ƏƏSMN-də regionların sosial-iqtisadi ikişafı ilə bağlı müşavirə keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib.
6 Fevral 2018 14:02 SosialAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində ölkəmizin regionlarında sürətli sosial-iqtisadi inkişafın təmin ediləcəyi ilə bağlı bəyan etdiyi vədlər ötən dövrdə bölgələrimizdə dinamik inkişafın təmin edilməsində öz əməli təsdiqini tapıb. S.Müslümov qeyd edib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi bölgələrdə əmək resurslarının məşğulluğunun əhəmiyyətli şəkildə artırılmasında önəmli rol oynayıb. Eyni zamanda, nazirlik tərəfindən respublikanın bütün regionlarını əhatə edən aktiv məşğulluq tədbirləri, o cümlədən bütün rayon və şəhərlərdə əmək yarmarkaları təşkil edilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının da 84 faizi regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir. Nazir diqqətə çatdırıb ki, ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan çoxsaylı fərdi və çoxmənzilli yaşayış binalarının böyük əksəriyyəti bölgələrin payına düşür.