Alimlər əsgər və alqı-satqı sözünün necə yazılması ilə bağlı YEKUN QƏRARI VERDİ

"Ötən gün AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin sədrliyi ilə Orfoqrafiya Komissiyasının iclası keçirildi. 3 saata yaxın davam edən görüş olduqca faydalı oldu". Bu barədə AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədov məlumat verib. Ş.Məmmədov "Layihə" ilə bağlı KİV-də gedən yazılara - irad və təkliflərə son dərəcə hörmət və təmkinlə yanaşıldığını bildirib:

"Orfoqrafiya Komissiyası bu fikirdədir ki, layihə ilə bağlı ən kəskin fikirlər belə Azərbaycançılıq və vətənsevərlik duyğusundan qaynaqlanır. Yazılardan o da məlum olur ki, irad bildirənlərin bir çoxu dillə dilçilik elmini eyniləşdirirlər, hətta "dilimiz dəyişdirilir" şüarı ilə çıxış edirlər. Ancaq layihədə dil məsələsi müzakirə olunmur. Dilimiz son dərəcə mükəmməldir. Söhbət Orfoqrafiya qaydalarından, onun təsbitindən gedir. Orfoqrafiya dilin deyil, dilçilik elminin problemidir və bu sahə ilə dilçilər məşğul olurlar. Orfoqrafiya qaydaları ilə bağlı belə bir layihə ilk dəfədir ki, cəmiyyətin müzakirəsinə verilib. Bu tarixi hadisəni düzgün dəyərləndirmək isə hər kəsin borcudur".

Ş.Məmmədov onu da əlavə edib ki, dil inkişaf etdikcə bəzi qaydaların yenilənməsi zərurəti yaranır:

"Akademik İsa Həbibbəylinin təbirincə desək, bu layihə kiminsə elmi-tədiqiqt işi deyil ki, istədiyi maddələri daxil etsin və onu müdafiə etsin. Layihə ilə bağlı təkliflər ayrı-ayrı dilçilərə məxsusdur. Bunlar ümumiləşdirilərək müzakirəyə təqdim edilib. Bir daha diqqətinizə çatdırırıq ki, Layihənin mükəmməlliyi sağlam ictimai müzakirə və onun nəticəsindən asılıdır. "Qərar yuxarıdan gəlib, irad və təkliflərimiz nəzərə alınmayacaq" kimi təbliğatların heç bir əsası yoxdur. Orfoqrafiya müqəddəs kitabımızdır, əsassız fikirlərə, ittihamlara fikir vermədən məhz Sizlərin köməyi və dəstəyi ilə bu işi vicdanla yerinə yetirəcəyik. İşçi qrupu ayrı-ayrı maddələrə aid KİV-də gedən fikirləri ümumiləşdirdikdən sonra nəticələri elan edəcək. Komissiya ictimai müzakirələrə o qədər həssaslıqla yanaşır ki, hətta mənim qızğın şəkildə dəstəklədiyim təklif (22-ci maddə) böyük ehtimalla qəbul olunmayacaq. Ötən gün keçirilən müzakirədə "əsgər, yoxsa əskər yazılsın?" sualına 6 nəfər lehinə, yəni əskər kimi, 14 nəfər əleyhinə, yəni əsgərə səs verdi. "Alğı-satqı, yoxsa alqı-satqı yazılsın?" seçiminə gəldikdə, 8 nəfər lehinə, yəni ikinciyə, 5 nəfər əleyhinə, yəni birinci təklifə "hə" dedi". Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31