Respublika fənn olimpiadalarına start verilir

Yanvarın 30-da Təhsil Nazirliyində məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinq keçirilib. “OLAYLAR”-a nazirlikdən bildirilib ki, brifinqdə olimpiadanın birinci – rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcəyi barədə məlumat verilib.

Yanvarın 30-da Təhsil Nazirliyində məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinq keçirilib. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, brifinqdə olimpiadanın birinci - rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcəyi barədə məlumat verilib. Bildirilib ki, istedadlı uşaqların aşkar edilməsi, şagirdlərin fənlərə olan marağının artırılması, onların həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından böyük rolu olan Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır. Belə ki, bu il Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə 33 112 şagirdin iştirakı ilə əlaqədar yerlərdən müraciətlər daxil olub. Bu mərhələdə Bakı şəhərindən 6326 şagird, Naxçıvan MR-dan isə 652 şagird iştirak edəcək. Olimpiadaya ən çox şagird - 7387 nəfər Azərbaycan dili və ədəbiyyat fənnindən, 7311 nəfər riyaziyyat fənnindən, ən az şagird isə 721 şagird olmaqla informatika fənnindən qatılacaq.

Olimpiadada 12 022 nəfər 9-cu sinif şagirdi iştirak edəcək ki, onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri də var. İştirakçılardan 11 195 nəfər 10-cu, 9895 nəfər isə 11-ci sinif şagirdləridir. Şagirdlərdən 31 326 nəfəri Azərbaycan, 1786 nəfər isə rus bölməsində təhsil alır.

Üç mərhələdən ibarət olacaq olimpiadanın final mərhələsinə hər fəndən ən yaxşı 60 şagird iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31