İntiharların şok statistikası: hər 3 gündə 4 nəfər…
Hər 3 gündə 4 nəfər intihar edir, onlardan 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərdən 1-i qadın, hər 10 nəfərdən 1-i isə uşaqdır.
2 Fevral 2018 13:05 SosialHər 3 gündə 4 nəfər intihar edir, onlardan 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərdən 1-i qadın, hər 10 nəfərdən 1-i isə uşaqdır.

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu son dövlər intihar halları ilə bağlı statistika barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, rəqəmlər göstərir ki, ötən il intiharlar 2016-cı ilə nisbətən 34 faiz artıb: "Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə istinadən dərc olunan rəsmi məlumata görə, ötən il 495 nəfər, 2016-cı ildə isə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib. Bu o deməkdir ki, 2016-cı ildə hər 10 gündə orta hesabla 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə orta hesabla 4 nəfər özünə ölümlə nəticələnən qəsd edib".
Q.İbadoğlu bildirib ki, burada diqqəti 3 məqama cəlb etmək lazımdır: "Birincisi, ölümlə nəticələnən özünəqəsdlərin statistikasının trend təhlili göstərir ki, intihar hadisələrinin dinamikası pozitivdir, yəni ildən-ilə artır. Belə ki, özünəqəsd zamanı ölüm əmsalı 2016-cı ildə gündə 0,89, ötən il və cari ildə isə 1,35 olub. Beləliklə də intiharlar 2017-ci ildə 2016-cı illə müqayisədə 34 faiz artıb.
İkincisi, ölümlə nəticələnən özünəqəsdlərin statistikasının struktur təhlili göstərir ki, intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır. Belə ki, ötən ay bu səbəbdən dünyasını dəyişənlərin 59 faizinin yaşı 40-dan az olub. Ötən ay intihar edənlərin hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə uşaq olub".
Ekspert əlavə edib ki, bu artım dinamikasına baxmayaraq, hələ də cəmiyyətin və rəsmi qurumların müşahidəçi mövqeyini saxlaması arzulanan deyil. Axar.az