Rixos" oteli "Quba Palace",Gürcüstandakı "Rixos Borjomi" isə "Borjomi Likani"adını daşıyacaqlar.
"Biz daha çox turist cəlb etmək, otelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə Quba Palace bazarda daha güclü bir brend kimi tanınacaq", deyə Kənan Ağayev bildirib.