Regional proqramlar ucqar dağ rayonlarında da inkişafa səbəb olub
Bu gün Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin iqtisadi reytinq göstəricilərini ildən-ilə yaxşılaşdırmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə də müsbət təsir göstərir. Azərbaycanın hərtərfli inkişafını şərtləndirən mühüm amillərdən biri düzgün şəkildə həyata keçirilən siyasətdirsə, digəri isə uğurlu islahatlar, zamanında qəbul edilən qərarlardır. Bu baxımdan 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını xüsusi qeyd etmək lazımdır. Məlumat üçün qeyd edək ki, ötən illər ərzində artıq üçüncü proqramdır ki, icra olunur və hər bir proqram da uğurla icra edilib. Bunu ötən illər ərzində regionların dəyişən siması fonunda görmək mümkündür. Sevindirici haldır ki, bu inkişaf respublikanın hər bir bölgəsində, şəhərində, rayonunda, qəsəbəsində, hətta kəndində belə özünü göstərir. Eyni zamanda regionlar proqramlar ucqar dağ rayonlarında da sürətli inkişafa səbəb olub. Hansı ki, sözügedən proqramlar icra edilənə qədər həmin rayonlarda hansısa inkişafdan danışmaq qeyri-mümkün idi.
30 Mart 2018 16:40 SosialBu gün Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin iqtisadi reytinq göstəricilərini ildən-ilə yaxşılaşdırmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə də müsbət təsir göstərir. Azərbaycanın hərtərfli inkişafını şərtləndirən mühüm amillərdən biri düzgün şəkildə həyata keçirilən siyasətdirsə, digəri isə uğurlu islahatlar, zamanında qəbul edilən qərarlardır. Bu baxımdan 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını xüsusi qeyd etmək lazımdır. Məlumat üçün qeyd edək ki, ötən illər ərzində artıq üçüncü proqramdır ki, icra olunur və hər bir proqram da uğurla icra edilib. Bunu ötən illər ərzində regionların dəyişən siması fonunda görmək mümkündür. Sevindirici haldır ki, bu inkişaf respublikanın hər bir bölgəsində, şəhərində, rayonunda, qəsəbəsində, hətta kəndində belə özünü göstərir. Eyni zamanda regionlar proqramlar ucqar dağ rayonlarında da sürətli inkişafa səbəb olub. Hansı ki, sözügedən proqramlar icra edilənə qədər həmin rayonlarda hansısa inkişafdan danışmaq qeyri-mümkün idi.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları hər bir ucqar dağ rayonunda olduğu kimi Daşkəsən rayonunda da uğurla icra edilib. Bu illər ərzində rayonda çoxsaylı iş yerləri açılıb, sakinlərin sosial rifah halı yaxşılaşdırılıb, geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilib. Rayonun inkişafına xidmət edən tədbirlər Dövlət Proqramının üçüncü mərhələsində də davam edib.
2017-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb.
Ümumi məhsul buraxılışında 2016-cı illə müqayisədə 2017-ci ildə kənd təsərrüfatı məhsulları 35 milyon 212 min manat (5,2% çox), nəqliyyat üzrə 3 milyon 112 min manat (3,4% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 21 milyon 824 min manat (6 % çox) olub.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib.
2017-ci ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 363,9 manat, dövlət mülkiyyətində 375,5 manat, qeyri-dövlət mülkiyyətində isə 184,3 manat təşkil edib. Rayonun büdcəsinin icrası gəlirlər üzrə 100,2 faiz, xərclər üzrə 94,1 faiz yerinə yetirilib. Hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 16 min 127 nəfər olmuş, onlardan məşğul əhali 15 min 416 nəfər olub.
2017-ci ildə rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bəzi sahələr üzrə həmin işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin bir hissəsi ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Məlumdur ki, Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalamış, həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunub və həmin sahə üzrə müəyyən işlər görülüb.
Dövlət proqramı çərçivəsində rayonun təhsil və səhiyyə müəssisələrində də işlər görülüb. Belə ki, Daşkəsən Rayon Mərkəzi Xəstəxana binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılıb.
Güneykənd kəndində 56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi başa çatdırılıb, Şahvələdli kəndində isə 23 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi davam etdirilir. Bayan kənd tam orta məktəbin dam örtüyü yenisi ilə əvəz olunmuş, Quşçu kənd uşaq bağçası təmir edilib.
Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunub, 2018-ci ildə də Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının əsaslı təmir olunması nəzərdə tutulub.
Daşkəsən şəhərinin əsas meydan və küçələrinə yeni asfalt örtüyü salınıb.
Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılıb və hazırda həmin işlər davam etdirilir.
Rayonun 8 kəndində polis sahə məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb.
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin qrantı hesabına "Yuxarı Daşkəsən qəsəbəsində İçməli Su Təchizatının Yaxşılaşdırılması" layihəsinin həyata keçirilməsi başa çatdırılmış və 26 iyul 2017-ci il tarixdə açılışı olub.
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin binanın tikintisinə başlanılacaq.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülüb.
Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunub.
İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilib, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılıb, bu sahədə bir sıra layihələr həyata keçirilib .
Daşkəsən səhərində yeni "Hotel" və "Restoran" eyni zamanda müxtəlif sahələr üzrə bir neçə obyekt istifadəyə verilib.
01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2017-ci il tarixədək rayonda müxtəlif sahələrə 12 sahibkar (4 hüquqi, 8 fiziki sahibkar) tərəfindən özəl investisiya qoyulmaqla ümumi dəyəri 1 milyon 885,7 min manat olan layihələrin həyata keçirilməsi üçün 885,7 min manat investisiya cəlb edilib.
2017-ci ilə qədər həmin layihələrə 250 min manat vəsait xərclənib.
Bundan sonra həmin layihələrin başa çatdırılması üçün 750 min manat investisiya qoyuluşu nəzərdə tutulub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində daha çox özəl investisiyanın cəlb olunması üçün aidiyyəti üzrə müvafiq işlər aparır və həmin işlərin icra vəziyyəti daimi nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulub.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilib.
Məlumat üçün qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bunları deyib: ""Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik"...
Bu baxımdan rayonda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra işlər görülüb.
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına uyğun olaraq əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə Dövlət tərəfindən buğda üçün hər hektar əkin sahəsinə 90 manat, digər əkinlər üçün isə 50 manat hesabı ilə 2017-ci il ərzində aparılmış əkinlərlə bağlı rayon üzrə 20 nəfərə 407 ha əkin üçün 35178 manat məbləğində subsidiya verilib.
Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
2017-ci ilin məhsulu üçün 713 hektar sahədə buğda əkilmiş, 1568,6 ton məhsul istehsal olunmuş, 61 hektar sahədə isə arpa əkilərək 156,6 ton məhsul istehsal olunub.
2017-ci il ərzində rayon ərazisində 1308,4 hektar sahədə kartof, 83 hektar sahədə kələm, 66,4 hektar sahədə lobya və 4 hektar sahədə qarğıdalı əkilmişdir. Əkilmiş sahələrdən 13087 ton kartof, 1445 ton kələm, 17,4 ton tərəvəz lobyası və 15,2 ton qarğıdalı bitkiləri istehsal olunmuşdur.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1 kənddə (Quşçu kəndində) süni mayalama məntəqəsi fəaliyyət göstərir. Mayalandırılmış heyvanlardan 67 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir