Xaricdə mədəniyyət axtaran daxili mədəniyyətsizlər

Bəşər yaranandan xalqlar bir-birindən çox sahələrdə fərqləniblər. Bu fərqlilik tarix boyu onları müşaiyət edərək  hər millətin  “boyuna, çəkisinə və yerinə” görə qəlibə salınıb. “Avropa mədəniyyəti”, “Şərq mədəniyyəti” adı etalon kimi  götürülüb, eləcə də “qərbli”, “şərqli” anlayişları xüsusi əhəmiyyət kəsb edib.

Bəşər yaranandan xalqlar bir-birindən çox sahələrdə fərqləniblər. Bu fərqlilik tarix boyu onları müşaiyət edərək  hər millətin  "boyuna, çəkisinə və yerinə" görə qəlibə salınıb. "Avropa mədəniyyəti", "Şərq mədəniyyəti" adı etalon kimi  götürülüb, eləcə də "qərbli", "şərqli" anlayişları xüsusi əhəmiyyət kəsb edib.

Yüz illər boyu bu anlayışları özündə saxlayan  qəlibin içində formalaşan mədəniyyətlər bu gün özünü daha fərqli rakursdan göstərməyə başlayıb. Nə yazıq ki, bu fərqi anlamayan, kor-korana onu təqlid edənlər arasında azərbaycanlılar da var. "Avropa mədəniyyəti"nə vurğun olan həmin insanlar ona aludə olmaqdan  fəxr duyurlar. Guya ki, qərb mədəniyyətini özündə əks etdirən avropalının üstünlükləri  çoxdu, şərq mədəniyyəti geridə qalıb, özündə heç bir qloballaşmanı əks etdirmir, şərqli insanlar tərəqqi edə bilmirlər, bu ərazidə yerləşən dövlətlər inkişafda ləngdirlər və s.

70 illlik sovetlər zamanında  ən uzaq getdikləri yer Moskva olan  xeyli soydaşımız var idi. Rus dilində mükəmməl danışa bilənlər də var idi, bilməyənlər də.  Azərbaycanı, ana dilini bəyənmirdilər,  çox hallarda öz millətinə rişxənd edir, kökünü, südünü unudurdular.  Belələri təkcə Rusiyaya gedib-gələnlər, orda yaşayanlar deyildi. Bu cür  "qınından çıxıb qınını bəyənməyənlər" paytaxtda, rayonda, lap elə ucqar kəndlərdən də boy  göstəriridilər. Onda rus dilinin ikinci ana dili olması imperiyanın tələbi idi.  Amma heç bir rus istəmirdi ki, onun dilində ondan yaxşı danışasan, onun mədəniyyətini ondan üstün qavrayasan.

Dünya dəyişdi, sovetlər  parçalandı,  xalqlar azadlığa çıxdı, millətlər müstəqilliklərini qazandılar. Amma bizimkilər dəyişmədilər ki, dəyişmədilər. "Bizimkilər" deyəndə  millətinə yuxarıdan aşağı baxan, dilini, dinini, mədəniyyətini aşağılayan, özünü hamıdan ağıllı, savadlı sayan, dünyagörüşünün  başqalarından çox olduğunu hesab edən azərbaycanlıları  nəzərdə tuturam. Çoxdu beləsi, onlarla hər gün, hər saat, hər həftə rastlaşırıq, görüşürük, danışırıq. Bu adamlar nədən avropanın ətəyindən yapışıblar? Şərq mədəniyyətini, Azərbaycanın milli dəyərlərini niyə bəyənmirlər?

Şərq mədəniyyəti dünyaya meydan oxuyanda, türk əxlaqı dünya sivilizasiyasına hökmranlıq edəndə  qərb hələ yeni-yeni formalaşmağa başlayırdı. Şərq elmi və  mədəniyyəti, iqtisadiyyatı və siyasəti şərqin özü boyda olanda  qərb ona tərəf boylanıb nəyisə öyrənməyə  cəhd edirdi. Şərq mədəniyyəti formalaşanda qərb həmin mədəniyyətin  mahiyyətini anlamağa çalışırdı. Şərq  musiqisi, rəssamlığı, ədəbiyyatı doğan günəşin zərrin  şəfəqləri altında dünya sivilizasiyasının üst  qatında yer tutanda, coğrafi şəraiti sərt olan qərbdə  günəşin istisi hiss olunmurdu. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri xüsusi harmoniya və ahəng  qanunu ilə meydana gələndə qərb bunlardan  xəbərsiz idi. Zaman-zaman şərqin bir  qüdrəti olub  ki, qərb bu qüdrətin kölgəsində qalıb. Tarix boyu qərb  nəhəng şərqə qısqanclıqla yanaşıb. İndi də belədi və bu hər gün  aşkar şəkildə görünür. Əsrlər boyu Şərq mədəniyyəti, əxlaqı və  dünyagörüşü bəşəriyyətin aparıcı qüvvəsi olub.

Bütün bu sadaladıqlarım MƏDƏNİYYƏTdi, ƏXLAQdı. Şərqin bir parçası olan gözəlim məmləkətim - Azərbaycanım da  bu mədəniyyəti, bu əxlaqı min illərdi özündə daşıyır. Bunları  görməyənlər, yaxud da görmək istəməyənlər əslində mədəniyyətin, əxlaqın nə olduğunu  bilmirlər. Elə bilirlər ki, mədəniyyət ən son dəbdə geyinmək, bir-iki xarici dil bilmək və bir-iki ölkəyə gedib alver etməkdir. Elə bilirlər ki,  əxlaq hansisa bir avropalının davranışını götürmək, yerişini yeriməkdi. Mədəniyyət çox böyük sərvətdi, çox gözəl bilikləri özündə toplayan  vərdişdi, tərbiyədi, mənəvi sərvətdi. 

Azərbaycanlılar  tarix boyu by sərvəti özlərindən sonrakı nəslə ötürməyə çalışıblar. Amma nə yazıqlar ki, bu gün onu özünə "ağır yük" hesab edənlər avropanın  üzdə olan yüngül əxlaqını daşımağa üstünlük verirlər. "Avropa mədəniyyəti"ni əlində bayraq edənlər sıradan adi insanlar olsa nə var ki?! Bunun ağrılı tərəfi odur ki, bəzi  ziyalılar "Avropa... Avropa" deyərək bağırırlar.  "Vəhşi şərq", "vəhşi müsəlman" ideyaları ilə silahlanıb qərbin ucuz dəyərlərini gənclərə, yeniyetmələrə sırımağa  cəhd edirlər. Doğulduğu torpağın, havasını udub, suyunu içdiyi vətənin mənəvi dəyərlərinə, milli ənənələrinə, tarixi  köklərinə yuxarıdan aşağı baxırlar.

Avropa ölkələrində təhsil alanları, yaxud  işləyənləri müəyyən bir məqamda anlamaq olar. Bəlkə orda hansısa  üstün dəyərləri görüb Azərbaycanda da olmasının tərəfdarı qismində danışırlar. Amma Biləcəridən o yana getməyənlərin " hər şey Avropada gözəldi, burda  əxlaq, mədəniyyət  yoxdu, insanlar tərbiyəsizdi" deməsini anlamaq çox çətindi.  Hansısa bir neqativ hərəkəti görən kimi əks fikir bildirir, xarici ölkələrə istinad edirlər ki, məsələn, Avropada, Amerikada, lap elə Rusiyada, Ukraynada hər şey gözəldi, insanlıq ucada, əxlaq yüksək səviyyədə, etik çərçivə yerindədi.

Dünyanın hər yerində hər  gün qanlı cinayətlər baş verir, yüzlərlə insan qatil olur. Heç bir dövlət  bu cür neqativ hallardan sığortalanmayıb. O da ki, ola dünyanın bu günkü qarmaqarışıq bir çağında - istər avropalı, istərsə də azərbaycanlı olsun -  xislətində   cinayətə, əxlaqdan kənar hərəkətə meyl varsa bu, bir gün özünü bir şəkildə  büruzə verəcək. Əgər bu gün Azərbaycanda ailə münaqişələri baş verirsə, Avropada, Amerikada, qərbdə də eyni hal təkrarlanır. Avropada da qəddarlıq, quldurluq var, müsəlman dövlətlərində də baş verir. Avropada da qızları zorlayirlar, şərqdə də azyaşlıları ərə verirlər. 

"Qərb daha mədənidi" deməklə qərbli olmaq olmaz. Avropalını yamsılamaqla nəyəsə nail olmaq mümkün deyil. Əksinə bu, təhlükəlidi, səhv yoldu. Soyuqqanlı avropalı nə zamandan istiqanlı, romantik ruhlu, qəlbi sevgi ilə dolu olan azərbaycanlıdan  üstün olub? Azərbaycanlının insani keyfiyyəti Şərq ruhundan doğur. Qərbli isə xristian dəyərlərinə söykənir. Müsəlmana əxlaqsız, mədəniyyətsiz deyən dar çərçivəlilər xristian dünyasının  dayaz ruhunu görmürlərmi?

Azərbaycan ziyalısının  borcu, daha doğrusu, missiyası öz millətinin, xalqının mədəni potensialını qorumaq, mənəvi dəyərlərini ucada tutmaqdı. Amma "ağzının kəndiri boş olanlara" dəstək vermək çox böyük mədəniyyətsizlikdi. Bilmək lazımdır ki, belə  mədəniyyətsizlik Azərbaycan bir yana, heç  Avropada da qəbul olunmur. Avropa mədəniyyətindən, qərb əxlaqından  dəm vuranlar bilməlidirlər ki, Azərbaycan və azərbaycanlılar unikal bir mədəniyyətə  malikdirlər. Bu torpaq yüz illərlə,  min illərlə şərq, qərb, yəhudi, xristian, zərdüştlük, islam mədəniyyətlərini birləşdirərək inkişaf modelini yaradıb. Bu, təkcə fərqli model deyil, həm də çox böyük xəzinədi, bitib-tükənməyən sərvətdi. Bu xəzinəni qorumaq lazımdı, mədəni sərvətimizi beş-on adamın avropa  heyranlığına, qərb sevgisinə qurban vermək olmaz.

Xaricdə mədəniyyət axtaran daxili mədəniyyətsizlərin yolunu kəsmək lazımdı.

Züleyxa NADİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31