Gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil edildi
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
28 Mart 2018 15:39 Sosial2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və ölkə başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı Sərəncama uyğun olaraq, gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən səfərə Fondun "Tariximizi öyrənək və öyrədək", "Diplomatlar" klublarının üzvləri, təcrübəçı tələbələr, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin təmsilçiləri və yerli gənclər cəlb olunublar.
Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" devizi altında baş tutan səfərdə Memorial Kompleksin bələdçisi ziyarətçilərə məlumat verərək bildirib ki, 1918-ci ildə ermənilərin törətdiyi soyqırım faktı tarixdən bəlli olsa da, məzarlıq 2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən aşkar edilib. Qubada tapılan kütləvi məzarlığın ermənilərin 100 il əvvəl törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.
Ziyarətdən sonra Kompleksin Muzeyində "Azərbaycanlıların soyqırımı: tarix və bu gün" mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın "1918-ci il soyqırımı - tariximizin ibrət dərsləri", AMEA Tarix İnstitutunun dissertantı Rəxşəndə Bayramovanın "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Quba qəzasında törətdikləri soyqırım" mövzusunda mühazirələri dinlənilib.
Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayeva çıxış edərək, beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin tarixi dəhşətlərindən söz açıblar.