Azərbaycanda həyata keçirilən uğurlu islahatlar Dünya Bankı tərəfindən rəğbətlə qarşılanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonla görüş olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin məqsədyönlü islahatlar proqramının ölkəmizdə iqtisadiyyatın uğurlu şaxələndirilməsi əsasında inkişaf tempinin davam etməsinə şərait yaratdığını vurğulayıb.
7 Fevral 2018 14:58 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonla görüş olub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin məqsədyönlü islahatlar proqramının ölkəmizdə iqtisadiyyatın uğurlu şaxələndirilməsi əsasında inkişaf tempinin davam etməsinə şərait yaratdığını vurğulayıb. Əlavə edib ki, cari ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlandığını qeyd edən nazir bu sistemin aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluğun təmin olunması tədbirlərinin, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının xeyli genişlənməsinə imkan verdiyini bildirib: "Ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələr həm əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsinə əsasən təkmilləşdirilməsi və bu sahə üzrə institisional potensialın artırılmasında, həm də kadr hazırlığının səmərəliliyinin artırılması üçün peşə standartlarının hazırlanmasında xüsusi önəm kəsb edib. Hesab edirik ki, Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da əməkdaşlığın davam etməsinə və yeni istiqamətlər, eləcə də yeni iş yerlərinin açılmasını, əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinə yönələn layihələr üzrə genişlənməsinə imkan verəcək". Görüşdə S.Müslümov BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sahəsində respublikada aparılan işlər barədə də məlumat verib. Xanım M.Tembon ölkəmizdə iqtisadi sahədə uğurlarla bərabər, insan kapitalının inkişafı, sosial rifah səviyyəsinin yaxşılaşdırılması, əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması yönündə əhəmiyyətli irəliləyişlərə nail olunmasının, həyata keçirilən uğurlu islahatların Dünya Bankı tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Görüşdə Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, İş Yerlərinin Diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi üzrə planlaşdırılan fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığının gələcək istiqamətləri müzakirə olunub.