Bakıda insanları problemlər dərəsinə salan “Dərəçiçək” MTK
29 Mart 2018 15:13 SosialBakıda mənzil tikintisi ilə məşğul olan şirkətlərdən şikayətlər səngimir. Belə tikinti şirkətlərindən biri, mətbuatda adı tez-tez mənfi planda çəkilən "Dərəçiçək" MTK tərəfindən narazı salınmış sakinlərin bir qrupu virtualaz.org saytının redaksiyasına müraciət edərək 13 ildir problemlərinə çarə tapılmadığını deyiblər.
Şikayətçilərin sözlərinə görə, 2005-ci ildə şirkətin Bakı şəhər, Yasamal rayonu Şərifzadə 571 ünvanında inşa etdiyi binada mənzil alıblar. Lakin bina hələ də yaşayış üçün tam hazır deyil. Binanın həyətində hələ də təmir işləri gedir, xüsusilə küləkli havalarda uşaqların həyatı üçün təhlükəli vəziyyət yaranır.
3 bloklu, 18 mərtəbəli yaşayış binasına lift yeni quraşdırılıb, lakin liftin ətrafı tam hörülməyib. Sakinlərdən İntiqam Abbasov deyib ki, lift quraşdırılarkən təhlükəsizlik qaydalarına ciddi riayyət olunmalıdır. Bir balaca külək olan kimi lift yerindən oynayır. Buna görə də sakinlər xüsusilə uşaqlar üçün narahatdırlar.
Sakinləri narahat edən problemlərdən biri də binaya təbii qazın verilməməsidir. 13 ildir istifadəyə verilmiş binaya hələ də qaz çəkilməyib, sakinlər yalnız elektrik enerjisindən istifadə edirlər. Çünki dövlət orqanları binanın istismarına rəsmi icazə verməyiblər. Xətlər hədsiz yükləndiyindən tez-tez binaya elektrik enerjisinin verilişi kəsilir, qəzalar, qısaqapanmalar olur. Elektrik enerjisinin 1 kilovatı isə sakinlərə 9 qəpikdən satılır.
Bundan əvvəl "Dərəçiçək" MTK inşa etdiyi binada satdığı mənzillərin sahəsini müqavilədə mənzilin real sahəsindən artıq hesabladığı üçün sakinlər tətəfindən məhkəməyə verilmişdi. Daha bir narazılıq isə binanın vaxtında təhvil verilməməsi ilə bağlı olub. Binada mənzil alan sakinlərdən biri dama çıxaraq problemlərdən boğaza yığıldığı üçün intihara cəhd eləmişdi. Habelə şirkətlə müştəriləri arasında çoxsaylı məhkəmə çəkişmələri var.
Sakinlərin ittihamlarına münasibət öyrənmək istəsək də, şirkətə məxsus telefonlara etdiyimiz zənglərə cavab verilməyib.