Regional proqramlar yerlərdə uğurla icra edilib
Müstəqil Azərbaycan Respublikasının inkişaf etməsi, çiçəklənməsi, bir sıra sahələrdə uğurlara, nailiyyətlərə imza atmasında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi çəkisi və yeri var. 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən bu proqramlar bütövlükdə Azərbaycanın simasını müsbətə doğru dəyişib desək yanılmarıq.
2 Fevral 2018 18:30 SosialMüstəqil Azərbaycan Respublikasının inkişaf etməsi, çiçəklənməsi, bir sıra sahələrdə uğurlara, nailiyyətlərə imza atmasında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi çəkisi və yeri var. 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən bu proqramlar bütövlükdə Azərbaycanın simasını müsbətə doğru dəyişib desək yanılmarıq. Dövlət Proqramının icrasına başlanıldığı və uğurla icra edildiyi ötən 14 il ərzində ölkədə başdan-başa quruculuq-abadlıq işləri həyata keçirilib, infrastruktur yaradılıb. Məlumat üçün qeyd edək ki, 14 il ərzində Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul edilib. Bu proqramların hər biri uğurla icra edilərək öz müsbət nəticələrini verib. Artıq bu günlərdə Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramı da sona çatdı və bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına dair konfrans keçirildi. Yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev çıxışı zamanı əldə olunan uğurlardan, genişmiqyaslı sosial-infrastruktur layihələrindən danışarkən yol infrastrukturunun yenidən qurulmasının önəmini xüsusi olaraq qeyd edib və bildirib ki, 2018-ci ildə 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkilməlidir. Çünki vətəndaşların rahat gediş-gəlişi, həmçinin sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı birbaşa olaraq həmin ərazilərdə yol örtüyünün keyfiyyətindən asılıdır.
Fevralın 2-də isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan iclas keçirilib. İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. Saleh Məmmədov yol infrastrukturunun yenidən qurulmasını regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramlarında yer alan infrastruktur layihələri sırasında xüsusi olaraq qeyd olunduğunu və Prezident İlham Əliyevin regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı keçirdiyi bütün konfranslarda çıxışı zamanı bunun önəmini xüsusi olaraq vurğuladığını qeyd edib. İdarə Heyətinin sədri ölkə başçısının konfransdakı çıxışında son 14 il ərzində 12 min 300 km yol çəkildıyini, bu il bu rəqəmin təqribən 15 min km-ə çatacağını, bu çərçivədə bu il 2300 km avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yollarının çəkiləcəyini qeyd etdiyini deyib. Təbii ki, bütün bunlar avtomobil yolları işçiləri qarşısında əlavə məsuliyyət, işini daha mükəmməl və peşakarlıqla yerinə yetirməsi deməkdir.
İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən, artıq respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda genişmiqyaslı yenidənqurma işlərinə start verildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclas zamanı 2018-ci il prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən prezident İlham Əliyevin namizədliyinin irəli sürüldüyü qeyd olunub. Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün kollektivinin dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışladığını, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib. İclasın sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısının konfransdakı çıxışından irəli gələn məsələlərlə bağlı aidiyəti idarə və şöbələrin rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verdi.
Ümumiyyətlə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətindəki fəaliyyətinə nəzər yetirdikdə bu fəaliyyətin qənaətbəxş olduğunu görə bilirik. Elə üçüncü Dövlət Proqramının icrasının yekun günləri ərəfəsində də Avtomobil Yolları Dövlət Agentliyi yerlərdə proqram çərçivəsində mühüm tədbirlər həyata keçirir, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər görür. Belə ki, Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yol ötürücüləri tikilib və ya əsaslı şəkidlə bərpa olunub. Hal-hazırda da bu çərçivədə işlər yüksək keyfiyətlə davam etdirilir. Yenidənqurma işlərinin davam edərək yekunlaşdığı yollardan biri də Qax-Zaqatala yoludur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respiblika əhəmiyyətli R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin artıq əsaslı şəkildə yenidən qurulması yekunlaşır, yol boyu son tamamlanma işləri görülür. Layihənin başlanğıcı R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri (Qax şəhərinin girişi), sonu isə M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Yolun ümumi uzunluğu 29,8 km təşkil edir. Qax-Zaqatala yolu 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. 2 hərəkət zolaqlı olan və hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni isə 2.5 m olmaqla yolun ümumi eni 12 m təşkil edir. Tikinti layihəsinə əsasən yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi işləri yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yola 3 laydan ibarət (10+7+5sm) yeni asfalt-beton örtük döşənib. Yol üzərində düz bucaqlı və dairəvi en kəsikli 52 ədəd suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə en kəsiyi 2,5 x 4 m olan mal-heyvan keçidi tikilib. Layihə çərçivəsində Qum çayı üzərində uzunluğu 23.2 m və Süzgənc çay üzərində uzunluğu 46 m olan dəmir-beton körpülər inşa edilib, Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı şəkildə bərpa və bərkitmə işləri aparılıb. Hazırda yol boyu yaşayış məntəqələri hüdudlarında uzunluğu 5940 m iki tərəfli və 1900 m uzunluğunda bir tərəfli piyada səkilərinin və 16 yerdə avtobus dayanacaqlarının tikintisi, çiyin hissələrin hamarlanması işləri aparılır. Yolun hərəkət hissəsinin yağlı boya ilə xətlənməsi, məlumatverici və göstərici nişanların quraşdırılması isə yaxın müddət ərzində aparılaraq yekunlaşdırılacaq. Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, yol əhatə dairəsinə xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Dövlət Proqramı çərçivəsində Şəkidə 50.9 km-lik xüsusi əhəmiyyətə malik avtomobil yolu da yenidən qurulur. Sözügedən yolun 21 km-I respublika əhəmiyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulacaq. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2.5 metr olmaqla ümumi eni 12 metr təşkil edəcək. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29.9 km-lik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burda yolun hərəkət hissəsi 7 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir. Hazırda yol boyu layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və asfaltlanma işləri aparılacaq. Ümumilikdə yolun 300 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Tikinti layihəsinə uyğun olaraq yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənəcək, züruri olan yerlərdə yeniləri inşa ediləcək. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dmir boruların quraşdırılması, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri planlaşdırılır. Layihə işləri texnoloji ardıcıllıqla və yüksək keyfiyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün lazımi sayda qüvvə əraziyə cəlb olunub. Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlar arası məsafə dəfələrlə qısaldılmış olacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Qeyd edək ki, Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir