Gənclər Günü ilə bağlı tədbir
Azərbaycan Dillər Universitetində 2 fevral-Gənclər Gününə həsr olunan “İlin Ənləri” adlı tədbir keçirilib. Tədbirdə 2 fevral-Gənclər Günü haqqında ətraflı məlumat verilib. Daha sonra universitetdə sosial-ictimai fəaliyyətlərinə, o cümlədən təhsildə göstərdikləri nailiyyətlərə görə fərqlənən tələbələr 17 nominasiya üzrə universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın imzası ilə təsdiq olunmuş plaketlərlə mükafatlandırılıb.
31 Yanvar 2018 22:10 SosialAzərbaycan Dillər Universitetində 2 fevral-Gənclər Gününə həsr olunan "İlin Ənləri" adlı tədbir keçirilib. Tədbirdə 2 fevral-Gənclər Günü haqqında ətraflı məlumat verilib. Daha sonra universitetdə sosial-ictimai fəaliyyətlərinə, o cümlədən təhsildə göstərdikləri nailiyyətlərə görə fərqlənən tələbələr 17 nominasiya üzrə universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın imzası ilə təsdiq olunmuş plaketlərlə mükafatlandırılıb.
Universitetin tələbələri Nicat Aşurov, Günay Səmədli və Elşən Qəhrəmanov Gənclər Gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışıblar.
ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov 2 fevral-Gənclər Gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib.
Universitetin Filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli gəncləri gələcəyimizin təmsilçiləri kimi qiymətləndirib və onlara təbrikini çatdırıb. Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov 2 fevral-Gənclər Günü münasibəti ilə tələbələri təbrik edib.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Tədbirdə tələbələrin ifasında müxtəlif musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.