Qənirə Paşayeva tələbələrə 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş mühazirə dedi
31 Mart 2018 10:10 SosialAzərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib.
Milli Məclisin deputatı Qənirə Paşayeva mövzu ilə bağlı mühazirə deyib.
Bu soyqırımı dünyaya çatdırmağın başlıca vəzifəmiz olduğunu bildirən Q.Paşayeva "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir çox ölkələrə haqq səsimizi duyura bildiyimizi qeyd edib. O, vətən üçün yaşamaq hüququndan imtina edib canını qurban vermiş qəhrəmanlardan danışıb, millətin başına gələn qanlı hadisələrdən, onların çəkdiyi iztirablardan söhbət açıb. Tariximizi dərindən bilməyin vacibliyindən danışan Q.Paşayeva millətin başına gələnləri faktlarla digər ölkələrə tanıtmağın əhəmiyyətini vurğulayıb. Q.Paşayeva bildirib ki, ermənilər qondarma soyqırımı il bağlı yalan məlumatlar yayırlar, dayanmadan təbliğat aparırlar. O, tarixi bilmədən yalana qarşı mübarizə aparmağın mümkün olmadığını qeyd edib. Soyqırımı ilə bağlı həqiqətlərin sosial şəbəkələr vasitəsi ilə dünya xalqlarına çatdırılmasının əhəmiyyətini vurğulayan Q.Paşayeva bu nöqteyi-nəzərdən cəbhə xəttində, sərhədləri qoruyan əsgərlərlə yanaşı, virtual əsgərlərin də gənclər olduğunu deyib. Q.Paşayeva ölkəmizin istiqlalı üçün daim millətinin yanında olan, onları maarifləndirməyə xidmət edən ziyalılardan danışıb.
Sonda Q.Paşayeva tələbələri maraqlandıran sualları cavablandırıb.
Daha sonra Azərbaycan Dillər Universitetində (ADU) Təhsil fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının Təhsil fakültəsinin III kurs tələbələri ilə birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş "Tariximizi unutmayaq" adlı dəyirmi masa keçirilib.
Fakültənin tələbələri 31 Mart azərbaycanlıların soyqırımı haqqında Azərbaycan və fransız dillərində ətraflı məlumat verib.
Rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev 31 Mart soyqırımına həsr olunmuş tədbiri yüksək qiymətləndirib. O, bildirib ki, tədbirin təşkilində tələbələrin birbaşa iştirakı onların bu faciəni daha yaxşı mənimsəməsinə səbəb olur. O, bu tədbirdə qeyd olunan faktları gələcəkdə övladlarına da öyrətməyi tövsiyə edib.
Kafedra müdirinin müavini Gülnarə Sadıxova tədbirin təşkilində əməyi keçən şəxslərə təşəkkürünü bildirib. Vətənpərvərliyin universitetdən başladığını bildirən G.Sadıxova savad və biliklə azərbaycanlıların ermənilərdən üstün olduğunu sübut etməyin mümkünlüyündən danışıb. O, tələbələrdə Azərbaycanı fransız dilində yüksək səviyyədə təbliğ etmək üçün yüksək potensial olduğunu söyləyib. G.Sadıxova bu tarixin heç vaxt unudulmayacağını qeyd edib.
Kafedranın baş müəllimi Kəmalə Kərimova tədbirin ərsə gəlməsində tələbələrin xüsusi rolunu qeyd edərək təşkilatçılıqda dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra soyqırım və baş vermə səbəbləri haqqında müzakirələr aparılıb.