AMEA Naxçıvan Bölməsində „Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nın təqdimatı olub

AMEA Naxçıvan Bölməsində Nəsimi adına Dilçilik İnstitutu ilə birgə „Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsində Nəsimi adına Dilçilik İnstitutu ilə birgə "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb, ana dilimizin xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvəti olduğunu bildirib.

Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, xalqımızın çoxəsirlik qədim mədəniyyət ənənələrindən söz açan alim dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamatində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. Akademik bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıb.

İsmayıl Hacıyev ictimaiyyətə təqdim olunan atlasın Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən hazırlandığını bildirib. Qeyd edib ki, Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi məqsədilə Dilçilik İnstitutunun əməkdaşları 2014-cü ildə Naxçıvana gələrək 151 yaşayış məntəqəsində olublar. Zəngin dialektoloji materiallar əsasında dilin bütün səviyyələrini əhatə edən 250 xəritədən ibarət yüksək elmi və poliqrafik keyfiyyətdə "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası" tərtib edilib.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva çıxış edərək Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrinin tədqiqinin dialektoloji atlasın tərtibinə xidmət etdiyini bildirib. Natiq xüsusi olaraq vurğulayıb ki, fundamental nəşrin hazırlanmasında Naxçıvan Muxtar Respublikada yaradılan şəraitin, göstərilən diqqət və qayğının, dəstəyin də rolu böyük olub.

Daha sonra Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın dilimizin və tariximizin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31