Kölgədə gizlənənlər...
28 Mart 2018 16:13 SosialZüleyxa Nadir
Bu gün ölkədə özlərini "din adamı", "dindar" adlandıran insanlar İslama, Qurana müxtəlif yöndən yanaşaraq dini tarazlığı əyirlər. Müxtəlif qrupa bölünür, məzhəblərə xidmət edir, biri özünü o birindən üstün tutur. Ona görə də insanlar arasında din xadimlərinə münasibət birmənalı deyil. Sözümün cani bu deyil, məqsədim başqa nəsnədən yazmaqdı.
"Dindar" kəsimin içində bir zümrə var ki, onlara "seyid" deyilir. Əhalinin demək olar ki, 90 faizi bu adamlara üstün varlıq kimi baxır. Məsələnin daha maraqlı tərəfi odur ki, seyidlərin bəziləri cəddlərinin ağırlığına görə özünü o birilərindən üstün tutur. "Filankəs ağır cəddi olan seyiddi, ondan çəkinmək lazımdı" ifadəsi əhali arasında ən çox yayılan cümlədi. Halbuki "cədd" ərəb dilində baba deməkdi. Əslində "ağır seyiddi", "cəddi ağırdı" demək insanların ərəb dilini bilməmələrindən irəli gəlir. Ki... seyidlər də bu bilgisizlikdən məharətlə istifadə edirlər.
Bəs, seyid kimə deyilir, başqasından üstünlüyü nədi? Sözün mənası müxtəlif coğrafiyada "bəy, ağa, nüfuzlu, hörmətli şəxs, rəis, yaxud da əfəndi" deməkdi. Bu baxımdan Seyid İmadəddin Nəsimi, Seyid Hüseyn, Seyid Əzim Şirvani, eləcə də Seyid Cəfər Pişəvərinin adlarındakı "Seyid" sözü onların hörmətli, nüfuzlu, ehtirama layiq olmasına görə verilən adlardı. Bəzi dini mənbələrdə Məhəmməd peyğəmbər də həmin sözün lüğəti mənasına uyğun olaraq Seyid, yəni dünya və axirətin əfəndisi, yaradılanların böyüyü, bütün peyğəmbərlərin rəhbəri adlandırılıb. Nə gözəl!
Amma gəlin görək indi seyidlər bu adın həqiqi mənasını özündə ehtiva edən iş görürlərmi? Müşahidələr göstərir ki, seyidlərin əksəriyyəti bilmir ki, "cəddinin ağırlığı" nədi, kökü hardan gəlir, nəyə bağlıdı? Qapı-qapı gəzən seyidlər var ki, adın hörmətini, nüfuzunu tamamən yerlə-yeksan edirlər. Nəzir yığır, sədəqə tələb edir, hətta fala baxmaq istəyənlər də tapılır. Amma qapısı döyülənlər İslam dinini yaxşı bilsələr, Qurandan xəbərdar olsalar bilərlər ki, seyid adı ilə "yüklənib" əl açan bu adamlar Həzrəti Məhəmmədi gözdən salırlar. Halbuki Məhəmməd peyğəmbər özü sədəqə, nəzir yığmağı haram buyurub. Dilənçi kimi əl açan bu zümrə insanların bilgisizliyindən bəhrələnir və onların günah iş görmələrinə səbəb olurlar.
***
Yadımdadı ötən il bu zamanlar Qafqaz Müsəlmanları İdarəsinin cənub regional qazisi Elnur adlı bir nəfərə seyidlik vəsiqəsi vermişdi. Bu hadisə medianın gündəmini zəbt etmişdi, sosial şəbəkədə günlərlə müzakirə olunmuşdu. Az qala rişxənd edənlər və nifrət bildirənlərlə tərəfdar olduqlarını yazanlar arasında virtual olaraq qarşılıqlı atışma baş vermişdi. Sonda bu xaosa aydınlıq gətirilmişdi. Vəsiqəni verən şəxs söyləmişdi ki, bilsəydi belə söz-söhbət yaranacaq, bu addımı atmazdı. Amma özünə də haqq qazandırmışdı: "İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam". Bu gün ölkədə seyidlik vəsiqəsi gəzdirmək istəyən elnurlar çoxdu, həm də lap çox. İşin ağrılı tərəfi odur ki, bu vəsiqəli-vəsiqəsiz adamlar başqalarını bezdirir, bəzən də insanlarda özlərinə qarşı nifrət hissi oyatmağa səbəb olurlar.
İllər öncə rəfiqəm danışırdı ki, vaxtilə kəndlərində bir nəfər seyid varmış. İslamdakı xüms, zəkat məsələləri ilə bağlı həmişə əhali arasında təbliğat aparırmış. Heç bir zaman sədəqə tələb edib, nəzir yığmazmış. İmkanlı adamların ona verdikləri pul-paranı da kəndin kasıb, imkansız adamlarına paylayarmış. Deyərmiş ki, seyid dilənçi deyil, ona sədəqə verməzlər, nəzir ayırmazlar. Seyid peyğəmbər nəslindən gələn adamdı. Həzrəti Məhəmmədin ruhuna hörmət etmək lazımdı, onun adını ləkələmək olmaz. Özünə seyid deyən adam sədəqənin haram olduğunu bilməlidi. Əgər o, nəzir yığırsa, demək ki, Allah rəsulunu təhqir edir. Adını bilmədiyim həmin şəxsə Allah rəhmət etsin, nur içində yatsın. Belələri cəmiyyətdə hər zaman olub, indi də var. Amma nə yazıq ki, barmaqla göstərilə biləcək qədər az olan bu insanlar o birilərin kölgəsində görünməz olublar.
İş təkcə ev-ev gəzərək nəzir yığan, sədəqə toplayanlarla bitsəydi nə vardı ki? Hansısa qəbirdə yüz il, min il əvvəl dünyasını dəyişərək yatan ölüdən də istifadə edənlər var. Çünki adam vaxtilə seyid adlanırmış, indi də oğlu-qızı ata-babasının qəbrindən istifadə edir. Bu fani dünyadan köçənlərin törəmələri onun ocağının sönməsinə imkan vermirlər. İnsanlar həm o qəbrin üstünə pul qoyur, həm də övladlarının evinə gedib nəzir-niyaz verirlər. Guya ki, bunlar hər kəsdən üstün, başqalarından artıqdırlar. Amma kimsə düşünmür ki, bu üstünlüyü kim verib, hardan alıblar? Seyid adı daşımaq o demək deyil ki, başqaları sənə sitayiş etməli, yaxud da maddi dolanışığın sorğu-sualsız təmin olunmalıdı.
Quranda deyilir: "Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdı (pis əməllərdən ən çox çəkinəndi). Həqiqətən Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" (Hüsurat surəsi, ayə 13). Bu, o deməkdir ki, kimin hansı nəsildən olmasının heç bir əhəmiyyəti yoxdu. Üstünlük ancaq Allahin söylədiklərinə əməl etməyə bağlıdır. Məhəmməd peyğəmbər öz vida xütbəsi ilə bunu sübut edib: "Ey insanlar! Rəbbiniz birdir. Atanız birdir. Hər biriniz Adəmdənsiniz. Adəm də torpaqdandır. Allahın yanında ən üstün olanınız təqvası ən çox olandır".
Sirr deyil ki, bu gün Azərbaycanda seyid adını daşıyan bəzi adamlar var ki, məhərrəmlikdə xüsusi canfəşanlıq edirlər. Əllərində ələm ( bu da nə olan şeydi şəxsən mən anlamıram - Z.N.) tutaraq kənd-kənd, el-el gəzib pul yığırlar. Belələrinin hüquq-mühafizə orqanları tərəfindən tutulması kimi faktlar var, amma yenə də kimsəyə dərs olmur. Ona görə də insanlar arasında yarızarafat, yarırişxənd belə ifadə işlədilir: "Bu, saxta seyiddi, bu da legitim seyiddi".
Mən əsil İslamin nə olduğunu öyrənməyə, Quranı oxuyub ona əməl etməyə cəhd edən biriyəm. Hər zaman mövhumata, xurafata meyllənən insanlara izah etməyə çalışıram ki, cahillikdən və nadanlıqdan uzaq dursunlar. Əsasən də beyinlərə yeritməyə çalışıram ki, yalançı seyid ocaqlarına getməkdənsə, kitab evlərinə yollansınlar. Məncə Peyğəmbərin şəhəri olan Mədinədə, Məkkədə, ümumilikdə ərəb dünyasında özünü seyid adlandıran insan yoxdu. İnanmıram ki, Azərbaycandan Kəbə Evini ziyarətə gedən insanlar orada özünün peyğəmbər nəslindən olduğunu iddia edən biri ilə söhbətləşib dostlaşsınlar. Bu, mümkün deyil. O halda necə olur ki, Azərbaycan peyğəmbərin törəmələri ilə doludu?
Düşünməyə dəyər...